Azedu.az

İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq 

Ali təhsil

27 Noyabr 2026, 17:10
İngilis dilini yaxşı bilən müəllimlərin maaşı artacaq 

Azərbaycan Tibb Universiteti  tərəfindən təşkil olunan kurslarda ingilis dili üzrə B2 səriştəlik səviyyəsində nəticə  göstərən professor-müəllim heyətinə, baş laborantlara, doktorant və dissertantlara diferensial əməkhaqqının tətbiqi qərara alınıb.

Maraqlıdır ki,  bu yenilik bütün universittelərdə tətbiq olunmalıdırmı? 

AzEdu.az-a mövzu ilə açıqlama verən fəlsəfə doktoru, Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov qeyd edib ki, bu mütərəqqi addım lokal təşəbbüs çərçivəsində qalmamalı, ölkənin bütün ali təhsil və elmi-tədqiqat müəssisələri üçün vahid təşviq modelinə çevrilməlidir:

"Hesab edirəm ki, Azərbaycan Tibb Universitetində (ATU) ingilis dili üzrə B2 səriştəlilik səviyyəsi nümayiş etdirən akademik və elmi-tədqiqat heyətinə diferensial əməkhaqqı mexanizminin tətbiqi ali təhsil sistemimizdə keyfiyyət əsaslı idarəetməyə keçidin göstəricisidir. Müasir dövrdə qlobal akademik məkana inteqrasiya etmək, nüfuzlu beynəlxalq reytinq cədvəllərində rəqabətqabiliyyətliliyi artırmaq və elmi nəticələrin dünya miqyasında tanınmasına nail olmaq üçün ingilis dili artıq fərdi seçim deyil, fundamental elmi kommunikasiya vasitəsidir. Məhz bu strateji zərurətdən irəli gələrək ATU-nun atdığı bu mütərəqqi addım lokal təşəbbüs çərçivəsində qalmamalı, ölkənin bütün ali təhsil və elmi-tədqiqat müəssisələri üçün vahid təşviq modelinə çevrilməlidir.

Bu təcrübənin bütün universitetlərdə tətbiqinə ciddi institusional ehtiyac var, çünki elmi-pedaqoji fəaliyyətin səmərəliliyini artıran ən təsirli amillərdən biri məhz əməyin keyfiyyətinə uyğun maddi stimullaşdırmadır. Hazırda bir çox ali məktəblərdə eyni elmi dərəcəyə və akademik statusa malik əməkdaşlar xarici dil kompetensiyalarından və qlobal elmi bazalardakı tədqiqat fəallıqlarından asılı olmayaraq eyni məvacib alırlar.

Düşünürəm ki, bu cür yanaşma müasir elmi ədəbiyyatları orijinal mənbədən izləyən, tədris proqramlarını yeniləyən tədqiqatçılarla ənənəvi çərçivələrlə kifayətlənən heyət arasında ədalətsiz bərabərlik yaradır. Diferensial əməkhaqqı sistemi isə akademik mühitdəki bu ətaləti aradan qaldıraraq sağlam elmi rəqabəti gücləndirə və fasiləsiz peşəkar inkişafı stimullaşdıra bilər".

Şəffaflıq naminə beynəlxalq dil sertifikatları da tanınmalı, bu biliklərin tədris və tədqiqatda tətbiqinə nəzarət qurulmalıdır:

"Digər tərəfdən, ingilis dilini B2 səviyyəsində mənimsəmək alim və müəllimlərə "Scopus", "Web of Science" kimi yüksək indeksli elmi bazalarda tədqiqat nəticələrini dərc etdirmək, beynəlxalq qrant layihələrində və konsorsiumlarda təmsil olunmaq imkanı yaradır. Eyni zamanda, ali təhsilin beynəlmiləlləşdirilməsi və ingilisdilli tədris proqramlarının genişləndirilməsi müasir təhsil siyasətimizin əsas prioritetlərindəndir. Hesab edirəm ki, əgər yerli akademik kadr potensialımız bu dildə sərbəst elmi müzakirələr aparmaq və mühazirələr oxumaq səriştəsinə tam yiyələnməsə, nə tədrisin beynəlxalq standartlara uyğunlaşmasından, nə də ölkənin regional təhsil mərkəzinə çevrilməsindən danışmaq olar.

Həmçinin doktorant və dissertantların da bu stimullaşdırıcı mexanizmə cəlb edilməsi gənc tədqiqatçıların hələ elmi fəaliyyətlərinin ilkin mərhələsində qlobal elm məkanına hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Fikrimcə, bu model bütün universitetlərdə tətbiq edilərkən obyektivliyi və akademik şəffaflığı təmin etmək üçün yalnız daxili qiymətləndirmə ilə kifayətlənməyib, beynəlxalq dil sertifikatlarının (IELTS, TOEFL və s.) də ekvivalent olaraq tanınması və bu biliklərin bilavasitə tədris-tədqiqat prosesində tətbiqinə nəzarət mexanizmlərinin qurulması məqsədəuyğundur. İnanıram ki, belə bir sistemli yanaşma ölkəmizdə elmi-pedaqoji mühitin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə və universitetlərimizin dünya elm məkanında layiqli yer tutmasına mühüm töhfə verəcək".

Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox