Hazırda müzakirə statusunda olan tamştatlı müəllim modelinin tətbiqi təhsil keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm addım ola bilər.
Lakin burada əsas məsələ dərs prosesindən sonrakı iş saatlarında zaman kəsiminin nələrə sərf olunması, bunlarla bağlı hansı proqramların təklifi və qəbuludur. Məsələn, bir müəllimin məktəbdə gün ərzində 8 saat qalması icbaridirsə, bu, ay ərzində (24 iş gününün müqabilində) 192 saata bərabər olacaqdır. Onun dərs saatının həftə ərzində orta hesabla 24 saat (bu 18 saat da ola bilər) olduğu nəzərə alınsa, 24 iş günü ərzində pedaqoji prosesə həsr etdiyi zamanın cəmi 96 saat olduğu görünür. Müəllim həftəlik 24 saat deyil, 18 saatlıq dərs saatına malikdirsə, o zaman bu, aylıq 72 saat sinifdə olmanın bir sübutudur. O zaman 24 iş günü ərzində məktəbdə keçirilən ümumi 192 saatdan cəmi 72-nin tədrisə ayrılması, müəllimdən əlavə bacarıq və tətbiqlər tələb edəcək.
O, yerdə qalan 120 saatı məktəbdaxili pedaqoji fəaliyyət, metodik iş və tərbiyəvi proseslərə sərf etməyə çalışacaqdır. Dərsdənkənar aylıq saatların isə düzgün şəkildə doldurulması, tədris prosesi üçün faydalı hala gətirilməsindən ötrü ayrıca proqramın hazırlanmasına ciddi ehtiyac vardır. Həmin proqrama əsasən daxili metodik inkişaf planı, təlimlər, müəllimlərarası dərs dinləmələri, layihələr üzərində iş, fasiləsiz peşəkar inkişaf və məktəbdaxili tədqiqat fəaliyyətlərinin tənzimlənməsi tədris prosesini inkişaf etdirən mexanizm rolunda çıxış edə biləcəkdir. Yuxarıda sadalanan səbəblərdən məktəblərdə tamştatlı müəllim modelinin tətbiqini gələcək təhsil strategiyası üçün uğurlu hesab etmək olar.
Təklif olunan yeni modelin əsas məqsədi müəllimi tamamilə məktəbə aid olan bir persona kimi formalaşdırmaq və onun axşam saatlarında, işdən sonrakı zamanında sosial təminatının təmini üçün əlavə işə olan asılılığının qarşısını almaqdır.
Fərziyyələrə görə, “tamştatlı müəllim” modeli əsas mahiyyəti ilə repetitorluğa qarşı atılmış addım kimi dəyərləndirildi. Lakin “tamştatlı müəllim modelinin” məzmun və standartları yalnız repetitorluq institutuna qarşı mübarizə kimi dəyərləndirilməməlidir.
Sadəcə, modelin tərkib hissələrindən biri də məktəb daxilində hazırlıq mexanizminin formalaşdırılmasıdır. Bu ildən etibarən tam orta məktəb modeli tətbiq edilib ki, burada da məqsəd məktəbin daxilində şagirdlərin dövlət hesabına ali təhsil müəssisələrinə hazırlaşdırılmasıdır.
Model çərçivəsində müəyyən bölgələrdə hazırlıqlı müəllimlərdən ibarət qrupların yaradılması və onların əlavə maaş almaq şərtilə şagirdlərə məktəb daxilində dövlət hesabına ali təhsil müəssisələrinə hazırlıq təşkil edilməsi gözlənilir.
Tamştatlı müəllim modelinin tədrisə inkişafını əks etdirən çox vacib elementlər mövcuddur. Burada əsasən müəllimin pedaqoji işin təşkili (dərs prosesi) ilə yanaşı, yerdə qalan iş saatlarında təhsil üçün faydalılığına, həmçinin, özünütəkmilləşdirmə meyarlarına və istirahət-bərpa saatlarının səmərəli keçirilməsinə xüsusi diqqət yetirilir.
Məsələn, Finlandiyada müəllimlər dərsdən sonra məktəbdə qalaraq dərs analizi, layihə müzakirələri və fərdi şagird dəstəyi ilə məşğul olurlar. Orada “teacher as researcher” prinsipi əsasdır. Sinqapurda hər müəllimin həftəlik 5-6 saatı yalnız peşəkar öyrənmə görüşlərinə həsr olunur. Cənubi Koreyada müəllimlər 8 saatlıq iş rejimində məktəbdə olur, lakin bu vaxtın yalnız 40%-i dərs, qalan hissəsi pedaqoji planlaşdırma, tədqiqat və qiymətləndirmə işlərinə sərf edilir. Estoniyada müəllimlərin gündəlik məktəbdə olması həm rəqəmsal idarəetməni, həm də şagird monitorinqini asanlaşdırır.
Bir çox Avropa ölkələrinin təcrübəsində müəllimlərin iş rejimi gündəlik 8 saatlıq qrafiklə hesablanır. Buna nümunə olaraq Almaniya, Fransa, İngiltərə, İtaliya və s. Qərb dövlətlərini misal göstərə bilərik. Qeyd ediləsi vacib detal budur ki, bu ölkələrin demək olar hamısında müəllimin özünütəkmilləşdirməsinə, iş saatı müddətində təlim və özünüinkişaf kurslarında iştirakına, eləcə də rəqəmsal bacarıqların artırılmasına xüsusi diqqət yetirilir. Müəllimin iş saatında özünüinkişaf proqramına həsr etdiyi zaman kəsimi dərs prosesinə ayırdığı vaxtla müqayisədə çoxluq təşkil edir (Almaniya istisna olmaqla).
Elmin Nuri
Elm və təhsil məsələləri üzrə tədqiqatçı