Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı əsasında həyata keçirilən “İnnovativ məktəb” layihəsi çərçivəsində təlimlərin növbəti mərhələsi uğurla başa çatıb.
AzEdu.az xəbər verir ki, layihə çərçivəsində 26 oktyabr–11 noyabr 2026-cı il tarixlərində İsrailin Təl-Əviv şəhərində keçirilən təlimlərdə Azərbaycandan 23 məktəbi təmsil edən pedaqoji heyət, regional təhsil idarələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) əməkdaşları olmaqla, ümumilikdə 48 nəfərdən ibarət heyət sahibkarlıq, layihələrin hazırlanması və qiymətləndirilməsi, kurikulum çərçivəsində bacarıq və səriştələrin tədrisi, təqdimat bacarıqları kimi mövzular haqqında nəzəri və praktik biliklər əldə ediblər.
Təlim iştirakçıları İsrailin “ORT Yad Leibovich” və “ORT Kiryat Tivon” məktəblərinə səfər edərək bu təhsil müəssisələrinin rəhbərliyi və müəllimlərlə müzakirələr aparmaq, onların təcrübələrini öyrənmək və dərsləri müşahidə etmək imkanı qazanıblar. Həmçinin Şimon Peres Sülh və İnnovasiya Mərkəzinə və Yakob Aqam İncəsənət Muzeyinə təşkil olunan ekskursiyalarda iştirak ediblər.
Bundan əlavə, müəllimlər problem əsaslı öyrənmə metodlarını mənimsədikdən sonra öz məktəblərindəki mövcud problemlərin həlli yolları ilə bağlı təqdimatlar hazırlayıb, təcrübələrini həmkarları ilə bölüşüblər. Təlimlərdə iştirak edən məktəblərin nümayəndələri fəaliyyət planları hazırlayıblar və növbəti aylarda məktəblərində həyata keçirəcəkləri dəyişikliklər barədə hesabat təqdim edəcəklər.
Qeyd edək ki, “İnnovativ məktəb” layihəsinin icrası bu səfərlə yekunlaşıb. Gələcəkdə digər məktəblər 23 innovativ məktəbin təcrübəsindən faydalanaraq öz təhsil müəssisələrində müasir tədris metodlarının tətbiqini genişləndirəcək və bu innovativ yanaşmaların ölkə üzrə tətbiqinə töhfə verəcəklər.
Təlimin son günü bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.