“Məzunların müəyyən peşəyə yiyələnməsi ən vacib məsələlərdən biridir”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, peşə təhsilinin əsas məqsədlərindən biri ümumi təhsil pilləsini başa vuran məzunların müxtəlif peşələrə yiyələnməsini təmin etməkdir:
“Məzunların peşə hazırlığına diqqət yetirməliyik. Burada ilkin, texniki, yüksək texniki və ya ali peşə təhsilindən söhbət getməsindən asılı olmayaraq, əsas məsələ ümumi təhsil pilləsini başa vuran şəxslərin müəyyən peşəyə yiyələnməsidir. Hesab edirəm ki, bu göstərici olduqca vacibdir.
Belə ki, müxtəlif illərdə ölkədə orta hesabla 150 min uşaq dünyaya gəlir. Ümumtəhsilin əsas məqsədi həmin şəxslərin təhsillə təmin olunması və təhsilə cəlb edilməsidir. Burada baza təhsilinin rolu da çox vacibdir. Lakin müəyyən yaşda ümumi təhsil pilləsini başa vurduqdan sonra onların müvafiq təsnifata uyğun olaraq hər hansı ixtisasa və peşəyə yiyələnməsi ən mühüm məsələlərdən biridir”.