Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən “QS Avrasiya Forumu 2026”da iştirak edib.
ADNSU-dan AzEdu.az-a verilən məlumata görə, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum Avrasiya regionunun aparıcı universitetlərinin rəhbərlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müxtəlif təhsil platformalarının təmsilçilərini bir araya gətirib.
Forumun ilk günü Qazaxıstan Milli İdman Universitetində keçirilib. Tədbirin açılış mərasimində çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkədə ali təhsilin beynəlmiləlləşdirilməsinin və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin prioritet istiqamətlər olduğunu vurğulayıb.
Forumun proqramı ali təhsilin əsas inkişaf istiqamətlərinə həsr olunmuş panel sessiyaları ilə davam edib. Sessiyalarda transmilli təhsil, universitet filiallarının fəaliyyəti, rəqəmsal platformaların tədris prosesinə inteqrasiyası, elmin və innovasiyanın ali təhsilin gələcəyindəki rolu, qlobal tərəfdaşlıq, eləcə də universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi məsələləri müzakirə olunub.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov forumda çıxış edərək ali təhsil sahəsində baş verən dəyişikliklər, innovasiyaların tədris prosesinə tətbiqi, Azərbaycanın bu istiqamətdə əldə etdiyi nailiyyətlər və universitetin beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib.
Rektor ali təhsilin müasir çağırışlara uyğunlaşdırılmasının, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın ali təhsil sistemində həyata keçirilən yeniliklərin universitetlərin inkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və ölkənin beynəlxalq akademik məkana inteqrasiyasına mühüm töhfə verdiyini qeyd edib.
Rüfət Əzizov ADNSU-nun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən də bəhs edib. O, həmçinin bildirib ki, növbəti QS Sammiti 2027-ci ildə ilk dəfə olaraq Azərbaycanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.
Forum çərçivəsində, həmçinin birgə təhsil proqramları, akademik mobillik, keyfiyyət təminatı, universitetlərin beynəlxalq elmi-tədqiqat məkanına inteqrasiyası və gələcəyin iqtisadiyyatının tələblərinə uyğun bacarıqların formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.