Azedu.az

Uşaqların təhsilinə təsir göstərən amillərin araşdırılması vacibdir- NAZİR

AzEdu Təhsil Platforması

22 Oktyabr 2026, 15:58
Uşaqların təhsilinə təsir göstərən amillərin araşdırılması vacibdir- NAZİR

“Son PISA qiymətləndirməsinin nəticələrində ilk dəfə olaraq Azərbaycanda 15 yaşlı qızların göstəriciləri oğlanların nəticələrini üstələyib. Fərq böyük olmasa da, bu, qızların təhsili və təhsil imkanlarında gender balansının təmin olunması baxımından müsbət göstəricidir”.

AzEdu.az xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, beynəlxalq qiymətləndirmələrin nəticələri qızların təhsil imkanlarının genişləndirilməsinin əhəmiyyətini bir daha göstərir:

“Bir çox ölkələrdə ibtidai siniflərdə qızların oxu üzrə nəticələri oğlanlardan yüksək olur. Lakin sonrakı yaş dövrlərində bu fərq dəyişə bilir. Bu baxımdan 10–15 yaş aralığında uşaqların təhsil nəticələrinə təsir göstərən sosial və digər amillərin araşdırılması vacibdir”.

E.Əmrullayev qeyd edib ki, qızların təhsilinə yönəlmiş tədbirlərin davamlılığı gələcəkdə onların cəmiyyətin müxtəlif sahələrində daha fəal təmsil olunmasına şərait yarada bilər:

“Bu gün 15 yaşında olan qızların gələcəkdə - 35–40 yaşlarında dövlət və özəl sektorda, eləcə də ictimai həyatda rəhbər vəzifələrdə daha geniş təmsil olunacaqlarını gözləmək olar. Lakin bunun üçün mövcud istiqamətin qorunması və qızların təhsilinə dəstəyin davamlı olması mühüm əhəmiyyət daşıyır”.

Ərdoğanın partiyasında təmizləmə əməliyyatı - Saxlanılanlar var
Son xəbərlərDaha çox