Azedu.az

Komitə sədrindən çağırış: Qızların təhsilinə dəstək imkanlarını genişləndirin

AzEdu Təhsil Platforması

22 Oktyabr 2026, 16:55
Komitə sədrindən çağırış: Qızların təhsilinə dəstək imkanlarını genişləndirin

“Müasir dövrdə qızların yeni texnologiyalara və əmək bazarının dəyişən tələblərinə uyğun hazırlanması əhəmiyyət kəsb edir”. 

AzEdu.az xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar, süni intellekt, elmi yeniliklər və əmək bazarının yeni tələbləri gənclərdən çevik düşüncə, yaradıcı yanaşma, texnoloji savadlılıq və daim öyrənmək bacarığı tələb edir: “Qızlarımızın elmə, mühəndisliyə, informasiya texnologiyalarına, hüquqa və digər perspektivli sahələrə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, gənclərin qazandıqları bilikləri praktik bacarıqlara çevirməsinə, peşəkar mühitlə tanış olmasına və təcrübə qazanmasına şərait yaradılmalıdır”.

B.Muradova ali təhsil müəssisələrini, dövlət qurumlarını və özəl sektoru qızların təhsilinə və peşəkar inkişafına dəstək imkanlarını genişləndirməyə çağırıb: “Dövlət qurumlarını öz fəaliyyət sahələrinə uyğun dəstək imkanlarını genişləndirməyə, ali təhsil müəssisələrini əməkdaşlıq və peşəkar inkişaf proqramlarını artırmağa, sahibkarları və şirkətləri təcrübə və mentorluq imkanları yaratmağa, uğur qazanmış qadınlarımızı isə bilik və təcrübələrini gənc nəsillə bölüşməyə dəvət edirəm”.

Komitə sədri əlavə edib ki, qızların təhsil imkanlarının genişləndirilməsi və cəmiyyət həyatında fəal iştirakının təmin olunması üçün dövlət qurumları ilə yanaşı, ailələrin, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və özəl sektorun birgə əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox