Azedu.az

Müəllimlərin “Tik-tok” istifadəsinə niyə nəzarət olunmalıdır?-Səbəblər və xarici təcrübə - TƏHLİL

AzEdu Təhsil Analitika Mərkəzi

Araşdırma

31 Oktyabr 2026, 15:32
Müəllimlərin “Tik-tok” istifadəsinə niyə nəzarət olunmalıdır?-Səbəblər və xarici təcrübə - TƏHLİL

Bir neçə gün bundan əvvəl AzEdu Təhsil Platformasının layihəsi olan “AzEdu Podkast” da tərəfimizdən səsləndirilən fikirlər təhsilverənlər tərəfindən birmənalı qarşılanmadı. Müəllimlərin sosial şəbəkə, xüsusən də “Tik-tok” platformasındakı fəaliyyətlərində diqqətli olmaları, prosesin nəzarətdə saxlanılmasının müsbətləri qeyd olunmuşdu. Əvvəlcə onu bildirək ki, bu qeydlər sosial şəbəkə platformalarından maarifçilik, təhsilin təbliği, bir sözlə, şagirdlər üçün faydalı olan fəaliyyəti ilə seçilən xeyli sayda müəllimə qəti aid deyil. Amma onlar tək deyil ki...

Öncə onu qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilən  “Təhsilverənlərin etik davranış Qaydaları”nın əsas müddəalarından biri də müəllimlərin media, eləcə də sosial şəbəkələrdəki davranış və rəftarlarına xüsusi diqqət etmələri və cəmiyyətə yalnız müsbət nümunə sayılacaq hadisələrlə yadda qalmalarıdır.

Təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edən sənəddə sosial şəbəkələrdəki davranış mexanizmlərinə əsas müddəalardan biri kimi toxunulması heç də təsadüfi deyil. Təəssüf ki, sosial şəbəkələrin son illərdə həyatımıza ciddi şəkildə nüfuz etməsi müsbət hallarla yanaşı, mənfi tendensiyalarla da yadda qalmış və bu kimi neqativ halların bir çoxu məktəb,  təhsil cameəsi və onun nümayəndələri ilə bağlı olmuşdur. Ümumilikdə dünyada getdikcə artmaqda olan bu tendensiyada müəllimlərin  davranış qaydaları xüsusi diqqət mərkəzində olduğundan daha böyük rezonanslara səbəb olmuşdur.

Təhsilverənlərin etik davranış qaydalarında deyilir:

1.3. Bu qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Sosial platformanın pedaqoji mühitə təsiri - Azərbaycan təhsil cameəsini təmsil edən pedaqoji kadrların  Tik-tok platforması, eləcə də digər sosial şəbəkələrdəki fəaliyyətini məzmun etibarilə müsbət və mənfi kateqoriyaya bölmək mümkündür. Müsbət kateqoriyaya meyillənən müəllimlər qrupu daha çox maarifçilik məqsədilə paylaşımlar edən, öz ixtisasına aid bilgi və materialları daha geniş auditoriya üçün çatımlılığına can atan, həmçinin, milli-mənəvi dəyərləri, intellektual keyfiyyəti qorumağa çalışan kəsimdir. 

Mənfi kateqoriyaya  aid göstəricilərlə sosial şəbəkə fəaliyyətini formalaşdıran təhsilverənlərin sayı isə təəssüf ki, birinciləri xeyli üstələyir. Bu tip müəllimlərin sosial şəbəkə fəaliyyətlərini məqsədyönümlülük prinsiplərinə əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1.Şouya meyillilik, aşırı tanınmaq;

2.Daxili auditoriyanı genişləndirmək;

3.Kommersiya xarakterli təhsil xidməti (repetitorluq, təlimçilik)

4.Neqativ enerjinin təlqini;

Müəllimlərin sosial şəbəkə üzərindən mənfi məzmunlu fəaliyyətləri arasında ən çox rast gəlinəni isə təbii ki, şouya meyillənmə, təhsil faktorunu şou hadisəsinə çevirməklə auditoriyanın diqqətini çəkmək istəyidir.

Bu kimi faktorlar “Təhsilverənlərin etik davranış Qaydaları” ilə yanaşı, təhsillə bağlı əsas qanunverici mənbə hesab edilən "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin (həmin maddədə müəllimlərin davranışlarında məsuliyyətli və etik olmaq  vurğulanır) pozulmasının təsdiqidir.

Sosial şəbəkə platformalarında (əsasən də “YouTube”, “TikTok” və “İnstagram”) müəllimlərin aludəçilik səbəblərindən biri də daxili auditoriyasının genişləndirilməsi və sonradan bu auditoriya vasitəsilə “YouTube”-nin kommersiya üstünlüklərindən yararlanmaqdır. Bildiyimiz kimi, “YouTube” platforması bütün dünyada aktiv və  böyük izləyici ordusu olan xüsusi istifadəçilərə kəmiyyət göstəricilərinə əsasən (izləyici sayı, baxış sayı, izləyicilər tərəfindən paylaşılan video materialın seyretmə müddəti və s.) ayrıca ödənişlər təqdim edir. İlk baxışda, modern dünyanın İT üstünlüklərindən yararlanmaqla maddi divident əldə edilməsi pis hadisə sayılmamalıdır və dünyada hazırda milyonlarla insan bu işlə məşğuldur. Lakin burada məsələnin həssas tərəfi var: həm qanunverici aktlara, həm də cəmiyyətdəki mövqeyinə, üstəlik, təhsilalanlara və onların valideynlərinə edə biləcəyi təsir baxımından müəllim kəsimi bu məsələdə xüsusi ehtiyatlı davranmalıdır. Çünki onların həm pedaqoq olaraq maarifçi-mənəvi öhdəlikləri, həm də daha asanlıqla təsiretmə üstünlükləri onda bəzi məsələlərə həssas yanaşmanı tələb edir. Təəssüf ki, bir çox hallarda bunun tam əksini görür, müəllimlərin “YouTube”, “Tik-tok”da  daha çox izləyici qazanmaqdan ötrü xüsusən də təhsillə bağlı yanlış informasiyalar, neqativ meyillər (əsassız şikayət xarakterli)  yayan materiallar, həmçinin, dərsdənkənar qeyri-vacib videolar paylaşdığının şahidi oluruq.

Müəllimlərin “YouTube” və “Tik-tok”  platformaları başda olmaqla demək olar ki, bütün sosial şəbəkələrdəki neqativ məzmunlu fəaliyyətlərinin bir tərəfi də kommersiya xarakterli təhsil xidmətlərinin təbliği və insanların buna təşviq edilməsidir. Son illərdə xüsusən də Müəllimlərin İşəqəbulu Müsabiqəsinin və Müəllimlərin Sertifikatlaşdırılması Prosesinin test imtahanı mərhələsinə hazırlıq məqsədilə yüzlərlə müəllim tərəfindən təbliğat xarakterli kanallar və səhifələr yaradılıb. Onlar burada özlərinin müxtəlif istiqamətlərlə bağlı xidmətlərini önə çəkərək, MİQ və Sertifikatlaşdırma müsabiqələrində uğur qazanmanın az qala, yeganə vasitəsi kimi təqdim edir və on minlərlə müəllim (namizəd müəllim) arasında müəyyən təşviş yaratmaqla neyromarketinq mexanizmindən istifadə edirlər. Nümunə üçün deyə bilərik ki, son 10 ildə təkcə kurikulum hazırlığı üzrə yüzlərlə belə “YouTube” (həmçinin, TikTok və instagram) kanalları yaradılmış və birbaşa həmin müəllimlərin maddi maraqlarına xidmət göstərmişdir.

Bu, mexanizm yüksək sürətlə çoxşaxəli şəkildə inkişaf etdiyindən Müəllimlərin İşəqəbulu Müsabiqəsi, eləcə də Müəllimlərin Sertifikatlaşdırılması Prosesinə münasibət və baxışa mənfi yöndən təsirini göstərir, onların mahiyyət və funksiyasının birbaşa kommersiya maraqları üzərində qurulması mesajını cəmiyyətə ötürmüşdür.

Göründüyü kimi, məsələ bir yox, bir neçə istiqamətdə mənfi tendensiyalar yaratmış  və Azərbaycanda istifadəçi sayı durmadan artan sosial şəbəkələrin mənfi təsirini daha da dərinləşdirən meyara çevrilir.

Sosial şəbəkələrdə fenomen müəllimlər- Daxili auditoriyasının böyüklüyü və paylaşımlarına verilən reaksiyalar baxımından həmkarlarından fərqlənən bir qrup sosial şəbəkə fenomeninə çevrilməkdə olan müəllimlərimiz də az deyil. Dünyanın bir çox ölkələrində xüsusən YouTube platforması üzərindən məşhurluq qazanan və neçə milyonluq auditoriyaya sahib fenomen müəllimlər var ki, onların fəaliyyəti təhsil, onun təbliği və maraqlı təhsil bilgilərinin çatdırılması isrtiqamətindədir.

Bizdə  də bu qəbildən olan müəllimlər sayı heç də az deyil. “Tik-tok”, “YouTube” platformasında bu cür müəllimlər olsa da, onların izləyici sayı təəssüf ki, təhsildənkənar, yalnız maraq və əyləncə dünyasına hesablanmış digər yutuberlərdən geri qalmaqdadır. Sosial şəbəkələr üzərindən böyük maraq qazanan yutuber müəllimlər daha çox xarici həmkarlarını imitasiya edir və bu lazımsız imitiasiyaları məktəb mühitinə, sinif otağına qədər gətirib çıxarmaqdan çəkinmirlər. Təəssüf ki, onların formalaşdırdığı bəzi “dəyərlər” az qala ümumən təhsil cameəmiz üçün meyar kimi qəbul olunur. Bu isə öz növbəsində təhsil və onun təbliği rolunda əlindən gələni edən, lakin reklam və tanıtım baxımından yutuberlərdən geri qalan bir çox fədakar müəllimlər üçün demotivasiyaya çevrilmiş olur.

Beynəlxalq təcrübə- Müəllimlərin sosial şəbəkələrdən mənfi məzmunlu istifadəsi ilə bağlı problemlər bir çox ölkələrdə yaşanıb. Təhsilverənlərin şagirdləri ilə yanaşı, onların həmyaşıdları, eləcə də yaxın çevrələrinə təsiretmə üstünlükləri müəllimlərin daha məsuliyyətli və diqqətli istifadəçi olmasına zəmin yaratsa da, bəzən bu kimi amillərə diqqət edilməməsi cəmiyyət daxilində ciddi problemlərə səbəb olub.

Bu səbəbdən də bir çox ölkələr məlum problemlərlə mübarizə məqsədilə müəyyən addımlar atıblar. Məsələn, ABŞ-nin bir çox ştatlarında şagirdlərlə yanaşı, müəllimlərə də sosial şəbəkələrlə ünsiyyət qadağan edilib.

Avstraliyada müəllim və şagirdlər üçün sosial şəbəkələrdən istifadə etmək qaydaları tətbiq edilib. Həmin qaydalar xüsusən müəllimlər üçün bir çox qadağaların tətbiqini qanuniləşdirir.

İrlandiya bu istiqamətdə daha fərqli addım atıb. İrlandiyada Pedaqoji Şura müəllimlərə onların ciddi ictimai nəzarətə məruz qaldıqlarını xatırladaraq, internetdə şagirdləri, valideynləri və həmkarlarını müzakirə etməyi qadağan edib.

Qonşu ölkələrdən isə Rusiyada bu istiqamətdə son illərdə ciddi addımların atılmasına başlanılıb. Verilən qərarların məcburi surətdə, ciddi kütləvi etirazların nəticəsi olaraq atılması faktı mütləq nəzərə çatdırılmalıdır.

Bu qərarlar içərisində diqqətçəkən məqamlardan biri də artıq bu ildən etibarən məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsidir. Doğrudur, bu qadağa əsasən şagirdlər üçün nəzərdə tutulsa da, telefonun istifadə edilmədiyi bir məkan daxilində müəllimlərin də onunla müdaxiləsinə   ciddi təsir göstərəcəkdir.

 Gürcüstanda 2024-cü il 1 iyul tarixində qəbul edilən qərara əsasən məktəblərdə şagirdlərin sosial şəbəkələrdən müdafiəsi və düzgün istifadəsi ilə bağlı çox sərt qaydalar tətbiq edilmişdir ki, burada əsas məsuliyyət yenə də müəllimlərin üzərinə düşməkdədir.

Nə etsək, yaxşı olar?

Təhsilverənlərin sosial şəbəkə üzərindən fəaliyyətlərini stimullaşdırmaq, onların daha  faydalı, sırf təhsilyönümlü fəaliyyətini gücləndirmək və nəzarət mexanizmini həyata keçirmək üçün “Müəllimlərin sosial şəbəkələrdə davranış və istifadə Qaydaları” ayrıca hazırlanmalı və bu, “Təhsilverənlərin etik davranış Qaydaları”ı ilə paralel olaraq bütün məktəblər üçün rəsmi hüquqi sənəd rolunu oynaya bilər. Bir çox ölkələrin də təcrübəsində müəllimlərin sosial şəbəkə platformalarından istifadələri üçün ayrıca qaydalar toplusunun hazırlanması məsələnin nə dərəcədə həssaslığının göstəricisidir.

”YouTube”, “Tiktok”,”İntagram”-bir sözlə bütün sosial şəbəkələrdə məşhur olan, az qala, fenomen kimi qəbul edilən müəllimlərin siyahısı tərtib olunmalı və onlarla  sosial şəbəkə üzərindən səmərəli fəaliyyətinin təşkili, təhsilin təbliği istiqamətində xüsusi layihələrin həyata keçirilməlməsi çox vacibdir.  Bu proses yerli regional təhsil idarələri tərəfindən aparılmalı, həm də həmin müəllimlərin “yutuberlik” fəaliyyətinə  nəzarətedici rmexanizm rolunu oynamalıdır. Əks halda, xüsusən də həssas məqamlarda, fors-major situasiyalarda bu qəbildən olan müəllimlərin toplumda qarışıqlıq, çaşqınlıq yarada bilmə ehtimalı kifayət qədər böyük olacaqdır.

Şagirdləri sosial şəbəkələrin xaosundan qorumaq, həmçinin, onların müctəlif platformalardan istifadəsini həyata keçirmək üçün uşaq sayından asılı olaraq hər məktəb üçün bir neçə məsləhətçi-müəllimi könüllü əsasla cəlb etmək və onun hazırlığı istiqamətində seminar, kurs təşkil edilməlidir. Layihə əsnasında məsləhətçi-müəllimlər məhz çalışdıqları məktəbdən seçilməli, 3 yaxud 6 aylıq kursları keçdikdən sonra yenidən ora qayıtmalı və şagirdlərlə yanaşı, müəllim həmkarları ilə də bu istiqamətdə maarifləndirici işlər aparmalıdırlar;

Bir çox xarici ölkələrdə şagirdlərin məktəbə telefon gətirməsi qanuni şəkildə qadağan edilib. Bu şagirdlərin dərsə olan adaptasiyasını pozmaqla yanaşı, həm də onların təhlükəsizliyinə ciddi surətdə mənfi təsir göstərə bilir. Mobil telefon (xüsusən də ağıllı telefonlar, smart cihazların) qadağası şagirdlərlə birlikdə müəllimlərin də sosial şəbəkələrdən asılılığını azaltmaqla yanaşı, düzgün istifadəsinə də gərəkli olacaqdır.

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı 

 

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox