Azedu.az

Dərs saatlarının dəyişdirilməsinə etiraz: Tıxacın səbəbi məktəblər DEYİL

Orta təhsil

17 Oktyabr 2026, 12:16
Dərs saatlarının dəyişdirilməsinə etiraz: Tıxacın səbəbi məktəblər DEYİL

Deputat Mehriban Vəliyeva tıxacların azaldılması məqsədilə dərslərin saat 10:00-11:00 aralığında başlamasını təklif edib.

Maraqlıdır, bu təklif problemin həllinə nə dərəcədə kömək edə bilər?

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, dərslərin saat 10:00-da başlaması tıxac probleminin həllinə kömək etməyəcək:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev...

"Əgər dərslərin saat 10:00-11:00 aralığında başlaması təklif olunursa, bu, tıxac probleminin həllinə o qədər də kömək etməyəcək. Çünki istər-istəməz valideynlər saat 9:00-da işdə olmalıdırlar.

Artıq məlumdur ki, təxminən saat 8:30-dan 9:00-a qədər yollarda tıxac yaranır. Hətta saat 8:00-dan 9:00-a qədər də tıxac olur, çünki hər kəs saat 9:00-da işində olmağa çalışır. Əgər bu saatlarda tıxac yaranırsa və hər kəs işə çatmağa çalışırsa, orta ümumtəhsil məktəblərində dərslərin saat 10:00-da başlaması məsələsi ortaya çıxanda, saat 9:00-dan 10:00-a qədər də eyni vəziyyətin yaranması mümkündür. Əgər söhbət şagirdlərin dərsə başlama saatının tıxaca təsirindən gedirsə, bu məqam da nəzərə alınmalıdır.

Bununla yanaşı, bəzi valideynlər özləri də işləyirlər. Onlar saat 9:00-da işdə olmaq üçün uşaqlarını saat 8:00-da məktəbə aparıb qoyur, daha sonra öz işlərinə gedirlər. Belə bir dəyişiklik həmin valideynlər üçün də müəyyən problemlər yarada bilər. Çünki valideyn saat 9:00-da işdə olmalıdırsa, dərslər saat 10:00-11:00 aralığında başlayacağı təqdirdə, uşağını məktəbə aparmaq üçün yenidən gəlməli ola bilər. Belə valideynlər var ki, uşaqlarını özləri məktəbə aparırlar. Xüsusilə azyaşlı uşaqları məktəbə, əlbəttə ki, valideynləri aparırlar. Bu, böyük problemlərə səbəb ola bilər".

Dərslərin saat 10:00-11:00-da başlaması ikinövbəli məktəblərdə şagirdlərin axşam saat 21:00-da evə getməsinə səbəb ola bilər.  Bu isə uşaqlar üçün əlavə çətinliklər yarada bilər:

"İkinci məsələ isə bəzi məktəblərin birnövbəli, bir çoxunun ikinövbəli, hətta bəzi məktəblərin üçnövbəli olmasıdır. Keçən dəfə üçnövbəli məktəblərdən söhbət gedəndə mən də təəccübləndim. Hətta Sumqayıtın Saray qəsəbəsində bir məktəbin üçnövbəli olduğu qeyd olunur.

İndi ikinövbəli məktəbləri nəzərdən keçirək. Belə bir məktəbdə dərslər saat 10:00-da və ya 11:00-da başlayarsa, bu, avtomatik olaraq dərslərin iki saat gec bitməsi deməkdir. Məsələn, saat 13:00-da bitən dərslər 15:00-da başa çatacaq. Əgər dərslər saat 11:00-da başlayarsa, şagirdlər məktəbdən təxminən saat 16:00-da çıxacaqlar.

Burada növbələr arasında da müəyyən fasilə olmalıdır ki, dərslər üst-üstə düşməsin. Ən azı yarım saat, yaxud bir saatlıq fasilə nəzərdə tutulmalıdır. Tutaq ki, birinci növbənin dərsləri saat 15:00-da başa çatır, ikinci növbənin dərsləri isə saat 16:00-da başlayır. İkinci növbədə dərslər beş saat davam edərsə, şagirdlər məktəbdən axşam saat 21:00-da çıxacaqlar.

Axşam saat 21:00-da dərsləri bitən şagird üçün növbəti günün tapşırıqlarını hazırlamaq, dərslərini oxumaq, evə gəlib yemək yemək, istirahət etmək və vaxtında yatmaq ciddi problemə çevriləcək. Bu isə uşaqlar üçün əlavə çətinliklər yarada bilər".

Məktəblərinin tıxac probleminə təsirinin o qədər də böyük olmadığını düşünürəm:

"Bir məqamı da nəzərə almaq lazımdır ki, orta ümumtəhsil məktəblərində dərslər saat 8:00-da başladığı üçün tıxac əsasən səhər saat 7:30-dan 8:00-a qədər, ən çoxu isə bu vaxt aralığında yaranır. Ondan sonra vəziyyət nisbətən normallaşır.

İndi isə tıxac problemini həll etmək məqsədilə dərslərin başlama saatını 10:00-11:00-a keçirmək təklif edilir. Bəs görəsən, hansı variant daha yaxşıdır? Mən hesab edirəm ki, dərslərin səhər tezdən başlaması daha məqsədəuyğundur. Çünki həmin vaxt, xüsusilə saat 8:00 ətrafında, yollarda əsasən məktəbə gedənlər olur, işə gedənlərin sayı isə nisbətən az olur.

Bəlkə də Bakıdan Sumqayıta gedənlər müəyyən problemlərlə üzləşirlər. Bu problemlərin həlli istiqamətində tədbirlər görülməlidir. Xüsusilə Xırdalan istiqamətində, eləcə də Şamaxinka və onun ətrafındakı yollarda yaranan tıxaclar tənzimlənməli, hərəkətin təşkili yaxşılaşdırılmalıdır.

Ümumilikdə isə hesab edirəm ki, məktəblərin şəhər nəqliyyatında yaratdığı tıxac o qədər də ciddi deyil. Bəzi ərazilərdə, xüsusilə mərkəzi küçələrdə yerləşən məktəblərin qarşısında sıxlıq yarana bilər. Lakin ümumi mənzərəyə baxdıqda, orta ümumtəhsil məktəblərinin tıxac probleminə təsirinin o qədər də böyük olmadığını düşünürəm".

Dərs saatlarını dəyişməkdənsə, şagirdlərin məktəbə avtobuslarla daşınması layihəsi daha məqsədəuyğun həll yolu ola bilər:

"Ən böyük təsir, qeyd etdiyim kimi, bəzi mərkəzi küçələrdə yerləşən məktəblər istisna olmaqla, universitetlərdən qaynaqlanır. Peşə təhsili müəssisələrinin də bu baxımdan təsiri böyükdür. Artıq peşə təhsilində də canlanma olacaq. Yəni əsas sıxlıq tələbələrlə bağlıdır.

Çünki universitetlərin əksəriyyəti mərkəzi küçələrdə yerləşir. Mənim düşüncəm və təklifim budur ki, şagirdlərin dərs saatlarını dəyişməyi təklif etməkdənsə, başqa həll yollarını nəzərdən keçirmək daha məqsədəuyğun olmazdımı?

Məsələn, Elm və Təhsil Nazirliyinin məktəbli daşımaları ilə bağlı avtobus layihəsi var idi. Hesab edirəm ki, şagirdlərin məktəbə avtobuslarla daşınmasını nəzərdə tutan bu layihə daha fəal həyata keçirilsə, daha yaxşı nəticə əldə etmək olar. Bu, həm tıxacın azalmasına, həm də şagirdlərin məktəblərə təhlükəsiz şəkildə gedib-gəlməsinə kömək edə bilər. Məktəblilərin daşınması ilə bağlı layihə çərçivəsində xüsusi avtobusların ayrılması və şagirdlərin həmin avtobuslarla ümumtəhsil məktəblərinə daşınması nəzərdə tutulurdu. Bu, kifayət qədər genişmiqyaslı layihə olmalı idi.

Layihənin adı çəkilsə də, onun icrası, mənim müşahidələrimə görə, hələ də arzuolunan səviyyədə deyil. Əlbəttə, bəlkə də bu xidmətdən istifadə edənlər və ya onun tətbiqini müşahidə edənlər var. Ola bilsin ki, layihə bir neçə məktəbdə həyata keçirilib, digər məktəblər isə kənarda qalıb.

Ümumilikdə, hesab edirəm ki, bu məsələdə çox dəyərli millət vəkilimizin dərs saatlarının dəyişdirilməsi ilə bağlı təklifi məqsədəuyğun deyil". 

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox