ABŞ-li tədqiqatçılar belə qənaətə gəliblər ki, müntəzəm olaraq musiqi alətlərində ifa edən uşaqlar intellekt, işçi yaddaş və tədris bacarıqlarını qiymətləndirən testlərdə orta hesabla daha yüksək nəticələr göstərirlər.
AzEdu.az xəbər verir ki, araşdırmanın nəticələri "Developmental Cognitive Neuroscience" jurnalında dərc olunub.
Tədqiqata 7-9 yaş aralığında olan 175 uşaq cəlb edilib. Valideynlərin məlumatına görə, onlardan 38-i musiqi alətlərində ifa edir və həftədə ən azı yarım saatını bu məşğuliyyətə ayırır.
Uşaqlar arasında ən populyar musiqi aləti fortepiano olub. Daha az hallarda isə skripka, violonçel, gitara və ukulele seçilib.
Musiqi ilə məşğul olan uşaqlar ümumi intellekt, şifahi anlama, məkan təfəkkürü və işçi yaddaş üzrə sınaqlarda daha yüksək nəticələr əldə ediblər. Onlar, həmçinin oxu, riyaziyyat və yazılı nitq tapşırıqlarını daha uğurla yerinə yetiriblər.
Alimlər bəzi iştirakçıların beyin görüntülərini də təhlil ediblər. Musiqi hazırlığı olan uşaqlarda hərəkətə və səslərin emalına cavabdeh beyin sahələrini birləşdirən sinir liflərinin strukturunda müəyyən fərqlər müşahidə olunub. Lakin əlavə statistik yoxlamalardan sonra bu fərqlərin etibarlılığı təsdiqlənməyib.
Tədqiqat müəllifləri xüsusi olaraq vurğulayıblar ki, araşdırma musiqi dərslərinin uşaqların əqli bacarıqlarını birbaşa artırdığını sübut etmir. Nəticələrə ailə dəstəyi və uşaqların əlavə təhsil proqramlarında iştirakı kimi digər amillər də təsir göstərə bilər.
Bundan başqa, tədqiqatçılar uşaqların musiqi ilə nə qədər müddətdir məşğul olduqlarını və musiqi alətlərində ifa səviyyələrini qiymətləndirməyiblər.