(Əvvəlki materialla buradan tanış ola bilərsiniz)
Hazırda Azərbaycan elmi mühitində tədqiqat institutlarına olan tələblər və şərtlər, strateji fəaliyyət planları, hədəflər və qiymətləndirmə kriteriyalarının müəyyən olunmasına ciddi ehtiyac var. Tədqiqatların mərkəzləşmiş koordinasiyası və innovasiya potensialının təmin olunmaması bir çox boşluqlara yol açıb.
Fundamental tədqiqatların resurs ehtiyaclarının aradan qaldırılmaması bu istiqamətdə səmərəliliyi azaldan faktorlardandır. Elmi tədqiqatlar maliyyələşmə mexanizmi, eləcə də resurs və kadr bazası yönündən düzgün dəyərləndirilməli, elmi institutlarda investisiyaların cəlb olunması ilə bağlı stabil mexanizmlər daha işlək səviyyəyə çatmalıdır.
Öyrənilməmiş və ya az öyrənilmiş sahələrin tədqiq olunmasında tədqiqat institutlarında sərbəst tədqiqat mövzusu seçimi mexanizminin hazırlanması, elmi nəticələrə əlçatanlığın təmin olunması, daxili və xarici institutlararası əməkdaşlığın təşviq olunmasının təmini, eləcə də ali təhsil müəssisələri ilə mövcud tədqiqat institutları arasında resursların birgə istifadəsi mexanizminin qurulması da mühüm məqamlardandır.
Milli elmi-texniki tədqiqatlar sahəsində qərarvermə mexanizminin müəyyən olunması labüddür. Belə ki, bu mexanizmlər tədqiqatların iqtisadi-sosial inkişaf ehtiyaclarına uyğunluğunu və kommersiyalaşma potensialını müəyyən etməyə imkan verəcəkdir.
Həmçinin, elmi-texniki tədqiqatların idarəolunması və qiymətləndirilməsi sistemi bərabərhüquqlu rəqabət, əlçatanlıq və ədalətlilik prinsipləri əsasında elə yenilənməlidir ki, yüksək potensiallı tədqiqatçılar və gənclər üçün cəlbedici olsun. Tədqiqat institutları və universitetlər professor-müəllim heyətinin məhsuldarlıq səviyyəsini, onların fəaliyyətini qiymətləndirərək məqsədlərinə nə dərəcədə nail olduqlarını müəyyən edə və əldə etdikləri nəticələri rəqiblərinin nəticələri ilə müqayisə də edə bilməlidirlər.
Beynəlxalq təcrübə- XXI əsrdə dünyanın müxtəlif ölkələri üçün elmi tərəqqi həm də sosial-iqtisadi rifahın əsas göstəricilərindən biri hesab edilir. Odur ki, sırf bu məqsədlə elmi inkişaf proqramları müxtəlif ölkələrdə müxtəlif metodlarla hazırlansa da,məqsəd eyniliyini elmin vaciblik sərhədlərinin aşmasına səbəb olur.
Elm və texnologiyanın bütün fiziki sərhədləri aşdığı bir dövrdə ölkələr təkcə öz hərbi və sənaye gücü ilə deyil, həm də elmi potensialı ilə də diqqət mərkəzində ola bilər.
Bir çox ölkələrdə cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmin inkişafı ilə bağlı mexanizmlərin işlənib hazırlanması çox böyük sürətlə həyata keçirilir. Təsadüfi deyil ki, adıçəkilən ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir kifayət qədər yüksəkdir. (innovasiya məhsulları üzrə gəlir 60-90 % təşkil edir).
Dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri innovasiya məhsullarının verdiyi gəlirlə ölçülür ki, bu da birbaşa elmi tərəqqinin tətbiq göstəricisi hesab edilə bilər.
Bu göstərici Rusiyada 10-15%, Qərbi Avropa dövlətlərində 40-60% təşkil edir. Son illər ABŞ elm və təhsilin inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə təxminən 150-200 milyard dollar vəsait ayırır ki, bu da elmin inkişaf xəttinin, innovasiyaların tətbiqinin zəruriliyini göstərir. Ümumiyyətlə, inkişaf etmiş dövlətlərdə ümumi gəlirin təqribən 3,5 faizi innovasiyaların əsasını təşkil edən elmin inkişafına yönəldilir.
