Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq ediləcək.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov qeyd edib ki, bu mexanizm bir müddət əvvəl ali məktəblərdə tətbiq olunurdu:

"İndi isə artıq ümumi təhsil müəssisələrində də onun tətbiq olunduğunun şahidiyik. 2024-cü ildən başlayaraq dövlət büdcəsi və digər mənbələr hesabına maliyyələşən ümumi təhsil müəssisələrində proses mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.
Belə ki, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək. Burada artım əmsalından da söhbət gedir.
Bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı, maliyyələşdirmə prinsipləri, həmçinin həmin xərclərə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiqi qaydalarının hazırlanması nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi də hər dövlət təqvim ili üzrə büdcə formalaşdırılarkən bu məsələ üzərində işləməli, dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi isə bu fərmanın icrasından irəli gələn tədbirləri həyata keçirəcək və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməni təmin edəcək.
Ümumilikdə, bu, yeni bir yanaşmanı özündə ehtiva edir. Artıq ümumi təhsil məktəbləri də adambaşına maliyyələşmə sisteminə keçir. Yeni yanaşmanın əsas məqsədi adambaşına maliyyələşdirmə prinsipinin tətbiqidir.Bu istiqamətdə prosedurlar Nazirlər Kabineti tərəfindən hazırlanacaq, Elm və Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi tərəfindən müvafiq siyahılar təqdim ediləcək və həmin siyahılar əsasında maliyyələşmə həyata keçiriləcək".
Təhsilin idarə olunması üzrə mütəxəssis Adil Vəliyev bildirib ki, Cənab Prezidentin imzaladığı fərmana əsasən, məktəblərin maliyyələşməsi şagird sayına uyğun hesablanacaq:

"Hər şagird üçün illik maliyyə məbləği hesablanacaq.Bu məbləğin rayon məktəbləri üçün fərqli, şəhər məktəbləri üçün fərqli hesablanacağını düşünürəm. Əvvəlki hesablamalarda şagird sayı deyil, məktəb xərcləri və s. nəzərə alınırdı, indi isə aşağıdakı kimi hesablama nəzərə alınacaq.
Məsələn, A məktəbində 300 şagird var və 1 şagird üçün illik maliyyələşmə 1000 manat təşkil edirsə, A məktəbinin illik maliyyələşməsi 300 min olaraq nəzərə alınacaq.Təbii ki, bu proses Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək".