Azedu.az

Kolleclərdə köklü dəyişiklik - Müəllimlərin iş yeri təhlükə altına düşə bilər

Elm və təhsil

24 Noyabr 2026, 10:26
Kolleclərdə köklü dəyişiklik - Müəllimlərin iş yeri təhlükə altına düşə bilər

Azərbaycanda 2030-cu ilədək bütün kolleclərin universitetlərə inteqrasiyası nəzərdə tutulur. 

Kolleclərin universitetlərin ayrılmaz tərkib hissəsinə çevrilməsi planı onların müstəqil təhsil müəssisəsi kimi fəaliyyətini dayandırması deməkdirmi? Bu proses kolleclərdə çalışan müəllimlərin və təhsil alan tələbələrin gələcəyinə necə təsir edəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin direktoru, Təhsil üzrə menecer Neymət Rüstəmli qeyd edib ki, kolleclərin universitetlərin nəzdinə verilməsi əslində yeni təcrübə deyil:

193539

“Avropa və Amerikada da bir çox kolleclər universitetlərin tərkibində fəaliyyət göstərir. Bu təcrübə Azərbaycanda da mövcuddur. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Gəncə Dövlət Universitetinin və Lənkəran Dövlət Universitetinin nəzdində kolleclər fəaliyyət göstərir. Hətta özəl universitetlərin də tabeliyində kolleclər var. Xəzər Universiteti və Odlar Yurdu Universiteti buna nümunədir.

Hazırda bəzi kolleclər publik hüquqi şəxs kimi müstəqil fəaliyyət göstərir. Xüsusilə Ağdam, Daşkəsən, Göyçay, Zaqatala, İsmayıllı və digər regionlarda yerləşən kollecləri qeyd etmək olar. Lakin Bakı və Gəncədə bir sıra kolleclər artıq universitetlərin nəzdində fəaliyyət göstərir.

Bu inteqrasiyanın müsbət tərəfləri kifayət qədər çoxdur. İlk növbədə, universitetlərin professor-müəllim heyətinin kolleclərin tədris prosesinə cəlb olunması tələbələrin daha keyfiyyətli təhsil almasına və inkişafına şərait yarada bilər.

Digər məsələ kolleclərin məzunlarının universitetlərə qəbul imkanlarıdır. Məsələn, bəzi ali təhsil müəssisələri subbakalavr kimi yalnız öz nəzdindəki kolleclərin məzunlarını qəbul edir. Düzdür, bu, digər kolleclərin məzunlarının hüquqlarının məhdudlaşdırılması kimi də qiymətləndirilə bilər. Ancaq universitetlərin öz kolleclərində hazırlanan kadrların keyfiyyətinə güvənərək belə seçim etməsi də başadüşüləndir. Ehtimal etmək olar ki, inteqrasiya prosesindən sonra kolleclərin öz universitetlərinə daha çox məzun göndərmək imkanları genişlənəcək. Bu da müsbət məqamlardan biridir.

Lakin prosesin mənfi tərəfləri də nəzərə alınmalıdır. Məni ən çox narahat edən məsələlərdən biri kolleclərdə çalışan müəllimlərin gələcək taleyidir. Regionlarda fəaliyyət göstərən təxminən 20 kollecin hər birində orta hesabla 100 müəllimin çalışdığını nəzərə alsaq, söhbət kifayət qədər böyük müəllim ordusundan gedir. Kolleclərin universitetlərlə inteqrasiyası zamanı maliyyə vəsaitinə qənaət məqsədilə müəllim ştatlarının azaldılması və nəticədə işsizliyin yaranması ehtimalı var.

Demirəm ki, kolleclərdə çalışan bütün müəllimlər öz vəzifələrinə tam layiqdirlər. Bu, ayrıca müzakirə mövzusudur. Ancaq həmin insanlar hazırda orada çalışır və öz iqtisadi vəziyyətlərini, ailə büdcələrini də bu gəlir əsasında formalaşdırırlar. Ona görə də belə bir islahat həyata keçirilməzdən əvvəl kolleclərdə müəllimlərin sertifikasiyasının, diaqnostikasının və ya digər qiymətləndirmə mexanizminin tətbiq olunmasını məqsədəuyğun hesab edirəm”.

Əvvəlcə müəllimlərin bilik və bacarıqları qiymətləndirilməli, bundan sonra inteqrasiya prosesi həyata keçirilməlidir:

“Beləliklə, universitetlərin professor-müəllim heyətinin kolleclərə cəlb olunması ilə yanaşı, qiymətləndirmədən uğurla keçmiş kollec müəllimlərinin də fəaliyyətlərini davam etdirmələri təmin edilə bilər.

Ümumilikdə, bu inteqrasiya prosesində peşə təhsilinə daha çox üstünlük verildiyini görürəm. Bu, həm dövlətin təhsil siyasətinin, həm də dünyada müşahidə olunan tendensiyaların bir hissəsidir. Peşə bacarıqlarına malik insanların əmək bazarında özlərini reallaşdırmaq və iş tapmaq imkanları daha genişdir.

