İstehsalat təcrübəsi ali təhsil alan tələbələrin nəzəri biliklərini praktikada tətbiq etməsi və peşəkar bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Universitetlərdə təcrübənin başlanma vaxtı və müddəti tələbələrin ixtisasına, təhsil pilləsinə və təsdiq edilmiş tədris planına uyğun olaraq dəyişir.
Universitetinizdə/akademiyanızda tələbələrin istehsalat təcrübəsinə hansı tarixdən və ya tədris ilindən başlanılır və təcrübə nə qədər davam edir? Yaxın gələcəkdə istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə bağlı hər hansı yenilik və ya dəyişiklik nəzərdə tutulurmu? Əgər nəzərdə tutulursa, hansı dəyişikliklərin edilməsi planlaşdırılır?
AzEdu.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) bildirilib ki, tələbələrin istehsalat təcrübəsi müvafiq ixtisaslar üzrə təsdiq edilmiş tədris planlarına uyğun olaraq təşkil olunur:
"Təcrübə, əsasən, təhsilin sonuncu ilində, bəzi ixtisaslar üzrə isə təhsilin daha erkən mərhələlərində keçirilir. Təcrübənin başlanma tarixi və müddəti tələbələrin ixtisasından və tədris planından asılı olaraq dəyişir. Müxtəlif ixtisaslar üzrə təcrübə fərqli tarixlərdə başlayır və müxtəlif müddətləri əhatə edir. Ən erkən təcrübə başlanğıcı 16 fevral tarixinə təsadüf edir. Təcrübənin davametmə müddəti isə müvafiq tədris planlarında nəzərdə tutulan kredit və həftə sayına uyğun müəyyən edilir.
Yaxın gələcəkdə istehsalat təcrübəsinin təşkili və keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra inkişaf tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə sənaye müəssisələri, özəl sektor və digər işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni təcrübə bazalarının cəlb edilməsi və tələbələrin ixtisaslarına uyğun təcrübə imkanlarının artırılması prioritet istiqamətlərdəndir.
Eyni zamanda, müəssisələrlə əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühitində praktiki bilik və bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsi, işəgötürənlərin təcrübə prosesinin qiymətləndirilməsinə cəlb edilməsi nəzərdə tutulur.Bununla yanaşı, təcrübə prosesinin idarə edilməsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, sənədləşmə, monitorinq və qiymətləndirmə proseslərinin optimallaşdırılması istiqamətində işlərin aparılması planlaşdırılır.
Ümumilikdə, əsas məqsəd istehsalat təcrübəsinin səmərəliliyini artırmaq, universitet-sənaye əməkdaşlığını gücləndirmək, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsinə şərait yaratmaq və onların gələcək əmək bazarına hazırlığını daha da yaxşılaşdırmaqdır".
Lənkəran Dövlət Universitetindən (LDU) qeyd edilib ki, tələbələrin istehsalat və klinik təcrübələri müvafiq ixtisasların təhsil praqramlarına uyğun olaraq təşkil edilir.
"Belə ki, Baytarlıq təbabəti ixtisası üzrə klinik təcrübə sentyabrın 15-dən dekabrın 28-dək 15 həftə müddətində keçirilir. Həmin ixtisas üzrə istehsalat təcrübəsi isə yanvarın 5-dən başlayaraq 19 həftə davam edir. Digər ixtisaslar üzrə təcrübə prosesi fevral ayında, yaz semestrində başlanılır və tədris planlarına uyğun olaraq 20, 14, 7, 5, 4, həftəlik təşkil edir.
Yaxın gələcəkdə istehsalat təcrübəsinin təşkili və keçirilməsi sahəsində yeniliklərin tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə təcrübə bazalarının genişləndirilməsi, müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, tələbələrin ixtisaslarına uyğun təcrübə yerləri ilə təmin olunması və təcrübə prosesinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi planlaşdırılır. Eyni zamanda, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması və təcrübənin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdəndir".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib ki, tələbələrin istehsalat təcrübəsi tədris prosesinin mühüm tərkib hissəsi olmaqla, onların nəzəri biliklərinin praktik mühitdə möhkəmləndirilməsinə, peşəkar bacarıqlarının inkişaf etdirilməsinə və əmək bazarına hazırlığının təmin edilməsinə xidmət edir:
"Universitetdə istehsalat təcrübəsi müvafiq tədris planlarına, ixtisasların xüsusiyyətlərinə və akademik təqvimə uyğun olaraq təşkil edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələr IV kursun, qiyabi təhsilalma formasında təhsil alan tələbələr isə V kursun yaz semestrində istehsalat təcrübəsinə cəlb olunurlar.
2026-2027-ci tədris ilində tələbələrin istehsalat təcrübəsinin təşkili ixtisaslar üzrə müəyyən edilmiş kreditlərin həcminə və akademik təqvimdə nəzərdə tutulmuş müddətlərə uyğun həyata keçiriləcəkdir. Belə ki, 6 kreditlik istehsalat təcrübəsi 4 həftə, 21 kreditlik təcrübə 14 həftə, 30 kreditlik təcrübə isə 20 həftəlik aktiv təcrübə müddətini əhatə edəcəkdir. Təcrübələr, əsasən, yaz semestrində təşkil olunacaqdır.
Tələbələrin istehsalat təcrübəsi dövlət qurumlarında, özəl sektor müəssisələrində, bank və maliyyə təşkilatlarında, eləcə də universitetin əməkdaşlıq etdiyi digər müəssisə və təşkilatlarda həyata keçirilir. Təcrübə yerlərinin müəyyənləşdirilməsi zamanı tələbələrin ixtisas istiqamətləri, nəzəri hazırlıq səviyyələri və gələcək peşə fəaliyyətlərinin xüsusiyyətləri nəzərə alınır.
UNEC-də istehsalat təcrübəsinin səmərəliliyinin artırılması, onun məzmun və keyfiyyət baxımından təkmilləşdirilməsi, eləcə də əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, tələbələr üçün ixtisaslarına uyğun təcrübə imkanlarının artırılması və işəgötürənlərin təcrübə prosesində iştirakının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, qarşıdakı dövrdə istehsalat təcrübəsinin təşkili və idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal imkanlardan istifadənin genişləndirilməsi, tələbələrin təcrübə müddətində fəaliyyətinin sistemli şəkildə izlənilməsi və əldə etdikləri praktiki bacarıqların qiymətləndirilməsi istiqamətində fəaliyyətin inkişaf etdirilməsi əsas perspektiv istiqamətlər kimi nəzərdən keçirilir.
Ümumilikdə, UNEC-də istehsalat təcrübəsinin təşkilində əsas məqsəd tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə şərait yaratmaq, onların peşəkar kompetensiyalarını inkişaf etdirmək, əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verməkdir",
Azərbaycan Universitetindən (AU) qeyd edilib ki, tədris planına uyğun olaraq müvafiq ixtisaslar üzrə nəzərdə tutulmuş tədris ilindən başlanılır:
"Təcrübənin müddəti ixtisasların tədris planlarına uyğun olaraq fərqlənir. Belə ki, əyani təhsil forması üzrə mövcud olan 27 ixtisasdan 18-i üzrə istehsalat təcrübəsi 18 həftə (30 kredit), 2-si üzrə 14 həftə (21 kredit), 7-si üzrə isə 4 həftə (6 kredit) müddətində nəzərdə tutulmuşdur. Qiyabi təhsil forması üzrə ixtisaslarda isə istehsalat təcrübəsinin müddəti 5 həftə, sadəcə 1 ixtisas üzrə 4 həftə təşkil edir.
Hazırda tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, təcrübə bazalarının genişləndirilməsi, müəssisə və təşkilatlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür".
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, Bakı Dövlət Universitetində buraxılış kurslarının tələbələrinin 2026/2027-ci tədris ilinin yaz semestrindən etibarən, yəni fevralın 16-dan iyulun 5-dək ixtisasların tədris planına uyğun olaraq tədris və istehsalat təcrübəsi keçmək üçün müvafiq müəssisə və təşkilatlara göndərilməsi planlaşdırılır.
"İxtisasların tədris planına uyğun olaraq, Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Coğrafiya, Geologiya, Ekologiya və torpaqşünaslıq fakültələrində təcrübələrin 14 həftə (21 kredit) davam etməsi və fevralın 16-dan mayın 25-dək keçirilməsi nəzərdə tutulub.
Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri üçün istehsalat təcrübəsinin may ayında (4 həftə) keçirilməsi planlaşdırılır. Tətbiqi riyaziyyat və kibernetika, Filologiya, Tarix, Jurnalistika, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, eləcə də İnformasiya və sənəd menecmenti fakültələrində təcrübələrin fevralın 16-dan iyulun 5-dək (30 həftə, 21 kredit) davam etməsi nəzərdə tutulub.
Bakı Dövlət Universitetində buraxılış kursu tələbələrinin təcrübə keçməsi üçün baza müəssisələri mövcuddur. Tələbələr hər yeni tədris ilində ixtisaslarına uyğun olaraq həmin müəssisələrdə təcrübə keçirlər. Bununla yanaşı, universitet hər il yeni müəssisələrlə əməkdaşlıq edir, yeni müqavilələr bağlayır və buraxılış kursu tələbələrini təcrübə keçmək üçün həmin müəssisələrə göndərir. Cari tədris ilində də bir sıra yeni müəssisə və təşkilatlarla danışıqlar aparılıb, razılıq əldə olunub və müqavilələr imzalanıb".
Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, tələbə təcrübələrinin təşkili sahəsində yeni və innovativ idarəetmə modeli tətbiq olunur.
"Qüvvədə olan qanunvericiliyin tələbləri əsasında hazırlanmış AzTU Təcrübə Qaydaları və onların icrasını təmin edən süni intellekt əsaslı Təcrübə Portalı artıq üçüncü ildir ki, uğurla istifadə olunur. Bu model Azərbaycanda ali təhsil müəssisələri arasında tələbə təcrübələrinin rəqəmsal, şəffaf və nəticəyönümlü idarə olunması baxımından ilk kompleks yanaşmalardan biridir.
Yeni sistemin əsas konsepsiyası tələbə, universitet və sənaye müəssisəsi arasında əlaqəni vahid platformada təmin etməkdir. Hər bir ixtisas üzrə tələbələrin sayından daha çox təcrübə yeri formalaşdırılır, müəssisələr üzrə kvotalar və təcrübə rəhbərləri əvvəlcədən müəyyən edilir. Tələbələr akademik performans göstəricilərinə əsasən portal vasitəsilə təcrübə yerini və rəhbərini seçirlər. Bu yanaşma seçim imkanlarını genişləndirir, şəffaflığı artırır və təcrübə prosesində sağlam rəqabət mühiti yaradır.
Cari il ərzində platformanın yenilənməsi və ona yeni funksiyaların əlavə edilməsi planlaşdırılır. Bu istiqamətdə işlər davam etdirilir".
Naxçıvan Dövlət Universitetindən (NDU) bildirilib ki, tələbələrin istehsalat təcrübəsi hər tədris ilinin təsdiq edilmiş akademik təqviminə və müvafiq ixtisasların tədris planlarına uyğun olaraq təşkil edilir:
"2026/2027-ci tədris ilində Baytarlıq təbabəti, Tibb və Hərbi tibb ixtisasları üzrə 20 həftəlik istehsalat təcrübəsinə 15 sentyabr 2026-cı il tarixindən başlanılmışdır.Digər ixtisaslar üzrə istehsalat təcrübələri 2026/2027-ci tədris ilinin yaz semestrində təşkil ediləcəkdir. Təcrübələrin müddəti ixtisasların xüsusiyyətlərindən və təhsilalma formasından asılı olaraq fərqlənir. Əyani təhsilalma forması üzrə istehsalat təcrübələrinin müddəti ixtisaslardan asılı olaraq 4, 14 və 20 həftə, qiyabi təhsilalma forması üzrə isə 1 və 5 həftə müəyyən edilmişdir.
İstehsalat təcrübələri universitetin əməkdaşlıq etdiyi müvafiq dövlət və özəl müəssisələrdə, təşkilatlarda və digər təcrübə bazalarında həyata keçirilir. Təcrübələrin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etmələrinə, peşə bacarıqlarını inkişaf etdirmələrinə və gələcək əmək fəaliyyətinə hazırlanmalarına şərait yaratmaqdır.
Naxçıvan Dövlət Universitetində 2026/2027-ci tədris ilindən etibarən istehsalat təcrübələrinin təşkili və sənədləşdirilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində yenilik tətbiq edilmişdir.Belə ki, cari tədris ilindən başlayaraq istehsalat təcrübəsi jurnalları elektronlaşdırılmışdır. Əvvəlki illərdə kağız formada aparılan təcrübə jurnalları bundan sonra elektron formada tərtib ediləcək və müvafiq məlumatların qeydiyyatı elektron sistem üzərindən həyata keçiriləcəkdir.
Bu yeniliyin əsas məqsədi təcrübə prosesinin sənədləşdirilməsini sadələşdirmək, məlumatların daha sistemli şəkildə toplanmasını və saxlanılmasını təmin etmək, həmçinin təcrübələrin gedişinə nəzarətin operativliyini artırmaqdır.Elektron jurnalların tətbiqi təcrübə rəhbərlərinin işinin asanlaşdırılmasına, sənədləşmə prosesində vaxt itkisinin azaldılmasına və təcrübə ilə bağlı məlumatların vahid elektron mühitdə idarə olunmasına imkan yaradacaqdır".
Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasından (DGKA) qeyd edilib ki, akademiyanın tələbələri nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək məqsədilə Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri ilə yanaşı, müxtəlif dövlət və özəl qurumlarda istehsalat təcrübəsi keçirlər:
"Təcrübə prosesi IV kursun son (yaz) semestrində təşkil olunur və tələbələr layihə işlərinin mövzularına uyğun sahələr üzrə müvafiq qurumlara yönləndirilirlər".
Bakı Ali Neft Məktəbindən (BANM) qeyd edilib ki, istehsalat təcrübəsi təhsil prosesinin mühüm tərkib hissəsi hesab olunur və tədris proqramının strukturuna daxil edilib:
"Tələbələr ikinci kursun sonundan etibarən hər il 1 ay müddətində istehsalat təcrübəsinə cəlb olunurlar. Sənaye müəssisələri ilə qurulan sıx əməkdaşlıq sayəsində onlar ölkənin aparıcı şirkətlərində praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.
Bu təcrübə tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə, peşəkar kompetensiyalarını artırmalarına və gələcəkdə əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarına, eləcə də daha qısa müddətdə işlə təmin olunmalarına mühüm töhfə verir".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, 2026-2027-ci tədris ili üzrə unniversitetin sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübəsinin 16 fevral-28 may 2027-ci il tarixlərində təşkili nəzərdə tutulur:
"Təcrübə müvafiq normativ sənədlər və aidiyyəti üzrə nazirliyin qərarı əsas götürülməklə həyata keçiriləcək.
Əvvəlki illərdə pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin təcrübəsi universitetdə təşkil olunan tədris təcrübəsi və ümumi təhsil müəssisələrində dörd həftə davam edən istehsalat təcrübəsi olmaqla iki mərhələdə keçirilirdi. 2026–2027-ci tədris ilindən etibarən isə bu modeldə dəyişiklik edilərək ümumi təhsil müəssisələrində 15 həftəlik vahid tədris təcrübəsinin təşkili nəzərdə tutulub. Təcrübələrin keçirilməsi zamanı tələbələrin yalnız dövlət ümumi təhsil müəssisələrində deyil, özəl təhsil müəssisələri və liseylərdə də iştirakı təmin olunur.
Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin təcrübəsi isə ixtisasın xüsusiyyətlərinə uyğun olaraq istehsalat təcrübəsi formasında müxtəlif dövlət qurumlarında təşkil ediləcək.
Bununla yanaşı, cari tədris ilində tələbələrin təcrübəsinin təşkili və keçirilməsi ilə bağlı qeyd olunan struktur dəyişikliyindən əlavə köklü yeniliklərin tətbiqi nəzərdə tutulmur".
Azərbaycan Dövlət Turizm və Menecment Universitetindən (ATMU) verilən məlumata əsasən, Azərbaycan Turizm və Menecment Universitetində istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərinin praktiki fəaliyyətlə əlaqələndirilməsin məqsədilə müvafiq ixtisaslar üzrə tədris planlarına uyğun olaraq təşkil edilir:
"Universitetdə istehsalat təcrübəsinin keçirilmə müddəti və başlanma vaxtı ixtisasların xüsusiyyətləri, tədris proqramlarının tələbləri nəzərə alınmaqla müəyyənləşdirilir. Belə ki, Qida məhsulları mühəndisliyi, Sosial iş, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi IV kurs tədris ilinin ikinci semestrində, yəni fevral ayından etibarən başlayır və 15 həftə müddətində davam edir.
