“1971-ci ildə Azərbaycanda 54 yeni peşə təhsili müəssisəsi fəaliyyətə başlayıb”.
AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda peşə təhsilinin institusional ənənəsinin əsası 180 il əvvəl qoyulub. Xüsusilə, 1969-cu ildən etibarən bu sahənin inkişafında mühüm mərhələ başlayıb:
“İlk təcrübi peşəçilik məktəbinin açılması ilə Azərbaycanda peşə təhsilinin institusional ənənəsi formalaşmağa başlayıb. Həmin tarixdən 180 ildən artıq müddət keçib.
XIX əsrin sonlarında neft sənayesinin inkişafı ilə şəhərlərdə sənət məktəblərinin şəbəkəsi genişlənməyə başlayıb. XX əsrin əvvəllərində isə bu şəbəkə daha da böyüyüb.
Düşünürəm ki, peşə təhsilinin əhəmiyyətli dərəcədə genişlənməsi 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonrakı dövrə təsadüf edir. Həmin vaxt Azərbaycanda genişmiqyaslı sənayeləşmə prosesinə start verilib. Bu da sənaye sahələrində çalışacaq ixtisaslı və təcrübəli kadrlara tələbatı əhəmiyyətli dərəcədə artırıb.
Ulu Öndər bu ehtiyacı nəzərə alaraq milli kadr hazırlığı proqramının həyata keçirilməsi ilə bağlı müvafiq göstəriş verib. Həmin dövrdə xeyli sayda azərbaycanlı gənc SSRİ-nin qabaqcıl universitetlərində təhsil almaq üçün müxtəlif şəhərlərə göndərilib. Eyni zamanda, ölkə daxilində peşə təhsilinin inkişafı istiqamətində də mühüm işlər görülüb.
Təkcə 1971-ci ildə ölkə üzrə 54 yeni peşə təhsili müəssisəsi fəaliyyətə başlayıb. Bu, həmin dövr üçün kifayət qədər böyük göstərici idi.
Sonrakı illərdə də peşə təhsilinə diqqət davam etdirilib. Belə ki, 1970-ci ildə ölkədə peşə təhsili alanların sayı 41 minə yaxın olduğu halda, 1982-ci ildə bu rəqəm 110 minə çatıb. Peşə təhsili müəssisələrinin sayı isə 180-i ötüb.
Bütün bunlar bir daha Ümummilli Lider Heydər Əliyevin peşə təhsilinə göstərdiyi diqqətin bariz nümunəsidir”.