Müəllimlik peşəsinin nüfuzu, yüksək bal toplayan abituriyentlərin pedaqoji ixtisaslara marağı və repetitorların ixtisas seçiminə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir.
Xüsusilə, yüksək nəticə göstərən gənclərin müəllimlik peşəsini seçməməsi və bu sahəyə marağın azalması gələcəkdə müəllim hazırlığının keyfiyyəti ilə bağlı narahatlıqlar yaradır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev bildirib ki, mövcud vəziyyət davam edərsə, gələcək nəslin təlim və tərbiyəsində ciddi problemlər yarana bilər:

“Çünki ixtisas seçimi zamanı yüksək bal toplayan gəncləri pedaqoji ixtisaslara yönəltməkdə çətinlik çəkirik. Valideynlər də, abituriyentlərin özləri də yüksək nəticə göstərdikləri halda müəllimlik ixtisaslarını seçməyə maraq göstərmirlər. Bunun əsas səbəblərindən biri müəllimlik sahəsində əməkhaqlarının aşağı olması və bu peşənin digər sahələrlə müqayisədə daha az gəlirli hesab edilməsidir. Yüksək bal toplayan abituriyentlərin daha çox ixtisas seçimi imkanı olduğundan onlar təbii olaraq gəlir perspektivi daha yüksək olan sahələrə üstünlük verirlər.
Qəbul nəticələrinə nəzər saldıqda da müəllimlik ixtisasları üzrə keçid ballarının aşağı olduğunu, bəzi pedaqoji ixtisaslarda isə plan yerlərinin boş qaldığını görürük. Hətta həmin yerlər əlavə qəbul mərhələsinə çıxarılır. Bu isə gənclərin pedaqoji ixtisaslara marağının azaldığını və bu sahəyə əvvəlki qədər meyil göstərmədiyini ortaya qoyur. İlk növbədə, hesab edirəm ki, pedaqoji ixtisaslar üzrə plan yerləri azaldılmalı, qəbul daha çox dövlət sifarişi əsasında həyata keçirilməlidir. Başqa sözlə, kəmiyyəti azaldaraq keyfiyyəti artırmaq lazımdır”.
İkinci mühüm məsələ müəllimlərin əməkhaqlarının artırılmasıdır:
“Bununla yanaşı, onların sosial təminatı gücləndirilməli, xüsusilə nəqliyyat və digər sosial sahələrdə güzəştlər tətbiq olunmalıdır. Bu addımlar müəllimlik peşəsinin gənclər üçün daha cəlbedici olmasına şərait yarada bilər. Sinqapur modelinə nəzər saldıqda görürük ki, orada yüksək bal toplayan gənclər müəllimlik peşəsinə yönləndirilir və bu ixtisası seçməyə təşviq olunurlar. Çünki hesab edirlər ki, gələcək nəslin təlim və tərbiyəsini məhz yüksək bilik və bacarıqlara malik müəllimlərə etibar etmək lazımdır. Düşünürəm ki, bizdə də bu istiqamətdə müvafiq addımlar atılmalıdır.
Hazırda 600-dən yuxarı bal toplayan abituriyentləri pedaqoji ixtisasları seçməyə inandırmaqda ciddi çətinlik çəkirik. Onlar daha gəlirli sahələrə üstünlük verirlər və bu seçimdə müəyyən mənada haqlıdırlar. Lakin müəllimlərin əməkhaqları artırılarsa, sosial güzəştlər tətbiq olunarsa, yüksək bal toplayan gənclərin də pedaqoji ixtisaslara marağını artırmaq mümkün olar.
Bu istiqamətdə müəllimlərin özlərinin də üzərinə müəyyən məsuliyyət düşür. Müəllimlər şagirdlərlə ünsiyyət zamanı öz peşələrini təbliğ etməli, müəllimlik ixtisasının əhəmiyyətini izah etməli və gəncləri bu sahəyə təşviq etməlidirlər. Çünki gələcək nəslin təlim-tərbiyəsi müəllimdən başlayır. Müəllim nə qədər savadlı olarsa, yetişən nəsil də bir o qədər bilikli və hazırlıqlı olar.
Sertifikasiya imtahanlarının nəticələrində də bu istiqamətdə müəyyən problemlərin mövcud olduğunu gördük. Xüsusilə, ibtidai sinif müəllimləri arasında ciddi bilik və bacarıq çatışmazlıqları müşahidə edildi. İmtahandan keçə bilməyən müəllimlərin sayı da kifayət qədər çox idi. Halbuki ümumi təhsilin təməli məhz ibtidai siniflərdə qoyulur. Bu mərhələdə keyfiyyətli tədris təmin olunarsa, gələcəkdə daha savadlı və hazırlıqlı nəslin yetişməsinə zəmin yaranar.
Ümid edirəm ki, ölkəmizdə də bu istiqamətdə müvafiq addımlar atılacaq, müəllimlərin əməkhaqlarının artırılması və sosial təminatının gücləndirilməsi məsələləri həllini tapacaq. Belə olan halda, yüksək bal toplayan gənclərin pedaqoji ixtisaslara yönəlməsinə daha əlverişli şərait yaranacaq.
Bununla yanaşı, pedaqoji ixtisasların bütün universitetlərdə açılmasını da məqsədəuyğun hesab etmirəm. Bu ixtisaslar daha çox müvafiq sahə üzrə ixtisaslaşmış, özünü doğrultmuş ali təhsil müəssisələrində tədris olunmalıdır. Beləliklə, qəbul planını məhdudlaşdırmaqla yanaşı, müəllim hazırlığının keyfiyyətini də yüksəltmək mümkün olar”.