Məsələn, Avropada belə bir proqramla qarşılaşmışdım: “Dörd il ərzində universitetdə öyrədilməyənləri biz altı aya öyrədirik”. Bu yanaşma peşə təhsilinin praktiki əhəmiyyətini göstərir.

Ancaq peşə təhsilinin ön plana çəkilməsi kolleclərin arxa plana keçirilməsi və ya onların əhəmiyyətinin azaldılması hesabına olmamalıdır. Hər hansı bir sistemi dağıtmaq, ləğv etmək asandır, əsas məsələ onu təkmilləşdirməkdir. Mən kolleclərin məhv edilməsinin deyil, inkişaf etdirilməsinin tərəfdarıyam.

Bu gün xaricdə təhsil alması ilə fəxr edən bir çox şəxsin təhsil keçmişinə nəzər salsaq, onların arasında kollec məzunlarının da olduğunu görərik. Məsələn, Kembricdə və ABŞ-da kollec təhsili almış şəxslər var. Deməli, biz də öz kolleclərimizi həmin səviyyəyə qaldıra bilərik. Bunun yolu isə islahatlardan keçir.

Kolleclərin universitetlərin nəzdində fəaliyyət göstərməsində problem görmürəm. Ancaq bu proseslə yanaşı, kolleclərə tələbə qəbulunun təşkili, maddi-texniki bazanın gücləndirilməsi və tədris proqramlarının təkmilləşdirilməsi də diqqətdə saxlanılmalıdır”.

Təkliflərimdən biri də kollec məzunlarının kreditlərinin tanınması məsələsidir:

“Bu barədə AzEdu.az-da daha əvvəl də yazmışdım. Söhbət “2+2” modelindən gedir. Belə ki, kollec təhsilini başa vuran tələbənin topladığı 120 kredit tanındıqda, ali təhsil müəssisəsində əlavə 120 kredit toplamaqla ümumilikdə 240 kreditlik bakalavriat təhsilini tamamlamaq mümkündür. Bu model kolleclərə marağı da artıra bilər. Çünki hər kəsin ali məktəbdə dörd il təhsil almaq imkanı və ya istəyi yoxdur. Tələbə əvvəlcə öz imkanlarına uyğun olaraq kollecdə iki il oxuya, daha sonra ali təhsil müəssisəsində əlavə iki il təhsil alaraq bakalavr dərəcəsi əldə edə bilər.

Bu yanaşma dünya praktikasında geniş yayılıb. Məsələn, Azərbaycan kolleclərinin məzunları ABŞ, Avropa, Türkiyə və Gürcüstan universitetlərinə qəbul olunarkən əvvəlki təhsilləri üzrə topladıqları kreditlərin tanınması imkanından yararlana bilirlər. Şəxsən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xarici universitetlər kollec təhsili müddətində topladığım 120 krediti tanıyaraq məni üçüncü kursdan qəbul ediblər.

Xarici universitetlər bizim kolleclərdə toplanan kreditləri tanıdığı halda, öz ali təhsil müəssisələrimizin bunu tam şəkildə tətbiq etməməsi müəyyən suallar doğurur.

Bir sıra universitetlərimiz, o cümlədən Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti kollec məzunlarının kreditlərini tanıyır. Lakin problem ondadır ki, kreditlərin tanınmasına baxmayaraq, təhsil müddəti hər zaman müvafiq şəkildə azaldılmır. Tələbənin əvvəlki təhsili zamanı mənimsədiyi fənləri yenidən oxuması və dörd ilini universitetdə keçirməsi nə dərəcədə səmərəlidir? Hesab edirəm ki, bu proses də tənzimlənməli və uyğun hallarda təhsil müddəti iki ilə endirilməlidir.

Bu, kolleclərin inkişafına və onlara marağın artmasına müsbət təsir göstərə bilər. Bir daha vurğulamaq istəyirəm ki, inteqrasiya prosesində məni ən çox narahat edən məsələ kolleclərdə çalışan müəllimlərin gələcəyidir. Bəli, kolleclərdə öz vəzifəsinə layiq olmayan, bilik və bacarıqları yetərli səviyyədə olmayan müəllimlər də var. Ancaq bu, həmin insanların hamısının birdən-birə işdən kənarlaşdırılması demək deyil.

Orta məktəblərdə olduğu kimi, kolleclərdə də diaqnostik qiymətləndirmə və sertifikasiya mexanizmi tətbiq edilməlidir. Müəllimlər bu qiymətləndirmədən keçirilməli, onların peşəkarlıq səviyyəsi müəyyənləşdirilməlidir. Universitetlərin professor-müəllim heyətinin kolleclərə inteqrasiyası isə qiymətləndirmədən uğurla keçmiş müəllimlər üçün əlavə motivasiya yarada bilər. Onlar daha yüksək akademik təcrübəyə malik mütəxəssislərlə çiyin-çiyinə çalışmaq, bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edərlər”.

NATO-dan dəhşətli mühadibə anonsu - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox