Azedu.az

"Orta yaşlı müəllimlərin çoxu sertifikasiyaya birmənalı yanaşmır"

Sertifikasiya

Müəllimlər və elm adamları

14 Noyabr 2026, 16:19
"Orta yaşlı müəllimlərin çoxu sertifikasiyaya birmənalı yanaşmır"

Gənc müəllim məktəbdə özünü ifadə edə bilmir, orta yaşlı müəllim isə yenidən imtahan vermək istəmir.

Bu fikirləri AzEdu Podkast-a təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

"Sertifikasiya imtahanına münasibətdə müəllimlər arasında yaş fərqindən asılı olaraq müxtəlif yanaşmalar müşahidə olunur. Orta yaşlı müəllimlərin bir qismi əvvəlki iş modelinə uyğunlaşdığı üçün bu prosesi qəbul etməkdə çətinlik çəkir. Onların yanaşması daha çox “Neçə illərdir müəllim işləyirəm, nə üçün yenidən imtahan verməliyəm?” düşüncəsi ilə bağlıdır. Təbii ki, bunun əksinə olan nümunələr də var. Hətta 60 yaşdan yuxarı olub könüllü şəkildə sertifikasiyada iştirak edən və bu prosesi dəstəkləyən müəllimlər də tanıyırıq. Lakin müşahidələrimizə əsasən, orta yaşlı pedaqoqlar arasında sertifikasiyaya birmənalı yanaşmayanların sayı az deyil.

Gənc müəllimlərin narazılığının motivləri isə fərqlidir. Onlar daha müasir tədris metodlarına, süni intellektə, beynəlxalq təhsil standartlarına və yeni yanaşmalara açıqdırlar. Ancaq məktəb mühitində istədikləri dəyişiklikləri və imkanları hər zaman görə bilmirlər. Gənc müəllimlər düşünürlər ki, enerjilərini və vaxtlarını əsasən dərs prosesinə, şagirdlərlə işləməyə, yeni tədris metodlarının tətbiqinə sərf etmək istəyirlər. Lakin məktəblərdə hələ də klassik yanaşmaların üstünlük təşkil etməsi onların bu istəklərini reallaşdırmasına mane olur.

Nəticədə, özünü ifadə etmək və müasir tədris metodlarını tətbiq etmək imkanı tapa bilməyən gənc müəllim sertifikasiya prosesini də üzərinə düşən əlavə yük kimi qəbul edir. Yəni burada narazılığın səbəbi yalnız imtahanın özü deyil, müəllimin işlədiyi mühitdə qarşılaşdığı çətinliklərdir.

Beləliklə, gənc, orta yaşlı və daha yaşlı müəllimlərin sertifikasiyaya münasibətində fərqli motivlər olsa da, onları birləşdirən əsas məqam imtahan prosesinə qarşı formalaşan psixoloji yorğunluqdur. Müəllim 58 bal toplaya, əməkhaqqına əlavə əldə edə, məktəbdə yüksək nəticə göstərən pedaqoq kimi tanına bilər. Lakin bütün bunlara baxmayaraq, sertifikasiya anlayışının yaratdığı psixoloji ağırlıq onun narazılığını aradan qaldırmır".

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox