Peşə təhsili kənd təsərrüfatının kadr təminatında mühüm rol oynayır.
AzEdu.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Peşə Təhsili Forumu 2026 tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, peşə təhsili, ümumilikdə isə kadr hazırlığı hər bir iqtisadi sektorun inkişafının əsasını təşkil edir. Bu baxımdan kənd təsərrüfatı sahəsində də peşə təhsili xüsusi əhəmiyyət daşıyır.
Nazir müavini qeyd edib ki, peşə təhsili iqtisadiyyatın kadr təminatı, gənclərin məşğulluğu və regionların inkişafı baxımından mühüm rol oynayır. Forumun da dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə peşə təhsilinin inkişafı istiqamətində mövcud çağırışların və imkanların müzakirəsinə xidmət etdiyini bildirib.
Zaur Əliyevin sözlərinə görə, ölkədə məşğul əhalinin təxminən 35 faizi kənd təsərrüfatı sektorunda çalışır:
“Bu göstərici sektorun kadr təminatına və peşəkar mütəxəssislərə olan ehtiyacının nə qədər böyük olduğunu göstərir. Kənd təsərrüfatının ehtiyac duyduğu kadr profilinə nəzər saldıqda müxtəlif bilik, bacarıq və səriştələrə malik peşə təhsilli mütəxəssislərin hazırlanması ön plana çıxır”.