Azedu.az

Çağdaş Azərbaycan elmində ən ciddi nöqsanlar- Çıxış yolları - I HİSSƏ

AzEdu Təhsil Analitika Mərkəzi

Araşdırma

16 Oktyabr 2026, 17:53
Çağdaş Azərbaycan elmində ən ciddi nöqsanlar- Çıxış yolları - I HİSSƏ

GİRİŞ

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioriteti,  milli maraqların ödənilməsində əsas meyarlardan biri hesab edilir.

“Elmin İnkişafı üzrə Milli Strategiya”da da vurğulandığı kimi, dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir.

Hazırda ölkədə elmin beynəlxalq  elmi mühit, onun  texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkili ilə bağlı görülən işlər artan templə davam etməkdədir. Bu istiqamətdə rastlanan çatışmazlıqlar, dünya elminin inkişaf tempi, modern yanaşmaları ilə uyğunlaşmada qarşıya çıxan problemlər atılacaq addımların strateji yol xəritəsinin hazırlanması üçün əsas meyar rolunu  oynamaqdadır.

Bu gün həqiqətən də elm və təhsil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən  aparıcı qüvvə, davamlı inkişafın əsasını təşkil edən  ciddi bir faktor kimi qəbul edilir.

Elmi inkişafın hazırki dövrdə əsas göstəriciləri elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması, Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması və s. kimi faktorlardır ki, hazırda bu istiqamətdə kəmiyyət və keyfiyyət baxımından müəyyən addımlar atılır. 

Hazırda Azərbaycanda elmin inkişafı üçün  qarşıya qoyulan əsas hədəflər aşağıdakı istiqamətləri əhatə edir: 

-elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi;

-biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılması, elm sahəsində idarəetmə sistemi  və elmi infrastrukturun modernləşdirilməsi;

-elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi;

-yüksəkixtisaslı kadrların hazırlanması, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsi;

-elmin, təhsilin və istehsalın inteqrasiyasın gücləndirilməsi;

-elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi;

Perspektivlər və gələcəyə hesablanan inkişaf modulları

Ən son qəbul edilən  “Elmin İnkişafı üzrə Milli Strategiya”da (2009) elmin cari durumu kifayət qədər korrekt şəkildə təhlil edilmiş və çatışmazlıqların bir qismi göstərilib;

“Elmin maliyyələşdirilməsi sahəsində də mövcud vəziyyət qənaətbəxş deyil. Əgər 1980-1990-cı illəri əhatə edən dövrdə büdcədən elmə sərf olunan xərclərin ÜDM-də payı 0,3-0,5% hüdudlarında idisə, 1998-2008-ci illər ərzində bu rəqəm 0,2% təşkil edib.

Ali məktəblərdə elmi tədqiqatlara ayrılan vəsaitin həcmi və elmi sektorda çalışan əməkdaşların sayı heç də qənaətbəxş sayıla bilməz. Bütövlükdə Azərbaycan elminin maddi-texniki bazası olduqca köhnəlmiş hesab edilməlidir. Elmi təşkilatların əsas fondlarındakı avadanlıqların yaşı 20 ildən artıqdır. Patent aktivliyi baxımından da bu təşkilatların fəaliyyəti qaneedici deyil”.

Adıçəkilən sənədə əsasən, bütövlükdə Azərbaycan elminin bugünkü vəziyyəti dövlətin innovasiya siyasətinin təminatı etibarilə müasir tələblərə cavab vermir. Azərbaycan elmi həm struktur cəhətdən, həm də aparılan tədqiqatların mövzu və əhatə dairəsinə görə əsasən sovet dövründə formalaşmış qəliblər çərçivəsində qalmaqdadır.

Strategiyada qeyd edilən məsələlərin bir çoxu bugün üçün də öz aktuallığını qoyurub saxlasa da, ən son dövrlərdə həyata keçən bəzi müsbət yeniliklərin də şahidi oluruq. Bu yeniliklər elmin inkişaf strategiyası üçün qarşıya qoyulan hədəflərdən bir neçəsini özündə əks etdirməyi bacarmışdır.

Məsələn, azərbaycanlı  alimlərin “Scopus” bazasındakı göstəriciləri yüksəlməsi elmi inkişaf adına ciddi siqnallardan biri kimi qəbul edilə bilər.

2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin “Scopus” elmmetrik verilənlər bazasında göstəricilərində ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpan artım müşahidə olunmuşdur. Bu göstəricilərə istifadəçi sayı, dərc olunan elmi işlərin sayı, elmi işlərin sitatları, sahə üzrə istinad təsiri, məqalələrin dərc olunduğu jurnalların keyfiyyəti və beynəlxalq əməkdaşlıq aiddir.

