Azedu.az

Yüksək bal direktor olmaq üçün kifayət etmir - "Vəzifə mükafat yox, məsuliyyətdir"

Elm və təhsil

24 Noyabr 2026, 16:35
Yüksək bal direktor olmaq üçün kifayət etmir - "Vəzifə mükafat yox, məsuliyyətdir"

"Mövcud yanaşmanın dəyişdirilməsinin əsas səbəblərindən biri məktəb direktorlarının yalnız imtahan nəticələrinə əsasən seçilməsinin kifayət etməməsi ilə əlaqələndirilir.

Çünki yaxşı müəllim olmaq hələ yaxşı direktor olmaq demək deyil. Məktəb rəhbəri pedaqoji biliklərlə yanaşı, idarəçilik, təşkilatçılıq, liderlik, strateji düşüncə və kollektivlə işləmək bacarığına da malik olmalıdır".

Bu fikirləri AzEdu.az-a keçmiş məktəb direktoru, pedaqoq Şəmsi Qoca qeyd edib.

O bildirib ki, yeni yanaşmada müəllimlərin sertifikatlaşdırma nəticələrinin, pedaqoji təcrübəsinin, metodiki fəaliyyətinin və idarəçilik potensialının nəzərə alınması ön plana çıxır:

"Məqsəd məktəbə yalnız bilikli deyil, həm də təhsil prosesini düzgün təşkil edə bilən, müəllim kollektivini vahid məqsəd ətrafında birləşdirən və məktəbin inkişafına töhfə verən rəhbərlərin seçilməsidir. Bu baxımdan, direktorların seçimində sertifikatlaşdırma nəticələri, pedaqoji peşəkarlıq, idarəetmə qabiliyyəti, liderlik xüsusiyyətləri, ünsiyyət bacarığı, problemlərin həlli və strateji planlaşdırma kimi meyarların əhəmiyyətinin artacağı gözlənilir.

Bununla belə, müsabiqə mexanizminin ləğvi ilə onun təkmilləşdirilməsi arasında ciddi fərq var. Seçim prosesində hansı mərhələlərin saxlanılacağı, hansı meyarların tətbiq ediləcəyi və namizədlərin necə qiymətləndiriləcəyi aydın şəkildə müəyyənləşdirilməlidir. Məsələnin diqqət çəkən digər tərəfi isə şəffaflıqdır. Əgər əvvəlki sistemdə namizədlərin bilikləri test imtahanı vasitəsilə müqayisə edilirdisə, yeni yanaşmada müsahibə və digər qiymətləndirmə üsullarının çəkisinin artması subyektiv qərarlar riskini də gündəmə gətirə bilər.

Sertifikatlaşdırma balı yüksək olan hər müəllim yaxşı direktor ola bilərmi?! Müsahibə komissiyalarının qərarlarının obyektivliyi necə təmin ediləcək? Namizədlərin qiymətləndirilməsində şəxsi münasibətlərin və subyektiv yanaşmanın qarşısını hansı mexanizmlər alacaq? Bunlar yeni sistemin tətbiqindən əvvəl aydın cavablandırılmalı olan suallardır. Şübhəsiz ki, direktorların işə qəbulu mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Ancaq bu dəyişiklik bir imtahanın başqa qiymətləndirmə üsulu ilə əvəzlənməsindən ibarət olmamalıdır.

Seçim prosesi açıq meyarlara, ölçülə bilən nəticələrə, əsaslandırılmış qərarlara və apellyasiya imkanlarına söykənməlidir. Ən başlıcası, məktəb direktoru vəzifəsi kiminsə mükafatlandırılması, yaxud inzibati təyinat yeri deyil. Bu vəzifəyə məktəbin, müəllimin və şagirdin gələcəyinə məsuliyyət daşıyan, peşəkar, prinsipial və bacarıqlı rəhbər seçilməlidir. Yeni mexanizmin uğuru da məhz bu prinsipin nə dərəcədə qorunacağından asılı olacaq".

Qeyd edək ki, bir müddət əvvəl direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin müsabiqə şərtləri əsasında təşkil edilməyəcəyi ilə bağlı məsələ ictimai rəydə müzakirə predmetinə çevrilmişdi. Yəni, direktor olmaq istəyən namizədin əvvəlki qaydada - test imtahanı, müsahibə və başqa mərhələlərdən keçməsinə ehtiyac olmayacağı bildirilsə də, məsələ ictimai müzakirə statusundan o tərəfə keçə bilmədi. 

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox