Azedu.az

Yuxu istəyini yaradan beyin hüceyrələri müəyyən edilib

Maraqlı

23 Noyabr 2026, 10:43
Yuxu istəyini yaradan beyin hüceyrələri müəyyən edilib

Alimlər insan və heyvanlarda uzun müddət oyaq qalmaq nəticəsində yaranan güclü yuxu istəyinin beyində hansı hüceyrələrlə əlaqəli olduğunu müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələr zamanı bu hüceyrələrin fəaliyyətinin zəiflədilməsi heyvanların yuxu müddətini təxminən 70 faiz azaldıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma İsveçrənin Bazel Universitetinin professoru Aleks Şierin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən aparılıb. Tədqiqatın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

Araşdırmada alimlər uzun müddət oyaq qalan, normal yuxu rejimində olan və yuxusuzluqdan sonra bərpa yuxusu keçirən siçanların beyin fəaliyyətini müqayisə ediblər. Bunun üçün 162 siçan beyninin fəaliyyəti 26 fərqli eksperimental şəraitdə araşdırılıb.

Nəticədə tədqiqatçılar yuxu ehtiyacının formalaşmasında iştirak edən iki beyin bölgəsini müəyyən ediblər. Bunlardan biri beyin kötüyündə yerləşən median raphe, digəri isə hipotalamusun ön medial preoptik sahəsidir.

Alimlər müəyyən ediblər ki, median raphe bölgəsindəki iki neyron qrupu - GABAergik və serotonergik hüceyrələr - oyaq qalma müddəti uzandıqca daha fəal olur. İnsan və heyvanlarda yuxu ehtiyacının artması ilə əlaqələndirilən bu fəaliyyət yuxu başladıqdan sonra azalır.

Tədqiqatın növbəti mərhələsində alimlər həmin hüceyrələrin fəaliyyətinə müdaxilə ediblər. Onlar bu neyronları süni şəkildə aktivləşdirdikdə siçanların daha uzun və dərin yatdığını müşahidə ediblər. Əksinə, hüceyrələrin fəaliyyəti uzun müddət zəiflədildikdə heyvanların yuxu müddəti təxminən 70 faiz azalıb.

Maraqlı məqamlardan biri isə yuxu müddəti kəskin azalan siçanların əksəriyyətində uzunmüddətli yuxusuzluq zamanı gözlənilən davranış pozuntularının müşahidə edilməməsidir. Bununla belə, təcrübə zamanı heyvanların bir hissəsi tələf olub.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr yuxu ehtiyacının sadəcə yorğunluğa verilən reaksiya olmadığını, beyindəki konkret neyron qrupları tərəfindən fəal şəkildə tənzimləndiyini göstərir.

Qeyd edək ki, araşdırma hələlik siçanlar üzərində aparılıb. Müəyyən edilmiş neyron qruplarının insanlarda da eyni funksiyanı yerinə yetirib-yetirmədiyini öyrənmək üçün əlavə tədqiqatlara ehtiyac var. Alimlər gələcəkdə bu hüceyrələrin digər beyin bölgələri ilə əlaqəsini və yuxu ehtiyacını formalaşdıran mexanizmləri daha ətraflı araşdırmağı planlaşdırırlar.

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
Son xəbərlərDaha çox