Dünyanın müxtəlif ölkələrində elmi inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biri də ali təhsil müəssisələrinin elm mərkəzləri kimi formalaşdırılmasıdır. Bu elmi mərkəzlərdə təhsil klassik standartlar deyil, elmi innovasiyalar əsasında qurulur. Həmin elmi mərkəzlər öz növbəsində elm-biznes əlaqələrinin gücləndirilməsi, elmin istehsalatda tətbiqi meyarlarının yaxşılaşdırılması üçün əlverişli zəmin rolunu oynayırlar.
Son illərdə elmə qoyulan investisiyalar özünü bir neçə, bəzi hallarda 10 dəfələrlə doğrultduğuna görə bura böyük məbləğdə sərmayələr yatırılır. Həmçinin, bir çox ölkələrdə elmə yüksək miqdarda sərmayələr qoyulduğu zaman paralel olaraq təhsilə də eyni mexanizm tətbiq edilir. Çünki yüksək investisiya elmdə bir çox yeniliklər və zəruri addımların atılmasına səbəb olur. Təhsil bu inkişaf tempinə görə elmi proseslərlə ayaqlaşa bilmədikdə kadr bazası baxımından çox keçmədən ciddi problemlər yaşanmış olur. Çünki ali təhsil müəssisəsini bitirən gənc mütəxəssis öyrəndiklərindən xeyli artıq imkanlara malik elmi mühitə düşür və bir neçə illik adaptasiya burulğanında çapalayır.
Əgər elmə ayrılan vəsait hesabına təhsil müəssisələrində həmin avadanlıqlar alınarsa və tədris edilərsə, bu yalnız nəsillərarası boşluqları doldurmaqla yekunlaşan müsbət nəticələr verər.
Müxtəlif ölkələrdə modern elmi inkişafı əks etdirən tendensiyalardan biri də hər bir elm sahəsi üzrə istiqamətlərin say çoxluğu və ayrı-ayrılıqda inkişaf etdirilməsi mexanizmdir. Bu, bir çox ölkələr üçün çətin, müəyyən qisim üçün isə mümkünsüz görünsə də, inkişaf etmiş dövlətlərdə (ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya və s.) uğurlu strategiya kimi həyata keçirilir. Bu zaman hər elmi istiqamət üzrə spesifik kadr bazasının varlığı istehsalat dünyasında da öz sözünü deyə bilir.
Məsələn, riyaziyyat üzrə ixtisasların təsnifatında ixtisas şifrləri həcmcə 100 səhifədən çox olan məlumatı əhatə edir. Təkcə riyaziyyat sahəsində hər bir istiqamət üzrə yüksək səviyyəli ixtisasçının hazırlanması üçün çoxsaylı ayrıntılara varılır. Bir neçə misal:
1) Kriptoqrafiya “riyaziyyatı” - özəl informasiya təhlükəsizliyi sistemlərinə malik olmaq üçün vacibdir;
2) Furye analiz, veyvlet analiz, freymlər nəzəriyyəsi - müxtəlif təbiətli siqnalların (təsvirlərin) riyazi emalı, identifikasiyası, ötürülməsi, saxlanılması üçün çox vacib riyazi aparatdır;
3) Aktuar (risk) riyaziyyatı - investisiya, sığorta və bank sahələrində, ümumiyyətlə, müxtəlif təbiətli risklərin qiymətləndirilməsinin riyazi aparatıdır.
Sadalanan istiqamətlər təbii ki, yalnız kiçik nümunə xarakteri daşıyır. Lakin bu kiçik nümunədən də göründüyü kimi elmin inkişafı və onun uğurlu tətbiqi çoxsaylı istiqamətlər üzrə spesifik kadrların formalaşmasından ibarətdir. Müqayisə üçün deyək ki, bizdə ali riyaziyyat istiqaməti üzrə təhsil alanlar yalnız ümumi olaraq riyaziyyatçı ixtisasına sahiblənmiş olurlar.
