Tarix dərslikləri hər il yenilənsə və onlara əlavələr edilsə də, məzmun və tərtibatla bağlı müzakirələr hələ də davam edir. Valideynlər və müəllimlər dərsliklərin müxtəlif çatışmazlıqlarına diqqət çəkir, onların daha anlaşıqlı və şagirdlər üçün cəlbedici olması ilə bağlı təkliflər irəli sürürlər.
Maraqlıdır, mövcud tarix dərsliklərinin əsas çatışmazlıqları nələrdir? Dərsliklərin vizual tərtibatı və üz qabığı dizaynı nə dərəcədə uğurludur? Bu sahədə hansı dəyişikliklərə ehtiyac var?
“AzEdu.az”a mövzu ilə bağlı danışan “İlin gənc müəllimi”, tarix müəllimi Orxan Əhmədov bildirib ki, tarix dərsliklərinin məzmunu ilə yanaşı, vizual tərtibatı və üz qabığının dizaynı da təkmilləşdirilməlidir.

“Fikrimcə, tarix dərslikləri hər il yenilənsə və onlara müəyyən əlavələr edilsə də, təkmilləşdirməyə hələ də ehtiyac var. Əsas çatışmazlıqlardan biri bəzi mövzuların həddindən artıq fakt və məlumat yükü ilə təqdim edilməsi, hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin isə kifayət qədər aydın göstərilməməsidir. Tarix yalnız hadisələrin, tarixlərin və şəxsiyyətlərin əzbərlənməsi deyil, həm də keçmişi anlamaq, təhlil etmək, müqayisə aparmaq və düzgün nəticələr çıxarmaq bacarığıdır. Buna görə də dərsliklərdə şagirdlərin analitik və tənqidi təfəkkürünü inkişaf etdirən tapşırıqların sayı artırılmalıdır.
Ümumi tarix dərsliklərinin sadələşdirilməsinə də ciddi ehtiyac var. Bəzi mövzular həddindən artıq mürəkkəb cümlələrlə, çoxsaylı fakt və təfərrüatlarla təqdim olunur. Bu isə şagirdlərin mətni anlamasını, əsas məqamları müəyyənləşdirməsini və tarixi hadisələr arasında səbəb-nəticə əlaqələri qurmasını çətinləşdirir.
Digər mühüm məsələ mətnlərin şagirdlərin yaş xüsusiyyətlərinə və qavrama səviyyəsinə uyğun hazırlanmasıdır. Bəzi mövzuların dili mürəkkəb, məlumatların təqdimatı isə şagirdlər üçün yorucu ola bilir. Xronoloji cədvəllərə, tarixi xəritələrə, müqayisəli sxemlərə, ilkin mənbələrə və praktik tapşırıqlara daha geniş yer verilməsi həm mövzuların mənimsənilməsini, həm də tarixi hadisələrin yadda saxlanılmasını asanlaşdırar. Həmçinin Azərbaycan tarixinin ümumdünya tarixi ilə əlaqəli şəkildə təqdim olunması şagirdlərdə daha bütöv tarixi təsəvvür formalaşdırar".
Tarix dərsliklərinin hazırlanmasında praktik müəllimlərin rəylərinə daha çox yer verilməlidir.
"Dərsliklərin vizual tərtibatına və üz qabığının dizaynına gəldikdə, düşünürəm ki, burada əsas meyar yalnız estetik görünüş deyil, həm də funksionallıq və məzmunla uyğunluq olmalıdır. Üz qabığı şagirdin diqqətini cəlb etməli, fənnin mahiyyətini əks etdirməli, daxili səhifələrin tərtibatı isə oxumağı və məlumatı qavramağı asanlaşdırmalıdır. Tarixi xəritələr, dövrü əks etdirən illüstrasiyalar, tarixi abidələrin və şəxsiyyətlərin təsvirləri keyfiyyətli, dəqiq və izahlı şəkildə təqdim edilməlidir. Rənglərdən və vizual elementlərdən istifadə zamanı da müəyyən sistem qorunmalı, səhifələr həddindən artıq yüklənməməlidir.
Təklifim budur ki, tarix dərsliklərinin hazırlanmasında praktik müəllimlərin rəylərinə daha çox yer verilsin. Çünki dərslikləri gündəlik tədris prosesində tətbiq edən müəllimlər hansı mövzuların çətin qavranıldığını, hansı tapşırıqların şagirdlərdə maraq yaratdığını və hansı materialların təkmilləşdirilməli olduğunu daha yaxından müşahidə edirlər. Dərsliklər faktoloji dəqiqlik, məzmunun anlaşıqlılığı, yaş səviyyəsinə uyğunluq, metodiki zənginlik və vizual keyfiyyət baxımından kompleks şəkildə qiymətləndirilməlidir.
İnanıram ki, tarix dərsliklərinin məqsədi şagirdlərə yalnız keçmiş haqqında məlumat vermək deyil, həm də onları tarixi düşünməyə, hadisələr arasında əlaqə qurmağa və keçmişdən nəticə çıxarmağa yönəltmək olmalıdır”.