“Qızların təhsilindən danışarkən yalnız təhsilin maliyyələşdirilməsi və ya əlavə təqaüdlərin ayrılması ilə kifayətlənməməliyik. Təqaüd proqramlarından yararlanan qızların liderlik xüsusiyyətlərinin və bacarıqlarının inkişafı da xüsusi diqqətdə saxlanılmalıdır. Çünki uğur qazanmaq üçün yalnız bilik kifayət etmir. Qarşıya çıxan problemləri müəyyənləşdirmək, onların həlli istiqamətində addımlar atmaq və liderlik bacarıqlarına yiyələnmək də mühüm əhəmiyyət daşıyır”.
AzEdu.az xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, beş il əvvəl az sayda iştirakçı ilə fəaliyyətə başlayan “Qızların təhsilinə dəstək” layihəsinin əhatə dairəsi artıq yüzlərlə qızı əhatə edəcək səviyyəyə çatıb:
“Layihənin əsas məqsədi müxtəlif səbəblərdən təhsilini davam etdirməkdə çətinlik çəkən qızlara dəstək göstərməkdir. Qızların təhsilinə yatırılan vəsait yalnız bir insanın həyatına deyil, gələcək nəsillərin inkişafına da təsir göstərir. Təhsilli qadınlar övladlarının daha savadlı və müstəqil şəxsiyyət kimi yetişməsində mühüm rol oynayırlar”.
E.Əmrullayev layihə iştirakçılarının gələcəkdə digər qızların inkişafına da dəstək göstərəcəklərinə inandığını bildirib:
“İnanıram ki, hər biriniz gələcək karyeranızda və peşə fəaliyyətinizdə uğur qazanacaq, sizdən sonra gələn nəsildəki qızlara da oxşar dəstəyin göstərilməsində iştirak edəcəksiniz”.
Nazir qızların təhsilinin dəstəklənməsində dövlət qurumları, təhsil müəssisələri, ailələr və özəl sektor arasında əməkdaşlığın vacibliyini də vurğulayıb:
“Bu cür təşəbbüslərdə özəl sektorun iştirakı olduqca vacibdir. Layihənin maliyyələşdirilməsinə töhfə verən özəl sektor nümayəndələrinə təşəkkür edirəm. Bütün qurumları qızların təhsilini prioritet istiqamət kimi saxlamağa çağırıram. Qızların və qadınların inkişafı bütövlükdə ölkəmizin və cəmiyyətimizin inkişafına xidmət edir”, - deyə nazir qeyd edib.