“Scopus”dakı istifadəçi sayı təkcə bu ilin ilk 8 ayı ərzində ötən ilə nisbətdə 2 dəfədən çox artaraq 13 minə çatmışdır.

İstifadə göstəriciləri ilə bərabər azərbaycanlı alimlərin ötən il 1800-dən bir qədər çox olan məqalə sayı bu il artaraq 2382-ə bərabər olmuşdur. Nəzərə alsaq ki, 2024-cü ildə dərc olunan elmi işlərin sayımı 2025-ci ilin may-iyun aylarınadək davam edəcək, ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3000-dən çox olacağı istisna edilmir.

Dərc olunan elmi işlərin sayı ilə yanaşı keyfiyyəti də artmaqdadır. Belə ki, bu məqalələrin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. Ötən il isə bu göstərici 9.2%-ə bərabər olub. Həmçinin Azərbaycanın sahə üzrə istinad təsiri (Field Weighted Citation Impact – FWCI) 2024-cü ildə dünya üzrə orta həddi (1.0) keçərək 1.97-ə çatıb. Bu isə dərc olunan bütün elmi işlərin öz sahəsi üzrə ortalama 97% daha çox istinad alması deməkdir. Ötən il bu göstərici 1.05-ə bərabər olub.

2024-cü ilin ilk 8 ayı ərzində dərc olunan məqalələrin 1481-i Q1 (996) və ya Q2 (485) kvartilli jurnallarda dərc olunub. Bu göstərici isə ötən ilin eyni dövründə 733-ə (Q1 – 486, Q2 – 257) bərabər idi.

Ötən ilin 12 ayı ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində (yəni xarici həmmüəlliflərlə birgə) dərc olun elmi işlərin sayı 856 (47%) idisə, bu göstərici cari ilin ilk 8 ayı ərzində 1594-ə (67%) yüksəlib. (Mənbə: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi)

 

 

 

 

Elmin inkişafına təkan verən bir başqa meyar isə  onun innovativliyini təmin etmək və bu istiqamətdə zəruri fəaliyyət planını hazırlamaqdır. Bu gün əsas məsələ cəmiyyəti elmi innovasiyalarla "rəftara" hazırlamaq, ondan istifadə etmək üçün yetkinləşdirməkdən ibarətdir ki, bu da təkcə bir ölkə çərçivəsində deyil, bütün dünyada səylərin birləşdirilməsini labüd edir.

Elmi innovasiyaların təhsil mühitinə transferi  elmin cari inkişaf mexanizmi üçün son dərəcə zəruri amildir. Bu proses, əsasən 3 istiqamət üzrə həyata keçirilə bilər:

1) Tədrisin elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında təşkili.

2) Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi.

3) Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi.

Elmin inkişafına zəmin yaradan səbəblərdən biri də elmi kadr və tədqiqatçılar arasında sağlam rəqabətin formalaşdırılması və motivasiya xarakterli addımların atılmasıdır.

Bir müddət öncə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən atılan addım elmin cari durumunun inkişafı ilə bağlı müsbət sinqal rolunu oynaya bilər. Belə ki, qurumun qərarına əsasən alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasından ötrü çox vacib bir qərar verilmişdir. Cari ilin iyul ayından başlayaraq

Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb.

Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.

Qeyd edək ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, “Scopus” elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan (“Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə)  500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.

Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları (“Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, “Shanghai Ranking (ARWU)”), ali təhsil müəssisələri  (Stanford Universiteti (“Stanfordun TOP 2% tədqiqatçıları”)) və tədqiqatçılar tərəfindən istifadə olunub.

Ölkədə son zamanlarda tətbiq edilən və  elmin inkişafına  təkan verən hadisələrdən biri də “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” tərəfindən Azərbaycanın 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilməsidir.

Həmçinin, bir müddət öncə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI”ın istifadəyə verilməsi də elmi inkişaf üçün önəmli siqnallardan sayıla  bilər.

Dünyanın nüfuzlu reytinq agentliyi “QS Quacquarelli Symonds” “QS Avropa 2025” (“QS Europe 2025”) reytinq nəticələrini elan edib. Nəticələrə əsasən Azərbaycan universitetləri reytinq sıralamasında irəliləyib.

 

                          

 

 

 

 

 

 

 

 

Problemlər və həll variantları

Azərbaycan elminin cari durumunun çatışmazlıqları, ən ümdə problemləri yuxarıda adıçəkilən Strategiyada dəqiq şəkildə əks olunmuşdur: 

“Azərbaycan elminin bugünkü vəziyyəti dövlətin innovasiya siyasətinin təminatı etibarilə müasir tələblərə cavab vermir. Azərbaycan elmi həm struktur cəhətdən, həm də aparılan tədqiqatların mövzu və əhatə dairəsinə görə əsasən sovet dövründə formalaşmış qəliblər çərçivəsində qalmaqdadır”.

Problemlərdən biri də elmi kadrların sayı ilə bağlıdır. Azərbaycanda elmi kadr potensialı bir çox ölkələrlə müqayisədə o qədər də ürəkaçan deyil.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə bir milyon əhaliyə düşən tədqiqatçıların sayı 2600 nəfərdir. Azərbaycanda ali təhsillilərin sayı ümumi əhalinin 10%-ni, iqtisadi fəal əhalinin isə 20%-ni təşkil edir. Elmi tədqiqat və işləmələrlə məşğul olan heyət isə iqtisadi fəal əhalinin 0.5%-ni təşkil edir. 

Ümumilikdə ölkədə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarında elmi kadrların hazırlanması doktorantura, dissertantura və magistratura (2015-ci ildən etibarən) yolu ilə həyata keçirilir. 2018-ci ilin məlumatına əsasən, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantların ümumi sayı 348, fəlsəfə doktoru üzrə dissertantların ümumi sayı 694, elmlər doktoru üzrə doktorantların sayı 181, elmlər doktoru üzrə dissertantların sayı 474, magistrantların sayı isə 132 nəfər təşkil edir.

Azərbaycan Respublikasının elmi kadr potensialı və elmi tədqiqat müəssisələri şəbəkəsi ilə bağlı son on ili əhatə edən statistik göstəricilərə əsasən, ölkədə elmi tədqiqat müəssisələrinin sayı 1998-ci ildə 105 olduğu halda, 2008-ci ildə 97-yə enmişdir. Azərbaycanda elmi fəaliyyətin 63%-i dövlət sektorunun, 26,7%-i ali təhsil müəssisələrinin, 10,3%-i özəl sektorun payına düşür. Elmi tədqiqatla məşğul olanların 77%-i dövlət sektorunda, 9%-i ali təhsil müəssisələrində, 14%-i isə digər təşkilatlarda çalışır.

AMEA təsis olunduğu 1945-ci ildən indiyədək Azərbaycanda ən çox elmi kadr potensialına malik elmi müəssisə olmuşdur. 75 illik bir dövr ərzində AMEA-nın əməkdaşlarının ümumi sayında da dəyişikliklər baş vermişdir. Məlumat üçün qeyd edək ki, AMEA-da ən çox ümumi işçi sayı 15 076 nəfər olmaqla 1982-ci ildə, ən çox elmi işçi sayı isə 7 824 nəfər olmaqla 1987-ci ildə qeydə alınmışdır. Lakin AMEA-da məqalə və tezislərin, kitabların, o cümlədən WoS-a daxil olan məqalələrin sayında ən yüksək göstərici 2018-ci ildə qeydə alınıb.

Azərbaycan elminin cari problemlərindən biri də onun sosial-iqtisadi rifahın artımına dəstək ola bilməməsidir. Elmin prioritet sahələrini, problemləri və ehtiyacları məhz sosial-iqtisadi inkişaf müəyyənləşdirir. Lakin eyni zamanda burda əks-əlaqə də müşahidə olunur; elm öyrənilməmiş yeni məhsullar və servis bazarları imkanları yarada bilər. Elmin inkişaf strategiyasının və siyasətinin mərkəzində elmi tədqiqatların son istifadə oluna bilən kommersiya məhsuluna çevrilməsi  dayana bilməlidir. Sözsüz ki, bu, qətiyyən akademik azadlığın məhdudlaşdırılması deyil, əksinə elmi tədqiqatların keyfiyyətlə yanaşı həll etməyə çalışdığı problemlərin miqyasını və yaradacağı imkanların tədqiqatçılar tərəfindən nəzərə alınması ilə nəticələnir.

Beləliklə, elmin inkişaf siyasəti elmi tədqiqatların kommersiya məhsuluna çevrilməsi üçün dəyər zəncirinə daxil olan bütün komponentləri, o cümlədən maliyyələşmə, intellektual hüquqların qorunması, ekspertiza, elmi-texniki insan potensialı, innovasiya mərkəzlərinin funksionallığı, tədqiqat infrastrukturu, mələk investorların, vençur fondların və özəl sektorun cəlb olunması da daxil olmaqla, bütün prosesləri tənzimləyə və koordinasiya etməyə yönəlir.

Qeyd olunanları nəzərə alsaq, elmin əsasən dörd istiqamətdə inkişafının labüd olduğunu aydın görmək olar:

 1) Prioritet elm sahələrinin müəyyən olunması;

2) Elm siyasətinin yenilənməsi və tənzimlənməsi;

3) Maliyyələşmə və infrastrukturun səmərəli idarə olunması;

4) Elmi sahələrdə insan kapitalının inkişafı.  (ardı var)

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox