Azedu.az

Direktorların sertifikasiyadan keçirilməsi niyə vacibdir? - SƏBƏBLƏR 

Sertifikasiya

25 Noyabr 2026, 09:12
Direktorların sertifikasiyadan keçirilməsi niyə vacibdir? - SƏBƏBLƏR 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi  2021-ci ildən etibarən keçirilir. Birinci beşillik mərhələdə (2021-2026) mövzu ilə bağlı sosial şəbəkələrdə, təhsil seqmentində ən çox müzakirə edilən və etirazlara səbəblənən məsələlərdən biri də  direktorların da müəllimlər kimi  sertifikatlaşdırmaya niyə cəlb olunmamasıdır.

Bir çox hallarda müəllimlər etiraz edərək, məktəb direktorlarının da  prosesə cəlb olunmasın vacibliyini irəli sürüblər. 

Buna nə dərəcədə ehtiyac var? Ümumiyyətlə, direktorların sertifikasiyaya cəlbi hansı real mənzərəni üzə çıxarmış olar?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "İlin gənc müəllimi", direktor Əlihüseyn Yaqubov qeyd edib ki, direktor və müavinlər üçün islahatlara çoxdan ehtiyac var:

"Sertifikasiya məsələsi ilə bağlı ilk  onu deyə bilərəm ki, bu proses Azərbaycan təhsilində böyük bir sıçrayış oldu. Belə ki, müəllimlərin akademik göstəriciləri baxımından ümumi mənzərə ortaya çıxdı. Artıq  akademik göstəriciləri və nəzəri bilikləri yüksək səviyyədə olanla, orta səviyyəli göstəricilərə malik  müəllimlərin nisbəti məlum oldu.  Yaxın gələcəkdə  təhsildə bunun uğurlu nəticələrini və müəyyən dəyişiklikləri görəcəyik. Beynəlxalq qiymətləndirmədə də Azərbaycanın builki nəticələri əvvəlki illərə nisbətən yaxşı oldu, orta göstəricilər artdı.

Direktor və müavinlərə gəldikdə isə bu sahədə islahata çoxdan ehtiyac var. Çünki müəllimin akademik göstəriciləri yüksəkdirsə, rəhbər şəxslərin də idarəetmə bacarıqları və digər göstəricilərinin səviyyəsi də onunla adekvat olmalıdır.  Bu, rəhbər şəxslərin ümumi prosesdən kənarda qalmaması və sistemin tarazlığının pozulmaması üçün lazımdır.  Düşünürəm ki,  xüsusilə də bu proses idarəetmə sahəsində və əmək qanunvericiliyi ilə bağlı xüsusi proqram üzrə təşkil olunarsa, indiki  akademik məzmundan daha faydalı olar. 

Çünki əksər rəhbər şəxslərin dərs saatı olduqca azdır: maksimum 6 -12 saat. Bir çox məktəblərdə isə ümumiyyətlə, dərs keçməyən direktorlar  var və onların müəllimlər kimi birbaşa və xüsusilə yalnız ixtisasdan imtahana cəlb olunması, məncə, doğru bir addım olmaz".

Xüsusilə maddi motivasiya baxımından sertifikasiya çox önəmlidir və rəhbər şəxslərin ayrıca maddi motivasiyaya ehtiyacı var:

"Özüm də rəhbər şəxs olduğum üçün deyim ki, sertifikasiyaya ümidimiz böyükdür. Çünki çoxluğun arasında  uzun müddətdir rəhbər vəzifədə işləyən, təcrübəsi çox olsa da,  işini yaxşı bilməyən, bu vəzifəyə uyğun olmayan insanlar da  yəqin ki, var. Sertifikasiya məhz bunu artıq üzə çıxaracaq; xüsusilə təhsil və əmək qanunvericiliyi ilə bağlı rəhbər şəxslərin bilik və bacarıqlarının real  mənzərəsinin  ortaya çıxarılmasına ehtiyac var.

Ən əsas və  gözlədiyim bir başqa məsələ isə budur:  özüm direktorların işə qəbulu müsabiqəsi  ilə  təyinat almışam və yüksək bal toplamışam, amma əsas gözləntimin biri rəhbər şəxslərin maddi motivasiyasının yüksəlməsidir. Xüsusilə burada sıçrayışa ehtiyac var, çünki zaman dəyişir və tələbat artır. Bundan başqa, bu sahədə və bu istiqamətdə artım, müəllimlərin və rəhbər şəxslərin ümumi nəzəri biliklərini ortaya qoyması onların özgüvənini artırır, maddi stimullaşdırma isə ümumi prosesə müsbət təsir göstərəcək".

Təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, hazırda direktorların fəaliyyəti ilə bağlı peşəkarlığının inkişaf etdirilməsi, imtahan və ya hər hansı yoxlanış məqsədi ilə atılan addımlar o qədər də çox deyil:

"Əgər müəllim sertifikasiyaya cəlb olunursa, bu, müəllimlərin peşəkarlığının yoxlanılması və artırılması məqsədi ilə həyata keçirilən təşəbbüsdür.

Beynəlxalq təcrübədə də bunun nümunələrinə rast gəlirik. Məhz müəllimlər buna cəlb olunursa, direktorlar da cəlb olunmalı və onların peşəkarlığı da yoxlanılmalıdır. Hazırda direktorların fəaliyyəti ilə bağlı peşəkarlığının inkişaf etdirilməsi, imtahan və ya hər hansı yoxlanış məqsədi ilə atılan addımlar o qədər də çox deyil. Düşünürəm ki, rəhbər işçiyə nümunə olmalıdır, özünü sübut etməli və işçidən də bunu tələb etməyə çalışmalıdır.

Ona görə də hesab edirəm ki, direktorlar da sertifikasiya imtahanına cəlb olunmalı və imtahanda göstərdikləri nəticəyə görə fəaliyyətlərinin davam etdirilməsi qiymətləndirilməlidir. Bu halda məktəb direktoru müəllimdən sertifikasiya nəticəsini rahat şəkildə tələb edə bilər; əks təqdirdə bu, bir qədər çətin məsələ kimi görünür".

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində məktəb rəhbərlərinin prosesə cəlbi nəzərdə tutulmayıb. Beynəlxalq təcrübədə isə, bu könüllü əsaslarla həyata keçirilir. 

TƏCİLİ! İran hər an vurula bilər - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox