“Bu gün sinifdə dərs keçmək üçün sinif tapa bilməyən bir müəllim şagirdlə fərdi hazırlığı necə aparacaq? Mexanizm necə olacaq?”.
Bu sözləri “AzEdu Podkast”da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
Deməli, bu gün dedik ki, məktəb öz işini burada tam şəkildə başa çatdıra bilmir. Amma bununla bağlı müəyyən işlər də görüldü. Yəni artıq belə bir qənaətə gəlindi ki, uşağı universitet mühitinə məktəb hazırlamalıdır və bunun ən uyğun variantı tam ştatlı müəllim modelidir.
Mən bu modelin nəzəriyyəsini, mahiyyətini ürəkdən alqışlayıram. Bildiyiniz kimi, artıq ümumi qaydalar da var. 2027-2030-cu illəri əhatə edəcək ilk mərhələ pilot olaraq müəyyən sayda məktəbdə tətbiq olunacaq və ilk olaraq 20 min müəllimi əhatə edəcək. Şərtlərlə yəqin ki, tanışsınız: həmin müəllimlərin əməkhaqqı da iki dəfə artırılacaq. Bu, uğurlu bir yanaşmadır.
Bəs mən bu yanaşmanı niyə uğurlu hesab edirəm? Bayaq dediyimiz kimi, burada üç tərəf var. Məktəb öz işini görə bilmirdi və nəticədə repetitorluq institutu yaranırdı. Bu zaman itirən valideyn, şagird və ümumilikdə təhsil modelinin özü olurdu. Tam ştatlı müəllim modeli təhsil sisteminin özünə qayıdışdır. Məktəb öz funksiyalarını yenidən yerinə yetirə biləcək.
Amma burada da bəzi məqamlar var. Mən bunu mütləq deməliyəm. Şəxsən mənim üçün aydın olmayan bəzi məsələlər var. Hansı məsələlərdir bunlar? Elə burada həmin məqamlara toxunmaq istəyirəm. Bunlar iraddan daha çox, cavabını almaq istədiyim suallardır.
Gəlin, bir hesablama aparaq. Qaydalarda göstərilir ki, müəllimin həftəlik dərs yükü maksimum 36 saat ola bilər. Amma tam ştatlı model əsasında işləyən müəllim gün ərzində səkkiz saat məktəbdə qalmalıdır.
Şənbə və bazar günlərini nəzərə almasaq, bu, ay ərzində 192 saat edir. Nəzərə alaq ki, hər müəllimin həftəlik dərs yükü 36 saat olmayacaq. Orta hesabla 24 saat götürək. Tutaq ki, müəllimin həftəlik dərs yükü 24 saatdır. Bu, ay ərzində 96 saat edir. Beləliklə, müəllimin ay ərzində məktəbdə qalmalı olduğu 192 saatdan 96 dərs saatını çıxsaq, təxminən 100 saatlıq vaxt qalır.
Məni bu sual maraqlandırır: tam ştatlı model əsasında işləyən müəllimin dərs yükü ay ərzində 96 saatdırsa, məktəbdə ümumilikdə 192 saat qalmalı olduğu halda, yerdə qalan 100 saata yaxın vaxtdan necə səmərəli istifadə olunacaq? Bu məsələ mənim üçün müəyyən suallar doğurur.
Bəli, qaydalarda şagirdlərlə fərdi hazırlıq, valideynlərlə iş, dərsdənkənar bəzi öyrədici fəaliyyətlər və sair nəzərdə tutulur. Bəs bunların konkret mexanizmi necə olacaq? Bu gün məktəblərimizdə elə şərait varmı ki, tam ştatlı müəllim modeli əsasında işləyən müəllim şagirdlə əlavə məşğələ keçə bilsin? Axı müəllimin dərs keçməsi üçün boş sinif belə yoxdur. Məktəblərdə şagird sıxlığının hansı səviyyədə olduğu hamımıza məlumdur. Bu problem xüsusilə Bakı, Abşeron və Sumqayıtda özünü göstərir. Bildiyimiz kimi, tam ştatlı müəllim modelinin ilkin mərhələdə pilot olaraq tətbiqi də məhz bu üç böyük ərazidə nəzərdə tutulur.
Yaxşı, bu gün sinifdə dərs keçmək üçün sinif tapa bilməyən bir müəllim şagirdlə fərdi hazırlığı necə aparacaq? Mexanizm necə olacaq? Xahiş edirəm, bu məsələ barədə daha tez-tez danışaq".