Azərbaycanda doktorantura təhsilinin təşkili, dissertasiyaların vaxtında müdafiə olunmaması və elmi kadr hazırlığının mövcud vəziyyəti yenidən müzakirə mövzusuna çevrilib.
Doktorantların cəmi 5-6 faizinin dissertasiyasını nəzərdə tutulan müddətdə müdafiə edə bilməsi bu sahədə sistemli problemlərin mövcudluğu ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bunun çox ciddi problem olduğunu və məsələ ilə bağlı araşdırma apardığını qeyd edib.
"İlk növbədə, problemin səbəbləri dərindən öyrənilməlidir. Doktorantura təhsili ciddi zaman və əmək tələb edir. Lakin biz bəzi hallarda doktorantların paralel olaraq işləməyə məcbur qaldıqlarını görürük. Bunun əsas səbəblərindən biri doktorantlara ödənilən vəsaitin kifayət qədər olmamasıdır. Nəticədə gənc tədqiqatçı həm maddi təminat əldə etmək, həm də doktorant statusunu qorumaq istəyir. Ancaq elmi fəaliyyətə lazımi vaxt ayırmadan uğurlu nəticə əldə etmək çətindir.
Burada əsas problemlərdən biri elmi rəhbərlik institutunun fəaliyyətidir. Bəzi hallarda elmi rəhbərlərin özlərinin elmi fəaliyyəti kifayət qədər olmur. Sovet dövründən qalma yanaşmalarla müasir dövrün gənc tədqiqatçılarına rəhbərlik etmək mümkün deyil. Bu gün rəqəmsal dövrdür, informasiya bolluğu var. Əvvəllər müəyyən mövzu ilə bağlı cəmi bir neçə mənbə tapmaq mümkün idisə, indi milyonlarla elmi materiala çıxış var. Belə şəraitdə elmi rəhbər tədqiqatçıya düzgün istiqamət verməyi, mənbələri seçməyi və elmi yanaşma formalaşdırmağı bacarmalıdır.
Təəssüf ki, bəzi universitetlərdə elmi fəaliyyəti kifayət qədər olmayan şəxslər doktorantlara rəhbərlik edirlər. Elmi fəaliyyəti olmayan universitetlərin doktorantura hazırlığı aparması da suallar doğurur. Mən dəfələrlə bu məsələni gündəmə gətirmişəm: əgər universitetin, kafedranın və elmi rəhbərin müvafiq istiqamətdə elmi fəaliyyəti yoxdursa, orada doktorantura hazırlığı necə həyata keçirilir?!
Digər tərəfdən, doktorantların özləri də seçim zamanı diqqətli olmalıdırlar. Elmi rəhbəri, kafedranı, tədqiqat mövzusunu və universitetin imkanlarını əvvəlcədən araşdırmaq lazımdır. Çünki söhbət insanın gələcək həyatının üç ilindən gedir. Bütün bunlara diqqət yetirilmədikdə, doktorantura müddəti başa çatır, lakin müdafiə mümkün olmur.
Bu gün beynəlxalq elmi mənbələrə çıxış imkanları kifayət qədər genişdir. Əvvəllər müəyyən elmi mənbələri əldə etmək üçün başqa ölkələrə, məsələn, Londona və ya Moskvaya getmək lazım gəlirdi. Mən özüm də vaxtilə bir dissertasiyanı oxumaq üçün Moskvaya səfər etmişəm. İndi isə vəziyyət tamamilə fərqlidir. İnternet vasitəsilə dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi əsərləri, dissertasiyaları və kitabları əldə etmək mümkündür. Lazımi mənbələri tapmaq, oxumaq və onlara istinad etmək üçün geniş imkanlar mövcuddur.
Mən hesab edirəm ki, doktorant universitet və elmi istiqamət seçərkən bütün bu məsələləri əvvəlcədən araşdırmalıdır. Əgər hər hansı ixtisas üzrə universitetdə laboratoriya yoxdursa, həmin sahədə müvafiq müəllim və elmi potensial mövcud deyilsə, doktorant bunu nəzərə almalıdır. Mən həmişə tələbə və doktorantlara tövsiyə edirəm ki, seçim etməzdən əvvəl araşdırma aparsınlar. Elmi rəhbər kimdir, hansı kafedrada fəaliyyət göstərəcək, seçdiyi mövzu üzrə hansı tədqiqatlar aparılıb, universitetin imkanları nədən ibarətdir? Bütün bunlar əvvəlcədən dəqiqləşdirilməlidir.
Təəssüf ki, bəzi hallarda fəaliyyəti zəif olan kafedralar doktorantura hazırlığı ilə məşğul olurlar. Nəticədə üçillik təhsil müddəti başa çatır, doktorant isə dissertasiyasını müdafiə edə bilmir.Bu istiqamətdə mənim geniş tədqiqatım var. Hesab edirəm ki, məsələ daha dərindən araşdırılmalı və müzakirəyə çıxarılmalıdır. Təəssüf ki, keçirilən tədbirlərdə bu problemlərə hər zaman lazımi diqqət ayrılmır. Halbuki doktorantların real problemləri, elmi rəhbərlik mexanizmi və müdafiə göstəricilərinin aşağı olmasının səbəbləri açıq şəkildə müzakirə edilməlidir.
Bu baxımdan, Naxçıvanda keçirilən tədbiri də müsbət qiymətləndirirəm. Naxçıvan Dövlət Universitetində qısa müddət ərzində doktorantura istiqamətində görülən işlər məni sevindirdi. Universitetdə elmi şuraların yaradılması və doktorantura üzrə qəbul imkanlarının genişləndirilməsi müsbət addımlardır. Bu istiqamətdə əldə olunan nəticələr diqqətəlayiqdir".