Azedu.az

BMU-da 4SİM-in dəstəyi ilə “Apple” Səlahiyyətli Təlim Mərkəzi açılıb

Ali təhsil

14 Oktyabr 2026, 11:31
BMU-da 4SİM-in dəstəyi ilə “Apple” Səlahiyyətli Təlim Mərkəzi açılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və “StrategEast” şirkətinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi”nin (“Apple Authorized Training Center for Education”) rəsmi açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, “Apple” şirkətinin beynəlxalq təşəbbüsü çərçivəsində yaradılan mərkəzin məqsədi tələbələrin “Swift” proqramlaşdırma dili vasitəsilə mobil tətbiqlərin hazırlanması üzrə nəzəri bilik və praktiki bacarıqlarını artırmaq, onların müasir əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis kimi yetişməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində BMU-nun 6 müəllimi təlimlərə cəlb olunub, onlardan 2-si “Apple” şirkətinin beynəlxalq təlimçi sertifikatını əldə edib. Universitet tərəfindən mərkəz üçün xüsusi tədris otağı ayrılıb və 20 ədəd “Apple” kompüteri ilə təchiz edilib. Proqramın ilk mərhələsinə 150-dən çox tələbə müraciət edib, onların arasından seçilən 15 tələbə ilk təlim qrupuna qəbul olunub. Artıq həmin tələbələr üçün ödənişsiz təlimlərə başlanılıb. Dərslər “Apple” şirkətinin tədris proqramı əsasında keçirilir. Hər semestr ən azı 15 tələbənin təlimlərə cəlb edilməsi nəzərdə tutulur.

Açılış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, son illərdə universitetdə rəqəmsal transformasiya, mühəndislik təhsilinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Mühəndislik sahəsində 15 yeni ixtisas açılıb, müasir kibertəhlükəsizlik və kompüter laboratoriyaları yaradılıb, tələbələrin praktiki bacarıqlarının inkişafı üçün yeni imkanlar formalaşdırılıb. Rektor qeyd edib ki, bu istiqamətdə mühüm təşəbbüslərdən biri 4SİM-in və “StrategEast” şirkətinin dəstəyi ilə “Təhsil üçün Apple Səlahiyyətli Təlim Mərkəzi”nin yaradılmasıdlır. Mərkəz universitetdə müasir texnologiyalar üzrə tədris imkanlarının genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaqub Piriyev həmçinin, BMU-nun 4SİM-in Dünya İqtisadi Forumu ilə əməkdaşlığı çərçivəsində ölkədə “Strategic Intelligence” platformasına qoşulan ilk ali təhsil müəssisəsi olduğunu bildirib. Rəqəmsal bacarıqların inkişafı istiqamətində əldə olunan nəticələrə toxunan rektor qeyd edib ki, 4SİM-in, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və “Coursera” şirkətinin birgə proqramının ikinci mərhələsində BMU-dan 1386 tələbə iştirak edib və ümumilikdə 8697 kurs uğurla tamamlanıb. Universitet tamamlanmış kursların sayına görə ölkə üzrə birinci yeri tutub.

Beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri olan ikili diplom proqramlarından bəhs edən rektor onu da nəzərə çatdırıb ki, BMU-da Cənubi Koreya və Çinin aparıcı universitetləri ilə bakalavriat səviyyəsində 10 ixtisası, magistratura səviyyəsində isə 4 ixtisaslaşmanı əhatə edən 4 ikili diplom proqramı həyata keçirilir. Yaqub Piriyev bütün bu təşəbbüslərin müasir texnologiyalara yiyələnən, innovativ düşüncəyə malik və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət etdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafı üçün ixtisaslı insan kapitalının formalaşdırılması əsas prioritetlərdəndir və bu cür təşəbbüslər gənclərin qabaqcıl texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafına, eləcə də ölkənin texnoloji transformasiyasına töhfə verir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov vurğulayıb ki, layihə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın hədəflərinə uyğun olaraq beynəlxalq texnologiya şirkətlərinin qabaqcıl təcrübəsinin ölkəyə gətirilməsinə, əmək bazarının tələblərinə cavab verən rəqəmsal bacarıqların inkişafına və universitetlərlə texnologiya sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi”nin fəaliyyətinin növbəti mərhələsində daha çox müəllimin beynəlxalq sertifikatlaşdırılması, tədris proqramının universitetin təhsil proqramına inteqrasiyası və əldə olunan təcrübənin digər ali təhsil müəssisələrində tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulur.

Sonda tədbir iştirakçları BMU-nun kibertəhlükəsizlik, kompüter, kimya, biotexnologiya, mexanika mühəndisliyi laboratoriyaları və Texnoparkı ilə tanış olublar.

İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!
Son xəbərlərDaha çox