Azedu.az

Distant təhsil müəllimdən nə tələb edir? - 6 əsas bacarıq

Müəllimlər və elm adamları

27 Noyabr 2026, 14:39
Distant təhsil müəllimdən nə tələb edir? - 6 əsas bacarıq

Distant təhsil ənənəvi tədris yanaşmalarından fərqli olaraq müəllimlərdən bir sıra əlavə bilik və bacarıqlar tələb edir. Bu təhsil formasında dərsin təşkili, tədris materiallarının hazırlanması, texnoloji vasitələrdən istifadə və təhsilalanlarla ünsiyyət xüsusi əhəmiyyət daşıyır. Müəllimin mövcud bacarıqları distant təhsilin tələblərinə tam uyğun gəlməyə bilər.

Buna görə də onlayn tədrisin səmərəli təşkili üçün pedaqoji, texnoloji, məzmun, idarəetmə, dizayn və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi vacibdir.

AzEdu.az-ın Metodik vəsaitdən əldə etdiyi məlumata görə, distant təhsil üzrə müxtəlif ədəbiyyatlarda müəllimlər üçün zəruri hesab edilən altı əsas bacarıq müəyyənləşdirilir.

Pedaqoji bacarıqlar

Distant tədris zamanı müəllim ilk növbədə pedaqoji bilik və bacarıqlara malik olmalıdır. Buraya müxtəlif öyrənmə nəzəriyyələrini bilmək, uyğun tədris strategiyaları hazırlamaq və qiymətləndirmə üsullarından düzgün istifadə etmək daxildir.

Müəllim təhsilalanların dərsdə fəal iştirakını təmin etməli, onların ehtiyaclarına uyğun öyrənmə fəaliyyətləri təşkil etməli və zərurət yarandıqda istiqamət verməlidir. Eyni zamanda fərdi və qrup işlərini meyarlar əsasında qiymətləndirmək, şagirdləri həvəsləndirmək, özünüqiymətləndirmə və əməkdaşlıq mühitini formalaşdırmaq da pedaqoji bacarıqların tərkib hissəsidir.

Texnoloji və texniki bacarıqlar

Onlayn tədrisin təşkili müəllimdən müxtəlif rəqəmsal vasitələrdən istifadə etməyi bacarmağı tələb edir. Müəllim elektron poçt, internet brauzerləri, Moodle və Blackboard kimi öyrənmənin idarə olunması sistemləri, mesajlaşma və videokonfrans tətbiqləri ilə işləməyi bilməlidir.

Bununla yanaşı, istifadə etdiyi texnoloji vasitələrin tədris imkanlarını və məhdudiyyətlərini anlamalı, elektron kitablar, təlimat videoları və digər rəqəmsal materialların hazırlanması barədə məlumatlı olmalıdır. Təhsil texnologiyalarındakı yenilikləri izləmək və onlardan məqsədəuyğun istifadə etmək də bu bacarıqlara daxildir.

Məzmun bacarıqları

Müəllimin tədris etdiyi fənn üzrə dərin biliyə malik olması distant təhsildə də əsas tələblərdən biridir. O, təhsilalanların bilik və bacarıq səviyyələrini nəzərə alaraq fənnin məqsədlərini və öyrənmə hədəflərini müəyyənləşdirməlidir.

Məzmun bacarıqlarına dərsin məqsədlərinə uyğun öyrənmə və qiymətləndirmə fəaliyyətlərinin hazırlanması, fənn proqramının tərtib edilməsi, müxtəlif öyrənmə tərzlərinə uyğun tədris materiallarının seçilməsi və yaradılması daxildir. Müəllim həmçinin tədris etdiyi mövzuları elmi, sosial və mədəni hadisələrlə əlaqələndirməyi bacarmalıdır.

İdarəetmə bacarıqları

Distant təhsil zamanı dərsin və təhsilalanların fəaliyyətinin idarə olunması müəllimin əsas öhdəliklərindəndir. Müəllim özünün və təhsilalanların rolunu, qarşılıqlı gözləntiləri aydın şəkildə müəyyənləşdirməli, dərs vaxtını düzgün bölüşdürməli və vaxtdan səmərəli istifadə etməlidir.

Bundan başqa, onlayn dərslərin gedişatını mütəmadi izləmək, tapşırıqların təqdim edilməsi və rəylərin göndərilməsi ilə bağlı qaydalar müəyyənləşdirmək, təhsilalanların iştirakını nəzarətdə saxlamaq vacibdir. Müəllim distant tədris zamanı müəssisənin daxili qaydalarına, hüquqi və etik normalara, eləcə də müəllif hüquqlarına riayət etməlidir.

Dizayn bacarıqları

Distant təhsildə dərsin məzmunu ilə yanaşı, onun necə təqdim olunması da mühüm rol oynayır. Buna görə müəllim tədris dizaynının prinsiplərini, modellərini və nəzəriyyələrini bilməli, materialları müxtəlif formatlarda hazırlayıb təqdim etməyi bacarmalıdır.

Dərsin və öyrənmə fəaliyyətlərinin layihələndirilməsi zamanı müəllim təhsil müəssisəsinin digər məsul şəxsləri ilə əməkdaşlıq edə, uyğun rəqəmsal alətlər seçə bilər. Eyni zamanda təhsilalanların əvvəlki rəylərini nəzərə alaraq tədris materiallarını yeniləməli və hazırladığı dərsin keyfiyyətini qiymətləndirməlidir.

Kommunikasiya bacarıqları

Distant təhsildə müəllimlə təhsilalan arasında birbaşa ünsiyyət imkanları məhdudlaşdığı üçün kommunikasiya bacarıqları xüsusi əhəmiyyət daşıyır. Müəllim interaktiv müzakirələr təşkil etməli, məlumat mübadiləsini dəstəkləməli, fikirlərini aydın və anlaşıqlı dildə ifadə etməlidir.

Onlayn ünsiyyətdə mədəni fərqləri nəzərə almaq, suallara dolğun cavab vermək, yazılı mesajların və rəylərin keyfiyyətinə diqqət yetirmək vacibdir. Müəllim həmçinin təhsilalanlarla münasibətdə fərdi yanaşma, həssaslıq və empatiya nümayiş etdirməli, mehriban və əməkdaşlığa əsaslanan mühit yaratmalıdır. Münaqişə və anlaşılmazlıqların sülh yolu ilə həlli də bu bacarıqlar sırasına daxildir.

Beləliklə, distant təhsil müəllimdən yalnız fənn biliklərini deyil, eyni zamanda pedaqoji, texnoloji, idarəetmə və kommunikasiya sahələrində çevik olmağı tələb edir. Bu bacarıqların inkişafı onlayn dərslərin daha planlı, interaktiv və təhsilalanların ehtiyaclarına uyğun təşkilinə imkan yaradır.

Kərimlinin şok səs yazısı ÜZƏ ÇIXDI - Məhkəmədə görün nələr olub?!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox