“İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi əsas prioritetlərimizdəndir”.
AzEdu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran əsas prioritet vəzifələrdən biridir.
Onun sözlərinə görə, bu istiqamətdə dövlət sektorunda fəaliyyət göstərən, o cümlədən həmin ərazilərdə iş yerləri yaradan işəgötürənlərlə hər ay görüşlər keçirilir.
Anar Əliyev qeyd edib ki, görüşlər zamanı yaradılan iş yerləri, mövcud vakansiyalar, əməkhaqqı şərtləri, eləcə də işçilərdən tələb olunan bilik və bacarıqlar barədə məlumatlar toplanır. Daha sonra bu tələblərə uyğun olaraq keçmiş məcburi köçkünlərlə iş aparılır.
Nazir vurğulayıb ki, həmin ərazilərdə kadr təminatının həyata keçirilməsində peşə hazırlığı proqramları mühüm rol oynayır.
“İxtisas uyğunsuzluğunun aradan qaldırılması yolunun məhz işçi qüvvəsinin öyrədilməsindən keçdiyinə inanırıq”, - deyə Anar Əliyev bildirib.