UNESCO müəllimlərin peşəkar inkişafı və karyera boyunca davamlı öyrənmə imkanlarına həsr olunan yeni qlobal hesabatını təqdim edib.
AzEdu.az xəbər verir ki, “Müəllimlər haqqında Qlobal Hesabat 2026” UNESCO və 2030-cu ilədək Təhsil üzrə Beynəlxalq Müəllimlər İşçi Qrupu tərəfindən hazırlanıb.
“Ömürboyu öyrənmə vasitəsilə müəllimlərin peşəkar inkişafının gücləndirilməsi” adlı hesabatda müəllimlərin yalnız pedaqoji fəaliyyətə başladıqları dövrdə deyil, bütün karyeraları boyunca bilik və bacarıqlarını yeniləmələrinin vacibliyi vurğulanıb.
Sənəddə qeyd olunub ki, dünyada müəllimlərin iş şəraiti sürətlə dəyişsə də, onların bu dəyişikliklərə uyğunlaşması üçün peşəkar inkişaf imkanları eyni sürətlə genişlənmir. Bir çox ölkədə ixtisasartırma proqramlarına çıxış qeyri-bərabərdir və təlimlər hər zaman müəllimlərin real ehtiyaclarına, iş şəraitinə və karyera mərhələlərinə uyğun təşkil edilmir.
Hesabatda müəllimlərin peşəkar inkişafının ilkin pedaqoji hazırlıqdan başlayaraq mentorluq, davamlı ixtisasartırma, həmkarlarla təcrübə mübadiləsi və karyera yüksəlişinədək bütün mərhələləri əhatə etməsinin vacibliyi diqqətə çatdırılıb.
Sənəddə, həmçinin müəllimlərin peşəkar müstəqilliyi, qərarvermə prosesində iştirakı və rifahının qorunması məsələlərinə toxunulub. Süni intellekt, demoqrafik dəyişikliklər və iqlim problemlərinin təhsil sistemlərinə təsiri fonunda pedaqoqların yeni bacarıqlar qazanmasının əhəmiyyəti vurğulanıb.