Ərzurum Şəhər Xəstəxanasında çalışan ibtidai sinif müəllimi Halil Elitok 18 ildir xəstəlik səbəbindən məktəbə gedə bilməyən uşaqların təhsildən geri qalmaması üçün onlara dərs keçir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı Halil müəllimin ümumilikdə 41 illik pedaqoji təcrübəsi var.
O, Ərzurumda xəstəxana mühitində şagirdlərlə işləməyə həsr edib. Xəstəxanaya müalicə üçün gələn ibtidai sinif şagirdləri ilə xəstəxana sinfində, ya da sinfə çıxa bilməyənlərin otağında, yataq başında fərdi şəkildə məşğul olur. Hər gün xəstəxanaya yeni qəbul olunan uşaqlar müəyyənləşdirilir və dərslər şagirdlərin yaşına, sinfinə və sağlamlıq vəziyyətinə uyğun proqram üzrə aparılır. Onun xəstəxanada ildə təxminən 300 uşağa dərs dediyi bildirilir.
Bu işin əsas məqsədi xüsusilə uzunmüddətli və xroniki xəstəliklər səbəbindən vaxtının çoxunu xəstəxanada keçirən uşaqların dərslərindən uzaq düşməsinin qarşısını almaqdır. Eyni zamanda, dərslər uşaqların müalicə prosesində yaşadığı qorxu və gərginliyi azaldır, onlara dayaq və ruh yüksəkliyi verir. Halil müəllim uşaqlarla işləyərkən sevgi, səbir və səmimiyyətin xüsusi əhəmiyyət daşıdığını deyir.