45 ölkənin birgə hazırladığı peşə və texniki təhsil üzrə beynəlxalq standartlar çərçivəsi açıqlanıb. “Pekin Sazişi” adlanan sənəd Çin rəhbərliyi ilə hazırlanmış ilk beynəlxalq peşə təhsili standartları çərçivəsidir.
AzEdu.az xəbər verir ki, sənəd Çinin Tyantszin şəhərində keçirilən 2026-cı il Dünya Peşə və Texniki Təhsilin İnkişafı Konfransının bağlanış mərasimində təqdim olunub.
Saziş peşə təhsilinin inkişafı, təhsilalanların hərtərəfli inkişafı və sosial bərabər imkanların genişləndirilməsini əsas məqsədlər kimi müəyyənləşdirir. Sənəddə ömürboyu təhsil və təlim sisteminin yaradılması, tədris materiallarının sənaye ilə əməkdaşlıq çərçivəsində hazırlanması, eləcə də süni intellektin tədris prosesində tətbiqi təklif olunur.
Çin Təhsil Nazirliyinin məlumatına görə, sənəd peşə təhsilinin təşkili, idarə olunması, dəstəklənməsi və tətbiqi ilə bağlı beynəlxalq səviyyədə aktual məsələləri əhatə edir.
Çində 10 mindən çox peşə təhsili müəssisəsi fəaliyyət göstərir və burada 30 milyondan çox tələbə təhsil alır. Nazirliyin bildirdiyinə görə, bu müəssisələr ölkədə hər il işə başlayan yeni ixtisaslı fəhlə kadrlarının 70 faizindən çoxunu hazırlayır.
Sənəddə peşə ixtisaslarının ölkələr arasında daha geniş tanınması və ixtisaslı işçi qüvvəsinin sərhədlərarası hərəkətinin asanlaşdırılması da vacib istiqamətlər kimi qeyd olunur.