Azedu.az

Gənclərdə stres və qəfil ölüm: tibbi baxımdan diqqət edilməli MƏQAMLAR

AzEdu Təhsil Platforması

17 Noyabr 2026, 17:30
Gənclərdə stres və qəfil ölüm: tibbi baxımdan diqqət edilməli MƏQAMLAR

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) III kurs tələbəsi yataqxanada qəfil vəfat edib. Hadisədən sonra mərhumun qrup yoldaşları dərslərin ağırlığından, ard-arda keçirilən imtahanlardan və gərgin tədris prosesindən şikayətləniblər.

Həmçinin bildirilir ki, vəfat edən tələbə hadisədən bir neçə saat əvvəl bacısına başının ağrıdığını deyib. Hazırda ölümün dəqiq səbəbi məlum olmasa da, ehtimallar arasında güclü stres faktorunun da olub-olmadığı müzakirə edilir.

Bununla yanaşı, son illərdə gənclər arasında ürək tutması və beyin qanaması nəticəsində qəfil ölüm hallarına da rast gəlinir.

Maraqlıdır, gənclər arasında müşahidə olunan bu halların əsas səbəbləri nələrdir? Burada qeyri-sağlam qidalanma, yoxsa müasir həyat tərzinin yaratdığı stres daha böyük rol oynayır? Həmçinin tibbi baxımdan kəskin stres gənc yaşda qəfil ölümə səbəb ola bilərmi?

AzEdu.az-a danışan pediatr Şəlalə Poluxova sağlam gənc insanda stresin təkbaşına qəfil ölümə səbəb olmasının tibbi baxımdan doğru yanaşma olmadığını bildirib.

“Bu məsələyə yanaşarkən ehtiyatlı olmaq lazımdır. Konkret hadisənin səbəbi müəyyənləşdirilmədən onu hər hansı faktorla əlaqələndirmək düzgün deyil. Ölümün dəqiq səbəbi yalnız müvafiq tibbi ekspertiza və araşdırmadan sonra müəyyən edilə bilər.

Ümumiyyətlə, gənc yaşda qəfil ölüm hallarının artdığını qeyd etdiniz. Lakin bu fikirlə tam razı deyiləm. Bunun üçün son illərdə müxtəlif yaş qrupları üzrə rəsmi ölüm statistikasını nəzərdən keçirmək lazımdır. Eyni zamanda, ölüm səbəblərinin təsnifatı əvvəlki illərlə müqayisə edilməlidir. Statistik göstəricilərə əsaslanmadan bu halların artdığını söyləmək doğru olmaz. Gənc yaşda qəfil ölümlərin səbəbləri isə kifayət qədər müxtəlifdir.

Məsələn, qəfil ürək dayanması hər zaman infarkt demək deyil. Bəzən buna əvvəldən aşkarlanmamış ürək əzələsi xəstəlikləri, anadangəlmə ürək-damar anomaliyaları və ya ürəyin elektrik keçiricilik sistemindəki pozğunluqlar səbəb olur. Bu hallar ağır ritm pozğunluqlarına və nəticədə qəfil ürək dayanmasına gətirib çıxara bilər. Beyin qanamalarında isə anevrizmalar, damar anomaliyaları və digər damar patologiyaları mühüm rol oynayır.

Kəskin stresə gəldikdə, onun orqanizmə ciddi fizioloji təsirləri var. Güclü emosional gərginlik zamanı adrenalin və digər stres hormonlarının səviyyəsi artır. Nəticədə ürək döyüntüləri sürətlənir, arterial təzyiq yüksəlir və ürəyin oksigenə tələbatı arta bilər.

Xüsusilə əvvəldən mövcud olan, lakin aşkarlanmamış ürək patologiyası və ya ritm pozğunluğu olan şəxslərdə kəskin stres təhlükəli aritmiyaları tətikləyə bilər. Lakin sağlam gənc insanda yalnız stresin birbaşa qəfil ölümə səbəb olduğunu demək tibbi baxımdan düzgün deyil. Bu halda stres daha çox mümkün təhrikedici və ya əlavə risk faktoru kimi qiymətləndirilir.

Qeyri-sağlam qidalanmaya gəldikdə isə, bunu stresə alternativ faktor kimi qiymətləndirmirəm. Hər ikisi sağlamlığa təsir edən mühüm amillərdir. Düzgün qidalanmama artıq çəkiyə, fiziki hərəkətsizliyə, yüksək arterial təzyiqə və digər metabolik problemlərə səbəb ola bilər. Siqaret istifadəsi ilə yanaşı, bu amillərin hər biri ürək-damar sağlamlığına mənfi təsir göstərir.

Digər tərəfdən, uzunmüddətli stres, yuxu çatışmazlığı, qeyri-müntəzəm qidalanma və istirahətə kifayət qədər vaxt ayırmamaq da ümumi sağlamlığa zərər verir. Sadalanan amillər bir-birinin mənfi təsirini daha da gücləndirə bilər”.

Müasir gənclərin qarşılaşdığı informasiya yükünü, akademik rəqabəti, yüksək gözləntiləri və gələcəklə bağlı narahatlıqları nəzərə alsaq, bunlar kifayət qədər ciddi psixoloji gərginlik yaradır:

"Digər məsələ gənclərin stresə davamlılığıdır. Mən bu davamlılığın əvvəlki illərlə müqayisədə zəiflədiyini düşünmürəm. Hər nəslin özünəməxsus sosial, iqtisadi və psixoloji çətinlikləri olub və olacaq. Müasir gənclərin üzləşdiyi informasiya yükünü, akademik rəqabəti, yüksək gözləntiləri və gələcəklə bağlı narahatlıqları nəzərə alsaq, bunların kifayət qədər ciddi psixoloji gərginlik yaratdığını görərik. Buna görə də məsələni gənclərin stresə dözümsüzlüyü kimi qiymətləndirmək əvəzinə, onların üzləşdiyi yükü və bu yükün öhdəsindən gəlmək üçün malik olduqları imkanları nəzərə almalıyıq.

Xüsusilə tibb təhsili kimi yüksək məsuliyyət və ciddi akademik hazırlıq tələb edən sahələrdə imtahanların intensivliyi, istirahət və yuxu rejiminin pozulması tələbələrin fiziki və psixoloji sağlamlığına təsir göstərir. Burada məqsəd təhsilin çətinliyini azaltmaq deyil, sağlam təhsil mühiti formalaşdırmaq olmalıdır. İmtahanların planlı təşkili, istirahət imkanlarının qorunması və tələbələr üçün psixoloji dəstəyin əlçatan olması bu baxımdan çox vacibdir.

Gənc yaşda ürək və beyin mənşəli ciddi patologiyalar hər zaman əvvəlcədən aşkar simptomlarla özünü göstərməyə bilər. Bu məqamı xüsusi vurğulamaq istərdim. Çünki bəzən baş verən hər hansı hadisəni birbaşa streslə əlaqələndiririk. Halbuki qeyd etdiyim kimi, stres sağlam insanda təkbaşına qəfil ölümə səbəb olmur. Bununla belə, ciddi patologiyalar da hər zaman əvvəlcədən aşkar əlamətlərlə müşayiət olunmur və insan belə bir problemin mövcudluğundan xəbərsiz ola bilər.

Fiziki gərginlik zamanı bayılma, səbəbsiz ürəkdöyünmə, sinə ağrısı, izah olunmayan huş itirmə halları və ailədə gənc yaşda qəfil ölüm tarixçəsi varsa, bu hallar mütləq araşdırılmalıdır. Eyni zamanda, qəfil başlayan çox şiddətli baş ağrısı, xüsusilə qusma, boyun sərtliyi, şüur dəyişikliyi və digər nevroloji əlamətlərlə müşayiət olunursa, bunu sadəcə yorğunluqla əlaqələndirmək olmaz. Belə halları streslə izah etmək də düzgün deyil. Bunlar təcili tibbi yardım tələb edən vəziyyətlərdir.

Ümumilikdə, əsas mesajım budur ki, gənclərə sağlam həyat tərzi aşılamaqla yanaşı, onların psixoloji sağlamlığını qorumalı, şikayətlərini vaxtında dinləməli və tibbi əlamətlərə laqeyd yanaşmamalıyıq. Çünki fiziki və psixoloji sağlamlıq bir-biri ilə sıx bağlıdır. Sağlam gənclik yalnız yaxşı təhsil alan deyil, həm də sağlam mühitdə yaşayan, formalaşan, kifayət qədər istirahət edən və sağlamlığını qorumaq üçün lazımi dəstəklə təmin olunan gənclikdir".

Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi
Son xəbərlərDaha çox