Azedu.az

Sinif otaqlarında kişi müəllimlər azalır - "Çağırış yox, real dəyişiklik lazımdır"

Müəllimlər və elm adamları

17 Noyabr 2026, 16:01
Sinif otaqlarında kişi müəllimlər azalır - "Çağırış yox, real dəyişiklik lazımdır"

"İnsan yetişdirmək kimi ümumi bir məsuliyyətdə kişilərin iştirakının zəifləməsinə alışmamalıyıq. Bu, çox təhlükəli məsələdir".

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil texnoloqu, dosent Şəmil Sadiq rəsmi “Facebook” hesabında paylaşımda qeyd edib.

175812

Uşaqlar məktəbdə yalnız bilik deyil, həm də insan münasibətlərini öyrənirlər. Bu baxımdan, qadın və kişi müəllimlərin birgə fəaliyyəti vacibdir:

"Azərbaycan məktəbində kişi müəllimlər yoxa çıxmaqdadır… Son vaxtlar təhsilimizdə məni ciddi düşündürən məsələlərdən biri kişi müəllimlərin azlığı və bu azlığın getdikcə adi hal kimi qəbul edilməsidir. Məncə, bu, sadəcə kadr məsələsi deyil. Bu, məktəbdə gender balansı, uşağın sosiallaşması və müəllim obrazının necə formalaşması məsələsidir.

Gender bərabərliyindən danışanda adətən qadınların müxtəlif sahələrdə təmsil olunmasını müzakirə edirik. Haqlı olaraq! Amma eyni həssaslığı kişilərin az təmsil olunduğu təhsil sahəsində də göstərməliyik. Bərabərlik məsələsinə yalnız bir istiqamətdən baxmaq olmaz.

Bu fikir qadın müəllimlərimizin əməyini kiçiltmək deyil. Azərbaycan təhsilinin yükünü illərdir böyük fədakarlıqla daşıyan qadın müəllimlərimizə minnətdarıq. Məsələ həmin yükün və insan yetişdirmək məsuliyyətinin qadınlarla kişilər arasında daha balanslı bölüşdürülməsidir.

Məktəb yalnız bilik verilən yer deyil. Uşaq burada münasibət qurmağı, fikir ayrılığını, qayğı göstərməyi, məsuliyyət daşımağı müxtəlif insanların davranışında görür. Buna görə də mən məktəbdə qadın və kişi müəllimlərin birlikdə, fəal iştirakını vacib sayıram. Bu müxtəliflik həm qızların, həm də oğlanların qarşısında daha zəngin insan və peşə nümunələri yarada bilər".

Müəllimin gur səslə göstəriş verməsi ilə uşağa qəzəblə qışqırması eyni şey deyil. Bu fərqi ayırmağı bacarmalıyıq:

"Əlbəttə, qadın müəllim yalnız nəvazişin, kişi müəllim yalnız ciddiliyin təmsilçisi deyil. Kişi müəllim də qayğıkeş və həssas, qadın müəllim də prinsipial və tələbkar ola bilər. Elə uşaqların bunu görməsi də əhəmiyyətlidir: qayğı qadınlara, məsuliyyət və nüfuz kişilərə məxsus xüsusiyyətlər deyil. Məktəbdə kişi müəllimin olması həm də qayğı göstərən, dinləyən, öyrədən kişi obrazının görünməsi deməkdir.

Məni narahat edən məqamlardan biri də bəzi valideynlərin kişi müəllimin ciddi ünsiyyət tərzinə dərhal etiraz etməsidir. Uşaq bu üsluba alışmayanda valideyn bəzən hadisəni araşdırmadan müəllimin davranışını problem sayır. Düşünürəm ki, burada bir sualın üzərində dayanmalıyıq: kişi müəllimlərlə az qarşılaşmağımız onların məktəbdəki iştirakına və davranışına dair gözləntilərimizi də daraldırmı?

Bir dəfə valideyn idman müəllimindən şikayət edirdi: “Ucadan danışır, tapşırıqları sərt verir”. Halbuki idman zalında hamının eşitməsi üçün verilən gur göstərişlə uşağın üstünə qəzəblə qışqırmaq eyni şey deyil. Bunları ayırmağı bacarmalıyıq. Eyni zamanda, heç bir müəllim ciddilik adı altında uşağı təhqir edə, alçalda və qorxuda bilməz.

Uşağı qorumaq vacibdir. Amma onu hər tələbə, hər irada, hər fərqli ünsiyyət tərzinə qarşı müdafiəyə çəkmək nə dərəcədə doğrudur? Məktəb uşağın daim razı qaldığı yer ola bilməz. Burada o, həm də qaydalarla, öhdəliklərlə və öz davranışının nəticələri ilə qarşılaşır".

Müəllimliyi qadın peşəsi kimi görən təsəvvürə yenidən baxmalı, kişilərin təhsildə iştirakını artırmalıyıq:

"Mənim əsas narahatlığım budur: insan yetişdirmək kimi ümumi bir məsuliyyətdə kişilərin iştirakının zəifləməsinə alışmamalıyıq. Bu çox təhlükəli məsələdir. Xarakterin formalaşmasında kişi obrazlarının olması çox vacib məsələdir. Müəllimliyi qadın peşəsi kimi görən təsəvvürə də yenidən baxmalıyıq.

Kişilərin təhsilə cəlb olunması və məktəbdə önəmli pedaqoji qüvvəyə çevrilməsi məqsədli və planlı iş tələb edir. Bunun yolu yalnız “kişilər müəllim olsun” çağırışından keçmir. Müəllim peşəsinin nüfuzu, əməkhaqqı, iş şəraiti və peşəkar inkişaf imkanları bu müzakirənin mərkəzində dayanmalıdır. Müəllim olmaq istəyən gənc oğlan bu seçimi gələcəyi olan, cəmiyyətin hörmət etdiyi bir peşə yolu kimi görməlidir.

Say balansı özlüyündə keyfiyyətə zəmanət vermir. Məktəbə gələn hər kəsdən peşəkarlıq və uşağa hörmət tələb olunmalıdır. Amma keyfiyyət haqqında danışmaq gender balansındakı problemi görməməyimizə də bəraət qazandırmır.

Uşaq yetişdirmək yalnız qadının məsuliyyəti deyil. Azərbaycan məktəbində kişi müəllimin yeri də, səsi də, əməyi də daha çox görünməlidir".

Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var
Son xəbərlərDaha çox