Azedu.az

Qızların təhsilinə dəstək gələcək nəsillərin savadlı olmasına xidmət edir

AzEdu Təhsil Platforması

22 Oktyabr 2026, 16:04
Qızların təhsilinə dəstək gələcək nəsillərin savadlı olmasına xidmət edir

“İnsanlar həyata fərqli şəraitdə başlayırlar. Doğulduğumuz ailəni, böyüdüyümüz sosial mühiti seçmirik. Bu fərqlər bəzən qarşımıza qoyduğumuz məqsədlərə çatmaqda müəyyən çətinliklər yaradır. Təhsilin ən mühüm prinsiplərindən biri isə bərabərlikdir. “Qızların təhsilinə dəstək” layihəsi vasitəsilə bu fərqlərin təsirini müəyyən qədər azaltmağa, qızlarımızın öz potensiallarını reallaşdırmasına və gələcəkdə uğur qazanmalarına dəstək olmağa çalışırıq”.

AzEdu.az xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, bu il layihəyə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı da qoşulub. Yeni tərəfdaşın dəstəyi layihənin davam etdirilməsinə əlavə təkan verəcək.

N.Məmmədli qeyd edib ki, fond təhsilin keyfiyyətinin yüksəldilməsi və infrastrukturun inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirsə də, “Qızların təhsilinə dəstək” təşəbbüsü xüsusi əhəmiyyət daşıyır:

“Bu layihənin bizim üçün önəmi həm də tarixi varislik funksiyası daşımasıdır. O, keçmişimizlə bu günümüz arasında əlaqə yaradır, eyni zamanda gələcəyə körpü qurur. Layihə vasitəsilə Hənifə Məlikova-Zərdabi kimi maarifçilərimizin gördükləri işləri xatırlayır və onların başladığı yolu davam etdirməyə çalışırıq”.

Fondun rəhbəri qızların təhsilinə göstərilən dəstəyin uzunmüddətli əhəmiyyətini də vurğulayıb:

“Qızların təhsilinə qoyulan hər bir sərmayə gələcək nəsillərin daha savadlı və hazırlıqlı yetişməsinə xidmət edir. Təhsilli qadınların övladlarının inkişafında mühüm rolu var. Bu baxımdan layihə çərçivəsində göstərilən dəstəyin yalnız iştirakçıların deyil, bütövlükdə cəmiyyətimizin gələcəyinə töhfə verəcəyinə inanırıq”.

N.Məmmədli layihənin həyata keçirilməsində Təhsilin İnkişafı Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və özəl sektor nümayəndələrinin əməkdaşlığını yüksək qiymətləndirib. O, dövlət–özəl tərəfdaşlığının bu cür təşəbbüslərin inkişafında mühüm rol oynadığını bildirib.

Fondun rəhbəri layihə iştirakçılarının gələcəkdə özlərinin də digər qızların təhsilinə dəstək verəcəklərinə inandığını qeyd edib:

“İnanırıq ki, bu layihə iştirakçıların həyatında mühüm dönüş nöqtəsinə çevriləcək. Onlar gələcəkdə peşəkar fəaliyyətlərində uğur qazandıqda, rəhbər vəzifələrdə çalışdıqda və ya sahibkar olduqda vaxtilə aldıqları dəstəyi xatırlayaraq özlərindən sonra gələn nəslin təhsilinə və inkişafına töhfə verəcəklər”.

Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!
Son xəbərlərDaha çox