Keçid ballarına nəzər saldıqda görürük ki, xüsusilə I ixtisas qrupu üzrə müəllimlik ixtisaslarında Bakı və region universitetləri arasında fərqli tendensiyalar müşahidə olunur.
Belə ki, paytaxt universitetlərində bəzi müəllimlik ixtisasları üzrə keçid balları azaldığı halda, region universitetlərində və ali təhsil müəssisələrinin regional filiallarında artım qeydə alınıb.
Maraqlıdır, bu fərq müəllimlik ixtisaslarına marağın və tələbatın regionlarda daha çox artdığını deməyə əsas verirmi?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri qeyd edib ki, region universitetlərində müəllimlik ixtisaslarına marağın artması müsbət siqnaldır, lakin keçid ballarını təkbaşına əsas göstərici hesab etmək olmaz:

"Ali təhsil müəssisələrinə qəbulda keçid ballarının formalaşması bir yox, bir neçə amildən asılıdır. Yəni, burada yeganə meyarı - yalnız abituriyentlərin hər hansı ixtisasa marağını xüsusi fərqləndirmək tam da doğru olmazdı. Keçid ballarını formalaşdıran, ixtisasa münasibəti dəyişən bir çox detallar var: plan yerlərinin sayı, dövlət sifarişli və ödənişli yerlərin nisbəti, universitetin yerləşdiyi ərazi, tədris proqramının xüsusiyyətləri və abituriyentlərin seçim strategiyası.
Regionlarda yerləşən universitetlərdə pedaqoji ixtisasların keçid ballarının paytaxtda yerləşən ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək olması da əsasən sadalanan səbəblərdən asılıdır.
Son bir neçə ildə regionlarda yerləşən universitetlərdə qəbul dinamikası artmaqla yanaşı, burada ixtisas seçimləri zamanı rəqabətliliyin daha da güclənməsinə səbəb olur. Əminliklə deyə bilərəm ki, hazırda bölgələrdə yerləşən bütün universitetlərdə, eləcə də, paytaxtda yerləşən böyük universitetlərin - BDU, UNEC, ADPU - bölgələrdəki filiallarında da rəqabətlilik xeyli artıb. Bu isə özünü əsasən də III ixtisas qrupu üzrə rəqabətdə göstərir. Bilirik ki, bu qrup üzrə ən çox pedaqoji ixtisasların seçimi imkanı var və gələcəyin müəllimləri də bu rəqabətdə məğlub olmamaq üçün regional universitetləri seçməkdən çəkinmirlər".
Qarabağ Universitetini çıxmaq şərtilə, paytaxt universitetləri ilə yarışacaq bölgə universitetinin olduğunu deyə bilmərik:
"İkinci faktor isə plan yerləri məsələsidir. Bilirik ki, hər hansı ixtisasa ayrılan plan yerləri nə qədər az, ona olan abituriyent müraciəti isə əksinə nə qədər çox olacaqsa, bu gərginliyi daha da artıracaq və nəticədə keçid ballarının kəskin şəkildə artmasına səbəb olacaqdır. Sadalanan bölgə universitetlərində də müəllimlik ixtisaslarının keçid ballarının qalxmasının əsas səbəblərindən biri də məhz budur. Yəni, kimsəyə sirr deyil ki, bu il müəllimlik ixtisaslarının plan yerləri xeyli aşağı düşdü və bu da öz-özlüyündə keçid ballarının qalxmasına səbəb oldu.
Bir başqa faktor isə region universitetlərinin təhsil imkanları və infrastrukturunun inkişaf etməsinin abituriyentlərin seçiminə göstərdiyi təsirdir. Doğrusu, bu yanaşma o qədər də geniş spektrli deyil. Çünki Qarabağ Universitetini çıxmaq şərtilə bu istiqamətdə paytaxt universitetləri ilə yarışacaq bölgə universitetinin olduğunu deyə bilmərik.
Eyni zamanda, abituriyentlərin yaşadıqları bölgədə təhsil almaq istəyi, ailələrin iqtisadi imkanları və yaşayış xərcləri də universitet seçiminə təsir edən amillərdəndir. Bu faktı da qətiyyən gözardı eləmək olmaz".
Bu nəticələri birbaşa regionlarda müəllimlik peşəsinə marağın artması kimi qiymətləndirmək hələ tezdir:
"Bir detalı da xüsusilə qeyd etmək lazımdır. Bu bəzi pedoqoji ixtisasların, məsələn, riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi kimi ixtisasların aktuallığı sürətlə artır. Rəqəmsal transformasiya, süni intellekt və informasiya texnologiyalarının sürətli inkişafı gələcəkdə bu istiqamətdə mütəxəssislərə ehtiyacı daha da artıracaq. Yəni, o ixtisaslarda oxuyan tələbələr yalnız müəllim olmaq üçün yox, həm də İT, mühəndislik sahəsinə keçidi hədəfləyirlər.
Məsələn, Sumqayıt Dövlət Universitetində Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə keçid balının 106,8 bal artaraq 306,8-ə çatması diqqətəlayiq göstəricidir. Mingəçevir və Lənkəran universitetlərində də bu istiqamət üzrə ciddi artımlar müşahidə olunur.
Lakin hesab edirəm ki, bu nəticələri birbaşa regionlarda müəllimlik peşəsinə marağın artması kimi qiymətləndirmək hələ tezdir. Çünki keçid balı konkret ixtisas üzrə qəbul olunan sonuncu abituriyentin müsabiqə nəticəsini əks etdirir. Bu göstərici müraciət edənlərin ümumi sayını, müəllimlik peşəsinə real marağı və gələcək əmək bazarındakı tələbatı tam ifadə etmir".