Azedu.az

On minlərlə gənc hələ də peşə sahibi ola bilmir

Elm və təhsil

18 Noyabr 2026, 12:36
On minlərlə gənc hələ də peşə sahibi ola bilmir

 “Peşə təhsilinə qəbul olunanların sayı son illərdə 25-26 min nəfərə çatıb”.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illərdə ali, orta ixtisas və peşə təhsilinə qəbul imkanları əhəmiyyətli dərəcədə genişlənsə də, hələ də müəyyən sayda gənc hər hansı ixtisasa yiyələnmədən təhsil sistemindən kənarda qalır:

“Əvvəlki dövrlərdə peşə təhsilinə qəbul olunanların sayı 10-20 min nəfər arasında dəyişib. Bəzi illərdə bu göstərici daha aşağı olub. Peşə təhsilində ən yüksək qəbul göstəricimiz təxminən 40-50 min nəfər təşkil edib. Lakin 1990-cı illərdə bu rəqəm 7-8 minə qədər azalıb.

Bu gün yaxşı xəbər ondan ibarətdir ki, bütün təhsil pillələri üzrə əhatəlilik əhəmiyyətli dərəcədə artıb. Ali təhsildə artıq məzunlar üçün 60 minə yaxın yer ayırırıq. Orta ixtisas təhsilinə 20-25 min nəfər, peşə təhsilinə isə 25-26 min nəfər qəbul edirik.

Bunları ümumiləşdirdikdə görürük ki, ali təhsilə qəbul olunanların bir hissəsinin peşə və orta ixtisas təhsilindən gəldiyini də nəzərə alsaq, yenə də bir neçə on min gəncimiz hər hansı ixtisasa yiyələnmədən qalır.

Bu, kifayət qədər mürəkkəb məsələdir. Burada işləmək istəyi olmayan şəxslər, eləcə də məşğulluqla bağlı problemlər var. İnanıram ki, Anar müəllim də bu məsələyə daha ətraflı toxunacaq.

Ümumilikdə, təhsil baxımından ən vacib istiqamətlərdən biri əhatəliliyin artırılmasıdır. Biz bu istiqamətdə addım-addım irəliləyirik. Son 10 ilin nəticələrinə nəzər saldıqda həm peşə, həm də ali təhsildə ciddi artım müşahidə edirik. Bu, daha çox insanın təhsil alması üçün imkanların genişlənməsi deməkdir.

İkinci mühüm məsələ isə keyfiyyətdir. Keyfiyyətə bir neçə amil təsir göstərir. Bunlara təhsilin məzmunu, tədrisin səviyyəsi, təhsil verənlərin bacarıqları, qiymətləndirmə və ölçmə mexanizmləri, eləcə də verilən diplomun arxasında dayanan bilik və səriştələr daxildir.

Düşünürəm ki, bizim ən böyük problemlərimizdən biri məhz bu istiqamətdədir. Burada təhsil pillələri arasındakı əlaqəni düzgün anlamaq lazımdır. Birmənalı şəkildə qəbul etməliyik ki, istənilən təhsil sistemində ibtidai təhsilin keyfiyyəti aşağıdırsa, yuxarı təhsil pillələrinin keyfiyyəti də öz-özünə yüksək ola bilməz”.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox