Azedu.az

Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur

AzEdu Təhsil Platforması

14 Oktyabr 2026, 17:30
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur

Bakının mərkəzində QHT rəhbərləri, xanım rəhbərlər və gənc qızların iştirakı ilə “Kəlağayı yürüşü” keçirilib. Milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən yürüş artıq ənənə halını alıb.

AzEdu.az xəbər verir ki, bunu “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Xocalı Soyqırımı Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib.

O bildirib ki, milli geyim və kəlağayı ətrafında bir araya gələn xanımlar Azərbaycan xalqının milli və mənəvi birliyini nümayiş etdirirlər.

Güllü Eldar Tomarlının sözlərinə görə, kəlağayı yalnız baş örtüyü deyil, xalqımızın mədəniyyətini, tarixini və keçmişdən gələcəyə uzanan mənəvi irsini özündə yaşadan dəyərdir.

O vurğulayıb ki, 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu irsin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, ölkə daxilində də təbliği, xüsusilə gənc nəslin kəlağayının tarixi və mədəni əhəmiyyəti barədə maarifləndirilməsi vacibdir.

İctimai Birliyin sədri rəhbərlik etdiyi qurumun da bu istiqamətdə layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılan “Azərbaycan kəlağayısı – Minilliyin yadigarı” layihəsi çərçivəsində bölgələrdə tədbirlər təşkil olunub, İsmayıllının Basqal qəsəbəsində, Qamət bəyin emalatxanasında kəlağayının hazırlanma prosesindən bəhs edən film çəkilib.
Güllü Eldar Tomarlı qeyd edib ki, layihələr çərçivəsində kəlağayı haqqında 10 kitab nəşr olunub, həmçinin 74 müəllifin şeirlərini əhatə edən “Kəlağayı əlvan qayçısı” adlı poetik toplu ərsəyə gətirilib. Kəlağayıya həsr olunan mahnılar və musiqilər də bu qədim irsin təbliğinə xidmət edir.

O əlavə edib ki, kəlağayının hazırlanması mürəkkəb proseslərdən keçir və bu sənətin yaradılmasında kişilərin əməyi xüsusi yer tutur. Hazırlanmış kəlağayının isə qadınlar tərəfindən istifadə olunması bu sənətin özünəməxsus xüsusiyyətlərindəndir.

Güllü Eldar Tomarlının fikrincə, kəlağayının yaşadılması milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən belə yürüşlərin və maarifləndirici tədbirlərin davam etdirilməsi vacibdir.

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox