"İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır”.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu 2026-da çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda ixtisas seçimi zamanı abituriyentlərin gələcək peşə maraqları və əmək bazarının tələbləri hər zaman nəzərə alınmır.
Onun sözlərinə görə, şagirdlərdən gələcəkdə kim olmaq istədikləri soruşulduqda bəzən konkret peşə adı əvəzinə hansı ixtisas qrupu üzrə imtahan verəcəklərini bildirirlər. Bu yanaşma isə uzunmüddətli perspektivdə əmək bazarında ciddi problemlərə səbəb ola bilər.
Emin Əmrullayev qeyd edib ki, insan seçdiyi peşəni sevməli, ixtisas seçimini yalnız ali məktəbə qəbul olmaq məqsədi ilə etməməlidir. O, mövcud yanaşmanı ixtisasların şərti olaraq “vertikal seçim alqoritmi” ilə əlaqələndirib. Belə ki, bir ixtisasa qəbul ola bilməyən abituriyent balına uyğun olaraq başqa, bəzən isə maraq və bacarıqlarına uyğun gəlməyən sahəni seçir.
Nazir yüksək bal toplayan abituriyentlərin baytarlıq kimi ixtisasları seçməsinə cəmiyyətdə təəccüblə yanaşılmasını da düzgün hesab etmədiyini bildirib.
O vurğulayıb ki, peşə seçimi zamanı əmək bazarına dair məlumatlardan daha geniş istifadə olunmalıdır. Artıq əvvəlki illərdə müəyyən ixtisasları seçən şəxslərin əməkhaqqı göstəriciləri ilə bağlı məlumatlar mövcuddur.
“Abituriyentlərə seçəcəkləri ixtisas üzrə gələcəkdə hansı əməkhaqqı imkanlarının olduğunu göstərməliyik. Məsələn, 10 il əvvəl müəyyən bal toplayaraq kompüter mühəndisliyini seçən şəxslərlə həmin vaxt aşpazlıq ixtisasına üstünlük verənlərin bugünkü orta əməkhaqlarını müqayisə etmək mümkündür. Bu məlumatlar gənclərin daha düzgün və əsaslandırılmış seçim etməsinə kömək edə bilər”, - deyə nazir bildirib.