Qazaxıstanda elm və texnologiyanın inkişafı dövlət tərəfindən iqtisadi artım və innovasiyaların əsas hərəkətverici qüvvəsi kimi qəbul edilmişdir. Ölkədə elmin əsas inkişaf göstəricisi tədqiqatyönümlü istiqamətə meyillilik və elm-istehsalat əlaqələrinin gücləndirilməsidir. Lakin elmi tədqiqatın keyfiyyət və tətbiqi istiqamətində hələ də müəyyən boşluqlar qalmaqdadır.
Elmi tədqiqatları artırmaq üçün müxtəlif proqramlar, o cümlədən universitet və elmi-tədqiqat institutlarının maliyyələşmə mexanizmini özündə əks etdirən bir çox layihələr hökumət tərəfindən həyata keçirilmişdir. Bu təşəbbüslər innovasiya və elmi məhsuldarlığın inkişafına müəyyən mənada müsbət təsir göstərmişdir.
Qazaxıstanda elmin gələcək inkişaf proqramının əsasını təşkil edən prinsiplərin bəziləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-Maliyyələşdirmə mexanizmlərinin təşkili – yenilikçi və daha səmərəli elmi tədqiqatların həyata keçirilməsinə imkan yaradan xüsusi qrant layihələrinin, maliyyə proqramlarının təşkili ölkədə elmin gələcək inkişafı üçün prioritet istiqamətlərdən hesab olunur;
-Tədqiqat infrastrukturunun təkmilləşdirilməsi–Vacib elmi tədqiqat işlərinin aparılması üçün bacarıqlı və yüksək intellektli kadrlar, həmçinin, laboratoriya imkanları, avadanlıqlarıq təchizini həyata keçirmək;
-Tədqiqat nəticələrinin istehsalat yönümlü xətt üzrə inkişafı və praktiki tətbiqinin təkmilləşdirilməsi.
Özbəkistan postsovet ölkələri arasında müstəqillik qazandıqdan sonra elm və texnologiya sahəsindəki mühüm irəliləyişlər əldə edən dövlətlərdən biri kimi xarakterizə edilir. Burada Milli İnnovasiya Sisteminin yaradılması elmi tədqiqatlara və texnoloji tərəqqiyə yol açmış oldu.
Ölkədə Xüsusi elmi və Texnoloji Zonaların yaradılması tədqiqatçılıq meyarlarının inkişafına səbəb oldu.
Özbəkistan Respublikasının Elmlər Akademiyasının fəaliyyəti də özünün faydalılıq mexanizmi, elm-istehsalat əlaqələrinin inkişafı baxımından çox fərqlənir. Akademiyada xeyli sayda tədqiqat müəssisələri yerləşir. Qurum riyaziyyat, astronomiya və inteqrativ tibb də daxil olmaqla müxtəlif sahələr üzrə elmi tədqiqatların inkişafında mühüm rol oynayır. İbn Sina kimi tarixi şəxsiyyətlərin irsi ölkədə müasir inteqrativ tibb təcrübələrini inkişaf etdirmək üçün də istifadə olunur.
Özbəkistan elmi tədqiqatçılıq istiqamətində beynəlxalq tərəfdaşlığa xüsusi önəm verməsi ilə də seçilir ki, bu da ölkənin elmi mənzərəsinin formalaşmasında xüsusi rol oynayır.
Gürcüstanda elmin inkişafı istiqamətində həyata keçirilən prioritet proqram təhsillə elmin əlaqəsinin inkişafı və gələcək elmi potensialın əsasən bu əməkdaşlıq çərçivəsində formalaşdırılmasından ibarətdir.
Bu səbəbdən Gürcüstan ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş xüsusi proqram tələbələrdə akademik karyera inkişafı, tədqiqatçılıq bacarığı, tətbiqi səmərəliliyi artırmağı hədəfləmişdir. Proqramın özəlliyi tələbələrə dünyada baş verən proseslərlə bağlı təkcə nəzəri deyil, həm də praktiki tətbiq mexanizmlərini mənimsətməkdir.
Ölkədə əsas götürülən praktiki yanaşma elmi prinsiplərin daha dərindən dərk edilməsinə təkan verməyə, nəzəri mülahizələrlə real tətbiq imkanları arasındakı boşluğu aradan qaldırmağa kömək edir.
Perspektivlərlə yanaşı, ölkədə elmi istiqamətdə rastlanan bir çox problemlər də var ki, onların da başında maliyyələşmə mexanizmi dayanır. Zəruri elmi tədqiqat layihələrinin həyata keçirilməsi üçün adekvat maliyyə resursları bəzən əsas problemə çevrilmiş olur.
Problem və həlli yolları
Elmi tətbiq mexanizminin, elm-istehsalat əlaqəsinin kəmiyyət və keyfiyyət baxımından inkişafını təmin etmək üçün xüsusi proqramların hazırlanması qarşıda duran ən vacib məsələlərdən biridir. Hazırlanacaq proqramlar elmi inkişafın nəzəri müddəalarını deyil, praktiki tətbiq meyllərini dəstəkləməli və bu istiqamətdə stimullaşdırıcı addımları özündə əks etdirməsi prioritet faktordur.
Universitet və elmi tədqiqat institutlarında innovativ layihələrin həyata keçirilməsi üçün qrant və layihələrin kəmiyyət və keyfiyyətini artırmaq və bu məqsədlə Elm və Təhsil Nazirliyi, həmçinin, onun tabeliyində fəaliyyət göstərən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də Azərbaycan Elm Fondu tərəfindən xüsusi komissiya yaradılmalı və komissiya bu istiqamətdə zəruri fəaliyyət proqramını hazırlamalıdır. Fəaliyət proqramının elmin istehsalatda praktiki tətbiqi mexanizminin prioritet mövqe tutması çox vacibdir.
“Sənaye-elmi tədqiqat” əlaqəsinin, elm-istehsalat zəncirinin gücləndirilməsi istiqamətində xüsusi proqram hazırlanmalı, elmi-tədqiqat institutları ilə özəl sektor arasında daha güclü əməkdaşlığın mexanizmləri müəyyən olunmalıdır. Nəzəri tədqiqatlarla praktiki tətbiqlər arasındakı boşluqların aradan qaldırılması tədqiqat institutu ilə özəl sektor arasındakı əməkdaşlığın prioritet istiqaməti hesab edilməlidir.
Elmi fəaliyyətin keyfiyyət və kəmiyyətini artırmaq, beynəlxalq səviyyədə tanınma göstəricilərini yaxşılaşdırmaq üçün elmi sahəyə daha çox investisiyaların yatırılması, gənc tədqiqatçılara dəstək verilməsi, eləcə də infrastruktur və beynəlxalq əməkdaşlıqların gücləndirilməlməsi üçün ayrıca Dövlət Proqramının hazırlanması dövrümüz üçün çox vacibdir.
ETN, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, həmçinin, AMEA tərəfindən müştərək şəkildə Azərbaycan elminin beynəlxalq səviyyədəki mövqeyini, onun rəqabət qabiliyyətliliyini, çağdaş elmi trendlərlə ayaqlaşmasını ölçmək, bu istiqamətdə boşluqların müəyyən edilərək çıxış yollarını hazırlamaq üçün xüsusi komissiyanın yaradılması təklif olunur. Bu komissiyanın tərkibində hazırda ölkə xaricində yaşayan Azərbaycanlı alimlərin olması zəruridir.
Elm və Təhsil Nazirliyinin (həmçinin, AMEA-nın) tabeliyindəki elmi tədqiqat institutları, eləcə də digər profilli elmi institutlarda differensial əmək haqqının tətbiqi təklif olunur. Bu zaman əmək haqqı alimin elmi göstəricilərinə əsasən müəyyənləşəcəkdir ki, bu da eyni zamanda sağlam rəqabətliliyin yaranma faktoruna çevriləcəkdir.
