Təhsil haqqını ödəmək imkanı olmayan tələbələrin kredit əldə etməsi üçün mövcud mexanizmə yenidən baxılmalıdır.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, gələn il təhsil tələbə kreditlərinin verilməsi üçün 31 milyon manat ayrılması nəzərdə tutulur. O, Təhsil Tələbə Krediti Fondunun mexanizmlərinin ehtiyacı olan hər bir tələbənin kreditdən yararlana biləcəyi şəkildə təkmilləşdirilməsini vacib sayıb.
“Təhsil haqqını ödəmək imkanı olmayan və müraciət edən tələbələrin kredit əldə etməsi üçün müvafiq dəyişikliklər edilməlidir”, – deputat vurğulayıb.
A.İsgəndərovun sözlərinə görə, 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması planlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 562 milyon manat, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 479,5 milyon manat çoxdur. Təhsil xərclərinin dövlət büdcəsi xərclərində payı 12 faiz təşkil edir.
Deputat gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün güzəşt və stimulların artırılmasını da təklif edib. Bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 600-dən çox gəncin kənd rayonlarında işlə təmin olunması üçün büdcədə 20,9 milyon manat nəzərdə tutulub.
Onun fikrincə, gənc müəllimlərin kəndlərdə işləməsi üçün yalnız təbliğatla kifayətlənmək olmaz, buna mane olan səbəblər aradan qaldırılmalıdır.
Komitə sədri müəllimlərin sertifikasiyası və uğur qazananların diferensial əməkhaqqı sisteminə cəlb olunması üçün 286,4 milyon manat ayrılacağını da diqqətə çatdırıb. O, sertifikasiya prosesində şəffaflığın artırılmasını, məktəb və uşaq bağçalarının tikintisi və təmirinə daha çox vəsait yönəldilməsini vacib sayıb.
A.İsgəndərov əlavə edib ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti üçün 6 milyon manat, Qarabağ Universiteti üçün isə 51 milyon manat ayrılması nəzərdə tutulur.
Deputat dağlıq rayonlarda şagird sayının ildən-ilə azalması ilə bağlı köklü qərarların qəbul edilməsinə də çağırıb.