Turizm işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi isə III kursda may ayından başlayaraq ümumilikdə 22 həftə müddətində həyata keçirilir. Tərcümə və Turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsi tədris ilinin IV kurs tədris ilinin ikinci semestrində yəni fevral ayından etibarən başlayır və 15 həftə müddətində davam edir və may ayının sonunda yekunlaşır. Maliyyə, Menecment, Dövlət və bələdiyyə idarəetməsi, Marketinq ixtisasları üzrə istehsalat təcrübəsi IV kursun ikinci semestrində may ayında təşkil olunur və 4 həftə müddətini əhatə edir".
Xəzər Universitetindən bildirilib ki, mühəndislik ixtisasları üzrə istehsalat təcrübəsi III kursun yay semestrində təşkil olunur.
"Təcrübə iyulun 1-dən başlayır və 8 həftə davam edir. Bu il istehsalat təcrübəsinin təşkili ilə bağlı hər hansı yenilik nəzərdə tutulmur. Pedaqoji təcrübə Xəzər Universitetinin Dünya Məktəbində, filologiya ixtisası üzrə təcrübə isə müxtəlif təşkilatlarda keçirilir. Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsində tələbələrin istehsalat təcrübəsi yay aylarında, III kursun sonunda bir ay müddətində təşkil edilir. Həmin vaxta qədər tələbələr əsasnamədə nəzərdə tutulan minimum orta balı toplamalı və digər şərtləri yerinə yetirməlidirlər.
Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti fakültəsində klinik və istehsalat təcrübələri təsdiq edilmiş tədris planına uyğun olaraq V kursda təşkil edilir.
Klinik təcrübə: Oktyabrın 6-dan noyabrın 24-dək baytarlıq klinikalarında, heyvan xəstəxanalarında, heyvandarlıq təsərrüfatlarında və zooloji parklarda keçirilir. Təcrübə xəstəliklərin diaqnostikası və müalicəsi, cərrahi müdaxilələr, eləcə də profilaktik tədbirləri əhatə edir.
İstehsalat təcrübəsi: Martın 2-dən mayın 11-dək heyvandarlıq, quşçuluq, arıçılıq, ət və süd emalı müəssisələrində, laboratoriyalarda və elmi-tədqiqat institutlarında keçirilir. Təcrübə baytarlıq-sanitariya nəzarəti, qida təhlükəsizliyi və biotəhlükəsizlik sahələrində praktiki bacarıqların inkişafına yönəldilir.
Gələcək perspektivlər: Yerli və xarici müəssisələrlə əməkdaşlığın genişləndirilməsi, təcrübə bazalarının artırılması, təcrübə proqramlarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, elektron təcrübə gündəliyinin tətbiqi, mentorluq və qiymətləndirmə sisteminin inkişaf etdirilməsi, eləcə də beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi təklif olunur".
ADA Universitetindən bildirilib ki, tələbələrin təcrübə proqramı Akademik Təcrübə Proqramı (Academic Internship) adlanır.
"Tələbələr əsasən 3-cü kursdan etibarən yaz və yay dövrlərində təcrübə proqramında iştirak edirlər.
Təcrübə proqramı minimum 4 həftə və 120 saat davam etməlidir.
Təcrübə yerinin tapılması, müraciət edilməsi və proqramda iştirak əsasən tələbələrin öz məsuliyyətindədir. Bununla yanaşı, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi dövlət qurumları və özəl şirkətlərlə əməkdaşlıq edərək tələbələr üçün təcrübə imkanları yaradır və bu imkanları universitetin daxili karyera portalında paylaşır.
Təcrübə proqramı dərslərlə paralel keçirilə bildiyi üçün tələbələrin əksəriyyəti yay dövründə təcrübə keçməyə üstünlük verir.
Hazırda Akademik Təcrübə Proqramının təşkili və keçirilməsi ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur".