Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb.
AzEdu.az xəbər verir ki, Gürcüstan Texniki Universitetində keçirilən konfransda elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri qatılıblar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova da konfrans iştirakçıları arasındadır.
Professor Gülçöhrə Məmmədova tədbir çərçivəsində keçirilən müzakirələrdə çıxış edərək Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılması və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. O, həmçinin ali təhsil müəssisələri arasında akademik tərəfdaşlığın inkişafının təhsilin keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Tədbir çərçivəsində AzMİU ilə Gürcüstan Texniki Universiteti, Tbilisi Dövlət Rəssamlıq Akademiyası və Qara Dəniz Beynəlxalq Universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumları da imzalanıb. Memorandumlar universitetlər arasında akademik əlaqələrin genişləndirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşkili və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransda Azərbaycan və Gürcüstan universitetlərinin rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili, ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi təşkil olunub.
Qeyd edək ki, bu kimi konfranslar iki ölkə arasında ali təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, universitetlərarası əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin təşviqi, birgə elmi-tədqiqat təşəbbüslərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. AzMİU-nun belə beynəlxalq platformalarda təmsil olunması universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin inkişafına töhfə verir.