Müəllimlərin sertifikatlaşdırılması prosesi 2021-ci ildən etibarən təhsilverənlər üçün icbari əsaslarla keçirilir. Hazırkı qaydalara görə, yalnız 60 yaşdan yuxarı olanlar, "tamştatlı müəllim modeli" üzrə fəaliyyət göstərəcək şəxslər və pedaqoji stajı 3 ili tamam olmamış müəllimlər bu imtahandan azaddırlar. Yerdə qalan on minlərlə müəllim isə sertifikasiyada icbari şəkildə iştirak etməlidir.
Lakin xarici təcrübəyə nəzər salsaq görərik ki, sertifikasiya bir çox ölkələrdə tamamilə könüllülük prinsipinə əsaslanır. Maraqlıdır, bəs bizdə sertifikasiya nə zaman icbari formadan çıxarılaraq tamamilə könüllülük prinsipinə keçirilə bilər? Ümumiyyətlə, buna ehtiyac varmı?
AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru, İlqar Orucov danışıb.
O, qeyd edib ki, Qərb ölkələrində könüllü sertifikasiya modelinin effektiv işləməsinin kökündə həmin dövlətlərdə pedaqoji ali məktəblərə qəbulun və universiteti bitirməyin son dərəcə çətin olması dayanır:
"2021-ci ildən başlayaraq Azərbaycanda ümumi təhsil məktəblərində çalışan müəllimlərin icbari sertifikatlaşdırılması prosesi həyata keçirilir. Qüvvədə olan qaydalara görə, yalnız 60 yaş həddini keçmiş pedaqoqlar, əmək stajı üç ildən az olan gənc müəllimlər, hamilə qadınlar və sosial məzuniyyətdə olan şəxslər bu qiymətləndirmədən azad ediliblər. Eyni zamanda, tətbiqi nəzərdə tutulan "tamştatlı müəllim modeli" çərçivəsində seçiləcək yüksək göstəricili müəllimlərin də gələcəkdə təkrar imtahanlara cəlb olunmaması gündəmdədir. Qalan on minlərlə təhsilverən isə bu imtahanda mütləq qaydada iştirak etməlidir.
Dünyanın aparıcı təhsil sistemlərinə nəzər saldıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Məsələn, Finlandiya, Kanada, Fransa və Böyük Britaniya kimi ölkələrdə pedaqoqların peşəkarlıq səviyyəsinin ölçülməsi və sertifikatlaşdırılması məcburi deyil, əksinə, tamamilə könüllü xarakter daşıyır və müəllimin şəxsi karyera yüksəlişinə xidmət edir. Bu beynəlxalq təcrübə fonunda cəmiyyətdə haqlı suallar yaranır: Azərbaycanda sertifikasiya nə vaxt icbari formadan çıxarılaraq tam könüllü əsaslara keçirilə bilər və ümumiyyətlə, belə bir dəyişikliyə ehtiyac varmı?
Ölkəmizdə sertifikasiyanın hazırda məcburi qaydada tətbiq edilməsi təsadüfi deyil, mövcud təhsil reallıqlarından qaynaqlanır. Ötən onilliklər ərzində müəllimlərin işə qəbulu mexanizmlərindəki qüsurlar, qeyri-qanuni diplom halları və bir qisim müəllimin öz ixtisası üzərində işləməməsi sinif otaqlarında ciddi keyfiyyət böhranına gətirib çıxarmışdı. Dövlətin icbari imtahan alətini işə salmaqda əsas hədəfi məktəbləri elementar fənn biliklərindən belə xəbərsiz olan təsadüfi şəxslərdən təmizləmək idi. Rəsmi göstəricilər də bu addımın zəruriliyini təsdiqləyir. Proses zamanı hər iki mərhələdə uğursuzluğa düçar olan 9 mindən artıq şəxsin müəllimlik fəaliyyətindən uzaqlaşdırılması təhsil sistemində məhz ilkin təmizlənmə və saflaşdırma mərhələsinin aparıldığını sübut edir".
Sertifikasiyanın daimi olaraq icbari və cəzalandırıcı bir mexanizm kimi saxlanılması da düzgün yanaşma deyil:
"Qərb ölkələrində könüllü sertifikasiya modelinin effektiv işləməsinin kökündə həmin dövlətlərdə pedaqoji ali məktəblərə qəbulun və universiteti bitirməyin son dərəcə çətin olması dayanır. Yəni, inkişaf etmiş ölkələrdə məktəbə qədəm qoyan müəllimin baza biliyi artıq dövlət tərəfindən tam təmin olunmuş sayılır və sertifikasiya sadəcə əlavə status, yaxud yüksək əməkhaqqı qazanmaq üçün könüllü vasitəyə çevrilir. Azərbaycanda isə birinci dövrə üzrə ilkin kadr təmizlənməsi tam başa çatmadan könüllü sistemə keçid tədrisin keyfiyyətini yenidən təhlükə altına ata bilər. Çünki hazırlıq səviyyəsi aşağı olan müəllimlər könüllü imtahandan kənarda qalmağa üstünlük verəcək və nəticədə şagirdlər keyfiyyətsiz təhsillə üzləşəcəklər.
Digər tərəfdən, sertifikasiyanın daimi olaraq icbari və cəzalandırıcı bir mexanizm kimi saxlanılması da düzgün yanaşma deyil. Fikrimcə, məcburi formadan könüllülük prinsipinə keçid yalnız konkret mərhələlər tamamlandıqdan sonra reallaşa bilər. İlk növbədə, ölkə üzrə bütün fənn müəllimlərinin birinci sertifikasiya dövrəsi tam yekunlaşmalı və sistem zəif kadrlardan azad edilməlidir. İkincisi, pedaqoji kadr hazırlayan universitetlərə qəbul və məzunolma standartları elə səviyyəyə qaldırılmalıdır ki, məktəbə gələn gənc mütəxəssisin peşəkarlığına heç bir şübhə qalmasın. Üçüncüsü isə tamştatlı müəllim modeli kimi yeni idarəetmə mexanizmləri məktəb mühitində tam oturuşmalıdır.
Hesab edirəm ki, qarşıdakı üç-beş il ərzində birinci mərhələ üzrə kadr formalaşması yekunlaşdıqdan sonra sertifikasiyanın tamamilə könüllü əsaslara keçirilməsinə ciddi ehtiyac yaranacaq. Həmin dövrdə sertifikasiya müəllimi işini itirmək qorxusu ilə imtahana çəkən inzibati alət deyil, öz bacarığını təsdiqləyib daha yüksək maaş və karyera pilləsi əldə etmək istəyən pedaqoqlar üçün könüllü həvəsləndirmə mexanizminə çevrilməlidir. Bu addım həm məktəblərdəki psixoloji gərginliyi aradan qaldırar, həm də Azərbaycan təhsilini qabaqcıl dünya standartlarına tam uyğunlaşdırar".