Son günlər tələbə təqaüdlərinin artırılması ilə bağlı müzakirələr aparılır.
Maraqlıdır, təqaüdlərin artırılması ilə bağlı hər hansı təşəbbüs və ya gözlənti varmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda təhsilə Cənab Prezidentin böyük diqqət və qayğısı var:

"Biz bunu hər zaman hiss etmişik və bu gün də dövlətin bu sahəyə davamlı diqqətinin şahidiyik. Artıq təhsil sahəsinə ayrılan büdcə 5 milyard manatdan çoxdur. Nəzərə almalıyıq ki, dövlət hər il bu məsələyə baxır və müvafiq təhlillər aparır.
Hesab edirəm ki, növbəti mərhələdə də bu məsələyə baxılmasının şahidi olacağıq. Proses davamlı xarakter daşıyır və bilavasitə dövlətin diqqət mərkəzindədir. Məbləğin nə qədər olacağı və hansı formada dəyişiklik ediləcəyi ilə bağlı isə cəmiyyətə ətraflı məlumat veriləcək.
Əsas məqam ondan ibarətdir ki, dövlətin bu istiqamətdə iradəsi var və həmin iradə zaman-zaman həyata keçirilən tədbirlərdə öz əksini tapır. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələyə də baxılmasının şahidi olacağıq. Çünki dövlətimiz indiyədək bu istiqamətdə atılan addımları davamlı şəkildə gücləndirib".
İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, tələbə təqaüdlərinin artırılması məsələsinə iqtisadi baxımdan yanaşdıqda, ilk növbədə, tələbələrin gündəlik xərclərinin dinamikasını nəzərə almaq lazımdır:

"Hazırda ərzaq, nəqliyyat, kirayə və digər zəruri xərclərin tələbə büdcəsində payı kifayət qədər yüksəkdir. Bu baxımdan təqaüdlərin artırılması tələbələrin sosial rifahının yaxşılaşdırılması üçün vacib addımlardan biri ola bilər. Təqaüdlərin artırılması ilə bağlı konkret qərarın qəbul edilməsi isə dövlət büdcəsinin imkanlarından, inflyasiya səviyyəsindən və sosial prioritetlərdən asılıdır. Hazırda ümumi tələbə təqaüdlərinin hansı tarixdən və neçə faiz artırılacağı barədə rəsmi qərar olmadan konkret rəqəm söyləmək düzgün olmazdı.
Hesab edirəm ki, mümkün artımın qiymətləndirilməsində ilkin mərhələdə 10-20 faiz diapazonu müzakirə üçün əsas ssenari kimi nəzərdən keçirilə bilər. Lakin bu, rəsmi proqnoz və ya təsdiqlənmiş təşəbbüs deyil, iqtisadi yanaşmaya əsaslanan ehtimaldır. Əsas məqsəd təqaüdlərin artımının tələbələrin real alıcılıq qabiliyyətini qoruması və yaşayış xərclərindəki yüksəlişi müəyyən qədər kompensasiya etməsidir.
Eyni zamanda, sosial baxımdan daha həssas tələbə qruplarına, xüsusilə aztəminatlı ailələrdən olan gənclərə əlavə dəstək mexanizmlərinin tətbiqi də məqsədəuyğun olardı. Çünki tələbə təqaüdü yalnız maddi yardım deyil, həm də təhsilə əlçatanlığın və gənclərin gələcək inkişaf imkanlarının dəstəklənməsi vasitəsidir".