Yuxarıda adıçəkilən qurumlar tərəfindən müştərək müzakirə və qərar əsasında Elmi Təftiş Komissiyasının yaradılması təklif edilir. Səlahiyyətli komissiya aşağıdakı məsələlərin yoxlanılması və nəzarətedici missiyasını öz üzərinə götürməlidir:
-Elmi tədqiqat institutunun (həmçinin, bu profilli digər müəssisənin), eləcə də, ona tabe şöbələrin təftiş olunması;
-Elmi göstəricilərin kəmiyyət və keyfiyyət baxımından dəyərləndirilməsi;
-Qeyri-perspektiv elmi qurum, şöbə, həmçinin, akademik fərdlərlə bağlı zəruri qərarların verilməsi, mükafatlandırma və cəzalandırma mexanizminin hazırlanması;
-Hər bir elm sahəsi üzrə müasir dünya ilə rəqabətədavamlı, dövlətin strateji maraqlarına uyğun vacib elmi istiqamətlərin təyini və bu meyarların icrasına nəzarət mexanizminin həyata keçirilməsi;
-Differensial əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması.
-Vacib elmi istiqamətlərin müəyyən edilməsi üçün hər bir elm sahəsi üzrə uyğun komissiyanın formalaşdırılması təklif olunur. Komissiyanın tərkibi aşağıdakı meyarlarla müəyyənləşdirilə bilər:
-alimin müasir elmi istiqamətlər üzrə son illərdəki fəaliyyəti və nüfuzlu (Thomson Reuters və Scopus) jurnallardakı işləri;
-“H-index” göstəricisi;
-alimin yerli elmi cəmiyyətdəki nüfuzu;
-elmi miqyası (potensialı)- (alimin elmin müxtəlif istiqamətlərində adekvat fəaliyyətini)
Komissiyanın elmi istiqamətlərin təyinində aşağıdakıları nəzərə alması təklif olunur:
- istiqamətin müasirliyini və aktuallığını göstərən tutarlı dəlillər;
- nəzəri istiqamətlərin vacibliyini göstərən tutarlı dəlillər;
- praktiki əhəmiyyətli istiqamətlərin real tətbiq sahələri ilə və nəzəri istiqamətlərlə bağlılığının tutarlı əsaslandırılması;
- yerli elmi potensialın nəzərə alınması və cari vəziyyətin qiymətləndirilməsi.
STEAM metodunun daha geniş tətbiqi–elm, texnologiya, mühəndislik, riyaziyyat və yaradıcı yanaşmanı özündə birləşdirən STEAM metodunun gələcəkdə daha geniş şəkildə tətbiq mexanizmi elmi inkişaf üçün prioritet məsələlərdən hesab olunur. Elmi tədqiqat müəssisələrində bu yanaşmanın tətbiqi dünyanın gələcək elmi tələbləri ilə uzlaşmaqda yardımçı olacaqdır.
Beynəlxalq əməkdaşlığın təşviqi ilə bağlı xüsusi proqramın hazırlanması təklif olunur. Proqramın məqsədi Azərbaycanda fəaliyyət göstərən elmi tədqiqat institutlarının beynəlxalq elmi mərkəzlərlə fəal şəkildə əməkdaşlığını təmin etmək və qlobal elmi təşəbbüslərdə aktivliyini artırmaq olmalıdır.
Milli İnnovasiya Sisteminin yaradılması və innovasiya mərkəzlərinin kəmiyyət -keyfiyyət göstəricilərinin yaxşılaşdırılması təklif olunur. Bu mərkəzlər, eləcə də, texnoloji parklar elm və texnologiya sektorunda startapları dəstəkləməklə sahibkarlığın inkişafına da müəyyən yardımlar göstərə bilər.
Elmi mühitdə tədqiqat infrastrukturunun təkmilləşdirilməsi təklif olunur. Vacib elmi tədqiqat işlərinin aparılması üçün bacarıqlı və yüksək intellektli kadrlar, həmçinin, laboratoriya imkanları, avadanlıqların təchizini həyata keçirilməsi üçün elmi tədqiqat institutları özfəaliyyət proqramını hazırlamalıdırlar.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı