Azedu.az

Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb

Mərkəzi Aran

16 Noyabr 2026, 12:26
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb

Mərkəzi Aran regionunda eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb.

AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, əvvəlki illərdə ümumi təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslər üçün eksternat təhsilalma forması üzrə təhsil sənədi almaq məqsədilə 13 noyabr 2026-cı il tarixindən 18 dekabr 2026-cı il tarixinədək sənəd qəbulu həyata keçiriləcək.

Eksternat qaydada keçiriləcək aralıq imtahanlarında əvvəlki illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış və ya hazırda Mərkəzi Aran regionunda qeydiyyatda olan, ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.

İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarına təqdim etməlidirlər:

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (eksternat qaydada keçirilən aralıq imtahanında iştirak etmək üçün);

Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

3x4 ölçüdə 2 ədəd fotoşəkil;

Yaşayış yerindən arayış;

Əvvəllər təhsil aldığı müəssisədən təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilməklə verilmiş arayışın surəti;

Tam orta təhsil səviyyəsi üzrə (11-ci sinif) eksternat qaydasında aralıq imtahanında iştirak etmək üçün müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notariat qaydasında təsdiq olunmuş surəti;

Hərbi biletin surəti (olduğu halda).

Qeyd olunub ki, ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı isə 18-dən aşağı olmamalıdır.

Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi halda eksternat qaydasında imtahanlarda iştirakla bağlı müraciət qəbul edilməyəcək.İmtahanın keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək.

Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!
Son xəbərlərDaha çox