Azedu.az

İT ixtisaslarına qəbulda 400 bal həddi tətbiq EDİLSİN

Ali təhsil

16 Noyabr 2026, 09:11
İT ixtisaslarına qəbulda 400 bal həddi tətbiq EDİLSİN

İT yönümlü ixtisaslar əmək bazarında ən çox tələbat olan sahələr sırasındadır. Süni intellektin, rəqəmsal texnologiyaların və informasiya sistemlərinin sürətlə inkişafı bu istiqamətdə peşəkar kadrlara ehtiyacı daha da artırır.

Lakin diqqətçəkən məqamlardan biri İT yönümlü ixtisaslar üzrə keçid ballarının universitetlər arasında ciddi şəkildə fərqlənməsidir. Belə ki, bəzi ali təhsil müəssisələrində bu ixtisaslara 300 və ya daha aşağı balla qəbul olmaq mümkün olduğu halda, digərlərində keçid balı 600-ü ötür.

Bu fərq İT sahəsi üzrə kadr hazırlığının keyfiyyəti ilə bağlı müəyyən suallar yaradır. İT yönümlü ixtisaslar üzrə minimum keçid balı hansı səviyyədə müəyyənləşdirilməlidir?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, İT ixtisaslarında minimum bal həddi 350-400 səviyyəsində müəyyənləşdirilməlidir:

190459

"Hazırda bütün dünyada informasiya texnologiyaları müasir qlobal əmək bazarının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik kimi sahələr yüksək gəlir vəd etdiyi üçün bu ixtisaslara maraq rekord həddə çatıb. Lakin Azərbaycanın ali təhsil sistemində İT yönümlü ixtisaslara qəbul prosesində müşahidə olunan kəskin bal fərqi ciddi suallar yaradır. Bir tərəfdə 600-dən yuxarı balla tələbə qəbul edən nüfuzlu ali məktəblər, digər tərəfdə isə 200-300 ballıq nəticə ilə qəbul aparan universitetlər dayanır.

Məlumdur ki, keçid balı əvvəlcədən təyin edilmir. Bu göstərici plan yerlərinin sayı (təklif) ilə abituriyentlərin seçimi və topladıqları ballar (tələb) əsasında formalaşır. Son illər İT sahəsində dövlət sifarişli və ödənişli plan yerlərinin kəskin artırılması rəqabəti zəiflədir və boş qalan yerlərə minimum nəticə göstərənlərin də qəbuluna yol açıb.

Bu vəziyyət tədris mühitinə birbaşa mənfi təsir göstərir. Zəif riyazi və məntiqi bazası olan tələbələrin üstünlük təşkil etdiyi qruplarda müəllimlər proqramı sadələşdirməyə məcbur qalırlar. İT sahəsi dərin riyazi təfəkkür və analitik qabiliyyət tələb etdiyi üçün riyaziyyat və informatikadan zəif nəticə göstərən tələbənin mürəkkəb alqoritmləri mənimsəməsi demək olar ki, mümkünsüzdür.

Keçid balı təklif və tələb əsasında formalaşsa da, dövlət müsabiqəyə buraxılma (minimum) bal həddini və plan yerlərini tənzimləməklə prosesə təsir edə bilər. Hazırda bəzi İT ixtisaslarının müsabiqəsində 150-200 bal toplayan abituriyentlər də iştirak edirlər. Fikrimcə, kəmiyyət deyil, keyfiyyət əsas götürülməli və bu ixtisaslar üzrə müsabiqəyə buraxılma şərti minimum 350-400 bal səviyyəsində müəyyənləşdirilməlidir. Bununla yanaşı, fənn blokları üzrə nisbi bal baryeri də tətbiq olunmalı, riyaziyyat və informatika fənlərindən zəif nəticə göstərən abituriyentlər ümumi ballarından asılı olmayaraq İT müsabiqəsinə buraxılmamalıdır".

Aşağı balla qəbul olunan tələbələrin böyük əksəriyyəti 4 ilin sonunda bazara yararsız kadr kimi çıxır:

"Rəqabətqabiliyyətli kadrlar yetişdirmək üçün qəbul şərtlərinə və plan yerlərinə yenidən baxılması zəruridir. İlk növbədə, süni "diplomlu işsizlər" ordusunun qarşısı alınmalıdır. Aşağı balla qəbul olunan tələbələrin böyük əksəriyyəti 4 ilin sonunda əmək bazarının tələblərinə cavab verməyən kadr kimi çıxır. Müsabiqə baryerinin artırılması bu sahəyə təsadüfi şəxslərin gəlişini məhdudlaşdıracaq.

Bununla yanaşı, yalnız universitetə qəbulu deyil, universiteti bitirməyi də çətinləşdirmək vacibdir. Qabaqcıl dünya təcrübəsində ali məktəbə daxil olmaq əlçatan olsa da, sərt akademik tələblər səbəbindən yalnız real bilik qazananlar məzun ola bilirlər. Azərbaycanda isə demək olar ki, hər kəsin 4 ilin sonunda asanlıqla diplom alması təhsilin keyfiyyətini aşağı salır. İmtahan mexanizmləri elə sərtləşdirilməlidir ki, İT diplomu formal sənəd deyil, həqiqi peşəkarlığın təsdiqi olsun".

Ali məktəblərə qəbulda "hamı İT oxusun" yanaşmasından "bu sahəyə qabiliyyəti və bazası olanlar oxusun" prinsipinə keçid edilməlidir:

"Eyni zamanda, daha aşağı bal toplayan gənclər İT-nin şəbəkə inzibatçılığı, texniki dəstək, veb-dizayn kimi tətbiqi sahələri üzrə peşə məktəblərinə və kolleclərə yönləndirilməlidir. Müasir laboratoriyası və praktiki təcrübəsi olan müəllim heyəti çatışmayan ali məktəblərdə isə bu ixtisaslar üzrə plan yerləri azaldılmalıdır.

Hesab edirəm ki, ölkənin rəqəmsal transformasiyasını uğurla həyata keçirmək üçün ali məktəblərə qəbulda "hamı İT oxusun" yanaşmasından "bu sahəyə qabiliyyəti və bazası olanlar oxusun" prinsipinə keçid edilməlidir. Müsabiqə ballarının artırılması, məzunolma tələblərinin sərtləşdirilməsi və plan yerlərinin optimallaşdırılması qısamüddətli dövrdə tələbə sayını azaltsa da, uzunmüddətli perspektivdə Azərbaycanın İT bazarını qlobal rəqabətə davamlı mütəxəssislərlə təmin edəcək".

TƏCİLİ! Rusiya sərhədində gərginlik! Təyyarə qaldırıldı
Son xəbərlərDaha çox