Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) sifarişi ilə məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistləri və tərbiyəçi-müəllimləri üçün ölkə üzrə ixtisasartırma təlimləri təşkil edilir.
ARTİ-dən AzEdu.az-a verilən məlumata görə, cari ilin sonuna qədər davam edəcək təlimlərin əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, pedaqoji prosesin keyfiyyətini yüksəltmək, uşaqlar üçün təhlükəsiz, inklüziv və inkişafetdirici təlim mühitinin yaradılmasını dəstəkləməkdir.
Üç proqram üzrə həyata keçirilən təlimlər pedaqoji prosesin planlaşdırılması və idarə olunması, uşaqların fərdi inkişafının dəyərləndirilməsi, inklüziv təlim yanaşmalarının tətbiqi, açıq havada oyun və öyrənmə fəaliyyətlərinin təşkili, təhlükəsizlik və davranışın idarə olunması, eləcə də valideynlərlə əməkdaşlıq kimi istiqamətləri əhatə edir.
Təlimlər praktik tapşırıqlar, qrup müzakirələri və situasiya təhlilləri əsasında təşkil olunur. İştirakçıların əldə etdikləri bilik və bacarıqları gündəlik fəaliyyətlərində tətbiq etmələri, pedaqoji və idarəetmə təcrübələrini təkmilləşdirmələri, bununla da məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi hədəflənir.