Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb. 2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib.
Sertifikasiya imtahanından yüksək bal toplayan müəllimlərdən biri də Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin müəllimi Aytən Quliyevadır. O, sertifikasiyanın test imtahanından 60 bal toplayıb.
Bu münasibətlə AzEdu.az Təhsil Portalı təəssüratlarını öyrənmək üçün əlaqə saxlayıb.
“5 il öncə ilk dəfə keçirilən sertifikasiya imtahanından 56 bal topladım. Daha sonra ikinci sertifikatlaşma mərhələsində maksimum nəticə göstərərək 60 bal əldə etdim.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülmüşəm. Təbii ki, bu adın məsuliyyətini daim üzərimdə hiss edirdim. Çalışırdım ki, sertifikasiya imtahanından sonra aldığım bu ada layiq olaraq maksimum nəticə göstərim. Nəticədə arzuma çatdım və buna görə çox sevincliyəm”.
O qeyd edib ki, çətin sualların sayı çox az olub:
“"Müəllim” adını daşıyan hər kəs bu sualları cavablandıra bilər. Təbii ki, imtahanın formatına uyğun olaraq müəyyən dərəcədə 5-6 sual nisbətən çətin idi. Amma ümumilikdə imtahan çox yüksək səviyyədə, tam obyektiv təşkil olunmuşdu və suallar hamı üçün əlçatan idi. Düşünmürəm ki, kimsə suallardan narazı qala bilərdi. Yəni suallarda çətinlik yaradan, ikibaşlı cavablar və ya anlaşılmaz məqamlar yox idi.
Təbii ki, imtahan olduğu üçün həyəcan da var idi. Birinci sertifikasiya Naxçıvanda ayrıca keçirilmişdi, yəni Azərbaycan üzrə ümumi prosesdən fərqli idi. Bu dəfə isə imtahan ARTİ-nin təşkilatçılığı ilə keçirildi. Əvvəlcədən bir qədər həyəcanlı idik, çünki bu formatda ilk dəfə iştirak edirdik. Amma imtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. Suallar müəllim işləyən, bu adı daşıyan hər kəsin biləcəyi səviyyədə idi”.
Son bir ay ərzində özümə konkret hədəf qoymuşdum ki, nəticəm 60 olmalıdır:
“Təbii ki. Düzdür, 60 bal bir qədər şans amilindən də asılıdır. 56 bal topladığım üçün özümə daha yüksək hədəf qoymuşdum. Çünki, qeyd etdiyim kimi, daşıdığım adın məsuliyyəti mənə işimə fərqli yanaşma qazandırdı. Son bir ay ərzində isə artıq özümə konkret hədəf qoymuşdum ki, nəticəm 60 olmalıdır. Məncə, ən çətin mərhələ də məhz bu idi. Setifikasiyanın müsahibə mərhələsindən də yüksək nəticə gözləyirəm”.
Şagirdlərim uğur qazandıqca daha da həvəslənir, daha böyük əzmlə işləyirdim:
“Mən həm məktəbdə çalışıram, həm də repetitorluqla məşğulam. Bu gün buraxılış və blok imtahanlarına şagird hazırlamaq böyük məsuliyyət tələb edir. Şagirdlərimin hamısı yüksək nəticələrlə ölkənin müxtəlif yerlərində təhsillərini davam etdirirlər. Onlar arasında olimpiada qalibləri də çox olub
Son illərdə Azərbaycan dili fənni üzrə maksimum nəticə göstərən şagirdlərimizin sayı da getdikcə artır. Şagirdlərim uğur qazandıqca daha da həvəslənir, daha böyük əzmlə işləyirdim ki, yeni nailiyyətlər əldə edək”.
Müəllimlər daim özlərini inkişaf etdirmək üçün çalışmalıdırlar:
“Mən bu sertifikasiya imtahanının nəticəsi olaraq belə qənaətə gəldim ki, məsuliyyətini dərk edən bir müəllim üçün bu proses çox önəmlidir. Təbii ki, mən həm repetitoram, həm də məktəbdə dərs deyirəm, amma sertifikasiya imtahanının ab-havası tam fərqlidir.
Məsələn, biz orada 10-a yaxın kurikulum və metodika sualları ilə tanış olduq. Mən bu sahə ilə də maraqlandım, oxudum, öyrəndim və bu da mənə müəyyən qazanc verdi. Bu gün sinfə daxil olanda artıq kurikulum sistemi ilə dərs keçirik. Bu prosesin heç bir mənfi tərəfi yoxdur. Əksinə, müəllimin inkişafı üçün çox gözəl bir vasitədir və onda əlavə məsuliyyət yaradır. Sonda müəllimlərə tövsiyəm odur ki, müəllimlik adına layiq şəkildə fəaliyyət göstərsinlər, daim öz üzərlərində işləsinlər və biliklərini mütəmadi olaraq yeniləsinlər”.