Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri şəxsi kabinetlərinə yerləşdirilib.
Müsahibə mərhələsində iştirak edənlərdən biri də Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin İnformatika müəllimi Aysel Ramazanova Xəlilovadır.
Aysel müəllim təəssüratlarını AzEdu.az-a bölüşüb:

“Sertifikasiya imtahanı mənim üçün biliklərimi yoxlamaq və özümü peşəkar baxımdan qiymətləndirmək üçün yaxşı təcrübə oldu. Hazırlığa əsasən mart ayından başlamışdım. DİM-in vəsaitlərindən, test bankından və məktəb dərsliklərindən istifadə edirdim. Əsas diqqətimi yeni tipli tapşırıqlara, xüsusilə proqramlaşdırma mövzusuna yönəltmişdim.
Metodika sualları məni bir qədər çaşdırsa da, imtahan gözlədiyimdən asan oldu və vaxtım kifayət etdi. Hədəfim 60 bal idi, 57 bal topladım. Həyəcan səbəbindən bəzi nüansları diqqətdən qaçırdığımı düşünürəm, amma ümumilikdə nəticəmdən razıyam.
Müsahibə mərhələsi mənim üçün ümumilikdə rahat keçdi. Suallar əsasən dərsin planlaşdırılması, pedaqoji situasiyalar, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı idi. Məsələn, təlim nəticələrini, təlim formalarını, üsullarını və qiymətləndirmə meyarlarını müəyyənləşdirmək, dərsi pozan şagirdə yanaşmaq, eləcə də şagirdlərdə yuxarı təfəkkür bacarıqlarını formalaşdırmaqla bağlı suallar verildi.
Məncə, bu suallar müəllimin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını qiymətləndirməyə yönəlib.
Müsahibəyə xüsusi və sistemli şəkildə hazırlaşmamışdım. Əsasən özümü təqdim etməyə, pedaqoji fəaliyyətim və nailiyyətlərim haqqında fikirlərimi formalaşdırmağa diqqət yetirmişdim. Həmçinin müsahibədə iştirak etmiş tanıdığım müəllimlərdən hansı sualların verildiyini öyrənmişdim. Düşünürəm ki, müsahibəyə hazırlıq yalnız cavabları əzbərləmək deyil, pedaqoji bilikləri anlamaq və onları praktikada tətbiq edə bilməkdir.
Məni xüsusi düşündürən və ya gözləmədiyim sual olmadı. Suallar əsasən müəllimin gündəlik fəaliyyətində qarşılaşa biləcəyi situasiyalarla bağlı idi. Məncə, bu yanaşma məqsədəuyğundur, çünki müəllim yalnız nəzəri biliklərə deyil, düzgün qərarvermə bacarığına da sahib olmalıdır. Sadəcə, özümü qısa təqdim etməyim tələb olunduğu üçün fəaliyyətim haqqında fikirlərimi yığcam ifadə etməli oldum.
Düşünürəm ki, əsas üç istiqamət texnoloji savadlılıq, pedaqoji bacarıqlar və davamlı özünüinkişafdır. Müəllim yeni texnologiyaları izləməli, onlardan məqsədyönlü istifadə etməli və biliklərini şagirdlərin səviyyəsinə uyğun çatdırmağı bacarmalıdır. İnformatika daim yeniləndiyi üçün müəllimin özü də öyrənməyə davam etməli, şagirdlərdə müstəqil və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməlidir”.
Gənc müəllimlərin texnologiyaya daha yaxın olması və yeni metodlara açıq yanaşması əsas səbəblərdəndir:
“Sosial media və onlayn resurslardan istifadə müəllimlərə həm öz biliklərini artırmağa, həm də dərsləri daha maraqlı qurmağa imkan verir. MİQ və sertifikasiya kimi imtahanlar da müəllimləri daim öyrənməyə sövq edir. Bununla belə, uğurun əsas şərti yaş deyil, özünüinkişafa və yeniliklərə açıq olmaqdır.
Məncə, təlim üsulu mövzuya və şagirdlərin səviyyəsinə uyğun seçilməlidir. Öz dərslərimdə qısa rollu oyunlardan, sual-cavabdan, qrup işindən və Kahoot kimi oyunlaşdırma platformalarından istifadə edirəm. Proqramlaşdırma və layihələr şagirdlərə öz ideyalarını reallaşdırmaq, yaradıcı düşünmək və praktik nəticə əldə etmək imkanı verir. Şagird öyrəndiklərini tətbiq etdikdə onun fənnə marağı da artır.
Süni intellekt müəllimin işini asanlaşdırmaqla yanaşı, şagirdlərə texnologiyadan düzgün və məsuliyyətli istifadə etməyi öyrətmək zərurəti yaradır. Mən dərslərimdə süni intellektdən əlavə tapşırıqlar hazırlamaq, ideyalar seçmək və vizual materiallar yaratmaq üçün istifadə edirəm. Həmçinin Kahoot, Scratch və Canva kimi platformalardan yararlanıram”.
Şagirdlərimin də süni intellektdən istifadə vərdişlərində müsbət dəyişiklik müşahidə etmişəm:
“Əvvəllər bəziləri hazır məlumatları köçürürdülər, indi isə süni intellektdən yeni biliklər əldə etmək üçün istifadə etməyə daha çox yönəlirlər. Əsas məqsədim onlarda müstəqil düşünmə və məlumatı qiymətləndirmə bacarıqlarını inkişaf etdirməkdir.
Həmkarlarıma informatikanı sadəcə test həll etməklə öyrənməməyi, mövzuların məntiqini anlamağı və praktik tapşırıqlara daha çox diqqət yetirməyi tövsiyə edərdim. İnformatikaya yalnız imtahanda yoxlanılan fənn kimi deyil, daim inkişaf edən, yenilənən və məntiqi düşünmə tələb edən geniş bir sahə kimi yanaşmaq lazımdır.
İmtahan zamanı sualları diqqətlə oxumaq, nüanslara fikir vermək və həyəcanı idarə etmək də vacibdir. Ən əsası, hazırlıq prosesini yalnız imtahandan keçmək üçün deyil, peşəkar inkişaf üçün bir fürsət kimi görmək lazımdır”.
Yusif Əliyev adına 195 nömrəli tam orta ümumtəhsil məktəbdə İnformatika müəllimi Cəmil Xəlilzadə qeyd edib ki, imtahan həm məsuliyyətli, həm də inkişaf baxımından əhəmiyyətli bir təcrübə olub:

“Hazırlıq zamanı mövzuları dərindən anlamağa, xüsusilə yeni tipli və praktik tapşırıqların həllinə diqqət yetirdim. Bu proses mənə bir daha göstərdi ki, müəllim daim öyrənməli və öz biliklərini yeniləməlidir.
Müsahibə mənim üçün ümumilikdə yaxşı keçdi. Suallar əsasən özünü təqdimetmə, dərsin təşkili, qiymətləndirmə, pedaqoji situasiyalar və müəllim-şagird münasibətləri ilə bağlı idi. Suallar gündəlik pedaqoji fəaliyyətimlə əlaqəli olduğundan fikirlərimi bölüşə bildim.
Müsahibəyə xüsusi hazırlaşmamışdım. Əsasən özümü təqdim etmək üzərində düşündüm və təcrübəli müəllimlərin fikirlərindən yararlandım. Hesab edirəm ki, gündəlik dərs təcrübəsini təhlil etmək və verdiyimiz qərarların səbəbini anlamaq da müsahibəyə hazırlığın vacib hissəsidir”.
Suallar əsasən gündəlik fəaliyyətimlə bağlı olsa da, bəziləri situasiyaya fərqli yanaşmağı tələb edirdi:
“Məncə, suallar müəllimin yalnız nəzəri biliklərini deyil, həm də bu bilikləri real təlim vəziyyətlərində tətbiq etmək bacarığını üzə çıxarmalıdır.
Müasir informatika müəllimi texnoloji savadlılığa, pedaqoji bacarıqlara və davamlı öyrənmək istəyinə sahib olmalıdır. Əsas məsələ texnologiyadan çox istifadə etmək deyil, ondan şagirdin öyrənməsinə fayda verəcək şəkildə yararlanmaqdır.
Son illərdə gənc müəllimlərin informatika fənnində daha uğurlu nəticələr göstərməsinin əsas səbəblərindən biri onların yeniliklərə və texnologiyalara açıq olmasıdır. Amma uğurun əsas şərti yaş deyil, müəllimin öz üzərində işləməsi, təcrübəsini artırması və öyrənməyə davam etməsidir.
Düşünürəm ki, şagird dərsdə yalnız dinləyən deyil, fəal iştirak edən tərəf olmalıdır. Bunun üçün praktik tapşırıqlardan, qrup işindən, qısa oyunlardan və interaktiv vasitələrdən istifadə etmək olar. Xüsusilə şagirdin özünün nəsə yaratması onun marağını artırır.
Süni intellekt müəllimin işini asanlaşdırmaqla yanaşı, onun rolunu da genişləndirir. Mən süni intellektdən tapşırıqlar hazırlamaq, ideyalar seçmək və əyani materiallar yaratmaq üçün istifadə edirəm. Eyni zamanda, şagirdlərə süni intellektin verdiyi məlumatları yoxlamağı və texnologiyadan məsuliyyətlə istifadə etməyi öyrətməyi vacib hesab edirəm.
Məsləhətim odur ki, mövzuları mərhələli öyrənsinlər, mütəmadi testlər həll etsinlər və səhvlərini təhlil etsinlər. Çətinlik çəkdikləri mövzulara yenidən qayıtmaqdan çəkinməsinlər. Ən əsası isə imtahana qorxu ilə deyil, bilik və bacarıqlarını nümayiş etdirmək imkanı kimi yanaşsınlar”.
Qeyd edək ki, Aysel müəllim oktyabrın 7-də, Cəmil müəllim isə oktyabrın 9-da müsahibə mərhələsində iştirak edib.