Azedu.az

“Atamın ən böyük arzusu yaxşı təhsil almağım idi” - Şəhid oğlu

Orta təhsil

4 Noyabr 2026, 15:31
“Atamın ən böyük arzusu yaxşı təhsil almağım idi” - Şəhid oğlu

 “Atam istəyirdi ki, gələcək nəsillər müharibənin ağrılarını yaşamasın”.

AzEdu.az xəbər verir ki, bu sözləri 8 Noyabr - Zəfər Günü münasibətilə Texniki-Humanitar Liseydə keçirilən tədbirdə liseyin 10-cu sinif şagirdi, şəhid övladı Aslan Zeynalov deyib.

O bildirib ki, atası, şəhid kapitan Azad Zeynalovun ən böyük arzularından biri onun yaxşı təhsil alması və gələcəkdə dövlət qulluğunda çalışması olub:

“Atamın ən böyük arzusu mənim yaxşı təhsil almağım və gələcəkdə dövlət işində çalışmağım idi. O istəyirdi ki, yaxşı bir yerdə işləyim, rahat həyatım olsun.

Atam döyüşə yollananda bizimlə danışarkən ön cəbhədə olmadığını deyirdi. Halbuki o, Füzuli və Hadrut istiqamətlərində ən ön cəbhədə döyüşənlərdən biri idi. Sadəcə, anam və mən narahat olmayaq deyə bunu bizdən gizlədirdi.

Atam yaralanaraq Bakıda hospitala gətiriləndə mən bundan yalnız beş gün sonra xəbər tutmuşdum. Anam əvvəlcə mənə heç nə deməmişdi. Oktyabrın 26-da, yaralanmasından 16 gün sonra atam hospitalda ikinci əməliyyat zamanı şəhid oldu”.

Aslan Zeynalov atası ilə sonuncu telefon danışığını da xatırlayıb. O bildirib ki, həmin söhbət atası döyüşə yollanmazdan təxminən 10 gün əvvəl baş tutub:

“Ən çox yadımda qalan onun bizi sakitləşdirməsi oldu. Qardaşımı və məni soruşurdu, qorxmamağımızı istəyirdi. Deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır, sağ-salamat qayıdacağam. Halbuki özü ən ön cəbhədə döyüşürdü və bütün döyüşlərdə iştirak edirdi.

Atam bir döyüşdən sağ çıxmışdı. Həmin döyüşdə çoxlu şəhid vermişdilər. Hətta özü də oradan sağ qalmasına inana bilmirdi. Döyüş yoldaşları sonradan bizə deyirdilər ki, atam həmin döyüşdən sağ çıxmağı möcüzə hesab edirmiş”.

Lisey şagirdi gələcək təhsil planlarından da danışıb. O, II ixtisas qrupu üzrə hazırlaşdığını və maliyyə ixtisasında təhsil almaq istədiyini bildirib. Aslan Zeynalov UNEC və ya ADA Universitetinin tələbəsi olmağı arzulayır.

Zəfərimizin altıncı ildönümü ilə bağlı fikirlərini bölüşən şəhid övladı atasının gələcək nəsillərə ünvanlanan arzusunu da xatırladıb:

“Atam anamla söhbətində demişdi ki, bu döyüşə ona görə gedir ki, Aslan kimi uşaqlara, gələcək nəsillərə belə bir müharibə miras qalmasın. İstəyirdi ki, biz bu döyüşdə qalib gələk və gələcəkdə nə mənim yaşıdlarım, nə məndən böyüklər, nə də kiçiklər bu müharibənin ağrılarını yaşasınlar”.

Qeyd edək ki, şəhid kapitan Azad Rafiq oğlu Zeynalov 1987-ci il martın 4-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ağır yaralanan kapitan Azad Zeynalov 2020-ci il oktyabrın 26-da hospitalda şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia
Son xəbərlərDaha çox