İtaliyanın müxtəlif şəhərlərində yerləşən bəzi məktəblərə bomba və zəhərlənmə təhdidi məzmunlu elektron məktublar göndərilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin milli mətbuatı məlumat yayıb.
Məktublardan birində məktəb binasına partlayıcı qurğu yerləşdirildiyi və onun 40 dəqiqə ərzində partladılacağı bildirilib. Digər mesajda isə məktəbin yeməkxanasında çalışan şəxsin yeməklərə zəhərli maddə qatdığı iddia olunub.
Ötən həftə də İtaliyada minlərlə məktəbə oxşar təhdidlər göndərilmiş, sonradan onların əsassız olduğu müəyyən edilmişdi.
İtaliya Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, konkret təhlükə əlamətləri olmadığı halda məktəblərin təxliyəsinə ehtiyac yoxdur. Bu səbəbdən son təhdidlərdən sonra heç bir məktəbdə təxliyə həyata keçirilməyib.
Qeyd edək ki, İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani də məsələni Brüsseldə keçirilən Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısında gündəmə gətirib. O, təhdidlərin əsassız olduğunu və ölkədə xaos yaratmaq məqsədi daşıdığını bildirib.